Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları müzakirə olunub

19 Sentyabr 2024 - 10:54 | Konfranslar, İclaslar
Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunda “Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanlarının genişləndirilməsi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə transliterasiyanın müxtəlif dillərin qrafikalarında yazılmış mətnlərin Roman-german dillərinin (ingilis) istifadə etdiyi qrafikalarda təqdim edildiyi və əsrlər boyu istifadə olunan linqvistik proses olduğunu bildirib. Qeyd edib ki, transliterasiya müvafiq ad və texniki terminlərin qarşılığının tapılmasında, maşın tərcüməsi və dillərarası məlumat mübadiləsi üçün dəstəkləyici vasitə kimi böyük əhəmiyyət kəsb edir.

Çoxdilli transkripsiya və transliterasiya sistemləri üçün avtomatik transkripsiya və transliterasiya modelləri haqqında məlumat verən məruzəçi bu modellərdə istifadə olunan çoxdilli tələffüz (heca) və seqmentləşdirmə modeli, beynəlxalq fonetik əlifbanı əks etdirən qayda-əsaslı yanaşma, müxtəlif dillər üzrə simvolların fonetik keyfiyyətlərini əks etdirən fonem ontologiyası, o cümlədən fonem-əsaslı adların uzlaşma alqoritmi kimi qabaqcıl üsul və ya alətləri diqqətə çatdırıb.

S.Məmmədzadə ekspret sistemlərinin əsas komponenetlərindən bəhs edib və bu sistemlərin blok sxemini təqdim edib. O, Azərbaycan dilinin digər dillərlə transliterasiyası üçün ekspert sistemlərinin transliterasiya üzrə qayda bazasının formalaşması  məqsədilə müvafiq sahə ekspertləri tərəfindən qəbul olunmuş şərtlər barədə danışıb.

Tədqiqatçı yeni və əlavə qaydaların sistemə daxil edilməsi zamanı ikidilli hallarda transliterasiya ekvivalentlərinin tapılması məqsədilə sahələr üzrə alt-modulların sistemə daxil edilməsi zərurətinin yarandığını qeyd edib. S.Məmmədzadə fars və ərəb dili qrafikaları üçün transliterasiya qaydalarının avtomatik təkmilləşdirilməsi yolları barədə məlumat verib. Bildirib ki, bu zaman konvertasiya dəqiqliyinin artırılması məqsədilə hazır Azərbaycan-fars/fars-Azərbaycan tərcümə lüğətinin tətbiqi, eləcə də qeyri-səlis ekspert sistemləri vasitəsilə generativ yolla sözün konvertasiyasının  həyata keçirilməsi mümkündür.

“Avtomatik transliterasiyanı dəstəkləyən ekspert sisteminin biliklər bazası ilə qarşılıqlı əlaqədə olan verilənlər bazası kimi təmsiledilmə mərhələləri avtomatik mətn emalı alqoritminə əsaslanır”, - deyən məruzəçi bu kimi ekspert sisteminin biliklər bazası ilə qarşılıqlı əlaqəsi sxemini də təqdim edib.

Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.