İnformasiya Texnologiyaları İnstitutunda “Li-Fi texnologiyası: mövcud vəziyyəti, tətbiq sahələri və problemlər” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
Məruzəni təqdim edən institutun proqramçısı Təbriz Ağaşov naqilsiz rabitə yaratmaq və cihazlar arasında məlumat ötürmək üçün LED lampalar və işıqlardan istifadə edən ən son naqilsiz optik şəbəkə texnologiyası olan Li-Fi-ın (Light Fidelity) ilk dəfə Edinburq Universitetinin professoru Harald Haas tərəfindən 2011-ci ildə təqdim edildiyini bildirib. Məruzəçinin sözlərinə görə, Wi-Fi-dan fərqli olaraq, Li-Fi texnologiyası siqnal ötürmək üçün radio tezliklərindən istifadə etmir. Bu texnologiyada optik rabitə işıq dalğaları vasitəsilə məlumat ötürülməsinə yönəldilib.
T. Ağaşov Lİ-Fİ şəbəkəsində istifadə olunan qurğular və bu texnologiyanın arxitekturası haqqında ətraflı məlumat verib, onun iş prinsipini diqqətə çatdırıb. Qeyd edib ki, Li-Fi texnologiyasında LED lampaya qoşulmuş xüsusi bir ötürücü sayəsində internet işıq vasitəsilə istifadəçiyə sürətli və təhlükəsiz məlumat ötürülməsini təmin edir.
Li-Fi texnologiyasının tətbiq sahələrindən söz açan məruzəçi bu texnologiyanın tibb, hava nəqliyyatı, “ağıllı” elektrik şəbəkələri, sualtı mühit, ictimai nəqliyyatda istifadə oluna biləcəyini vurğulayıb. O, naqilsiz rabitə texnologiyasının iki fərqli forması olan Li-Fi və Wi-Fi texnologiyalarının müqayisəli analizini aparıb. Bildirib ki, hazırda saniyədə 2 Gigabit sürətə çata bilən Wi-Fi texnologiyasından fərqli olaraq, Li-Fi texnologiyasının laboratoriya sınaqlarında saniyədə 224 Gigabit/s qədər sürət əldə edilir. T. Ağaşov həmçinin əlavə edib ki, Wi-Fi texnologiyasında olduğu kimi, Li-Fi texnologiyası da fasiləsiz əlaqəni təmin edərək, məlumatların təhlükəsizliyində mühüm rol oynayır.
O. Li-Fi-ın çatışmazlıqlarını da diqqətə çatdıraraq qeyd edib ki, bu texnologiyanın əsas problemlərindən biri işıq vasitəsilə məlumat ötürmə prinsipi ilə əlaqəli işıqlandırma şərtləridir: “Qaranlıqda, kifayət qədər işıq olmadıqda, Li-Fi-ın işində problemlər yarana bilər. Bu, texnologiyanın bir çox ərazidə yerləşdirilməsini çətinləşdirə və müstəqil rabitə xidmətlərinin göstərilməsini məhdudlaşdıra bilər”.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.