“Yaşıl dil” ictimai şüuru formalaşdırmaq, düşüncə və davranışımızı dəyişdirmək və bu istiqamətdə fəaliyyətə həvəsləndirmək üçün əhəmiyyətli vasitədir. O, təbiətlə əlaqəmizi anlamağa və daha davamlı gələcək yaratmaqda fəal iştirak etməyə kömək edir. “Yaşıl dil”in inkişafı ekoloji texnologiyaların populyarlaşmasına kömək edir, yaşıl texnologiyalar isə öz növbəsində, dili yeni termin və anlayışlarla zənginləşdirir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş növbəti şöbə seminarında institutun əməkdaşı Fidan Elləzova məlumat verib. F.Elləzova institutun böyük elmi işçisi Əfruz Qurbanova və baş mütəxəssis Mehriban Bağırova ilə həmmüəllif olduğu məruzədə “yaşıl dil” və yaşıl texnologiyaların qarşılıqlı əlaqəsindən bəhs edib. Bildirib ki, yaşıl texnologiyaların “yaşıl dil”in inkişafına təsiri yeni söz və ifadələrin yaranmasına, problemlərin həll yollarına istiqamətlənməyə, yeni metaforaların yaradılmasına, eləcə də ekoloji şüurun formalaşmasına imkan verir.
“Dilin yaşıllaşdırılması ekoloji səbəbləri təşviq etmək və daha davamlı gələcək yaratmaq üçün mühüm vasitədir”, - deyə tədqiqatçı bildirib. O, dilin yaşıllaşdırılmasının dildən şüurlu istifadə, dilin yeni məna çalarları ilə zənginləşdirilməsi, ətraf mühitin davamlılığını təşviq edən dil siyasəti, ekoloji savadlılığın artırılması kimi əsas aspektlərini diqqətə çatdırıb.
“Yaşıl dil”in yaşıl texnologiyaların inkişafında rolu haqqında məlumat verən F.Elləzova bildirib ki, o, innovasiyaları stimullaşdırır, məlumatlılığı artırır, ictimai qavrayışı formalaşdırır, müxtəlif icmalar arasında əməkdaşlığı sürətləndirir. F.Elləzova yaşıl texnologiyaların dildə yeni ifadələrin və metaforaların yaranmasına təkan verdiyini qeyd edib, insanın və ya təşkilatın ekoloji şüurunu təsvir etmək üçün istifadə olunan “yaşıl vicdan”, o cümlədən insan və təbiət arasındakı əlaqəni dərk etməyi, eləcə də ətraf mühitə hörmət etməyi nəzərdə tutan “yaşıl şüur” və onun dilə təsiri barədə də danışıb. Əlavə edib ki, “yaşıl şüur” biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinin yumşaldılması, təkmilləşdirilmiş həyat keyfiyyəti, davamlı gələcək yaratmaq, təbii resursların qorunması baxımından olduqca vacibdir.
Tədqiqatçı həmçinin sosial medianın “yaşıl dil”in inkişafında mühüm rol oynadığını, onu inkişaf etdirmək və ekoloji səbəbləri təbliğ etmək üçün önəmli vasitə olduğunu vurğulayıb, ekoloji ideyaların qlobal səviyyədə effektiv yayılmasına mane olan amillərdən bəhs edib. Məruzəçinin sözlərinə görə, süni intellektin imkanlarından istifadə etməklə ekoloji maarifləndirmə işlərini genişləndirmək, davamlı davranışı təşviq etmək və ekoloji problemləri həll etmək üçün innovativ alətlər və strategiyalar inkişaf etdirmək mümkündür.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.