“Cisco DNA Spaces” platforması ilə bağlı araşdırmalar aparılır

04 Aprel 2024 - 14:06 | Konfranslar, İclaslar
“Cisco DNA Spaces” platforması ilə bağlı araşdırmalar aparılır

“Cisco DNA Spaces” Cisco” şirkəti tərəfindən təqdim edilən platforma olub “Digital Network Architecture”in bir hissəsidir. Bu platforma müxtəlif sənayelərdəki müəssisələrdə müştəri davranışlarını izləmək, əməliyyatları optimal hala gətirmək və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün istifadə olunur. “Cisco DNA Spaces” böyük müştəri dəstəyi şəbəkəsinə malik olub istifadəçilərini 24/7 texniki dəstəklə təmin edir.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunda “Cisco DNA Spaces” mövzusuna həsr olunmuş elmi seminarda məlumat verilib.

Şöbənin əməkdaşı Sahib Əliyev məruzəni təqdim edərək bildirib ki, platformada bütün xidmətlərə giriş vahid, intuitiv idarəetmə paneli vasitəsilə təmin edilir. “Cisco Aironet” , “Cisco Catalyst” və “Meraki” simsiz giriş nöqtələrinə uyğun olan bu bulud əsaslı platforma istənilən müəssisəyə öz daxilində baş verən prosesləri izləmək, bunun əsasında fəaliyyət göstərmək və müəssisənin imkanlarını genişləndirmək imkanı verir.

Sonra “Cisco DNA Spaces”in tətbiq sahələrindən bəhs edən məruzəçi təhsil, səhiyyə, pərakəndə satış sənayesi, eləcə də “ağıllı” iş yerlərində proqramdan istifadə oluna biləcəyini diqqətə çatdırıb: “Təhsil müəssisələrində tələbələrin davranışlarını izləyərək müəssisənin təhlükəsizliyini artırmaq, eləcə də müəssisə daxilindəki resurslardan daha effektiv istifadəni təmin etmək mümkündür. Davamiyyətin izlənilməsi əsasında iştirakın qiymətləndirilməsini də avtomatlaşdırmaq olar. Sağlamlıq müəssisələrində isə bu platforma pasiyent və işçilərin hərəkətlərini izləyərək xəstəxana daxilindəki operativliyi optimallaşdırmağa, təcili vəziyyətlərdə onların yerlərini tez bir zamanda müəyyənləşdirməyə kömək edə bilər. Bununla yanaşı, dərman vasitələrinin xarab olmasının qarşısını almaq üçün soyuducuların, dondurucuların və müəssisənin yerləşdiyi məkanın şəraitinə nəzarət etmək mümkündür.

Daha sonra S.Əliyev platformanın üstünlüklərindən söhbət açaraq burada paylaşılan məxfilik modeli ilə məlumat məxfiliyinə nəzarətin təmin edildiyini vurğulayıb. Onun sözlərinə görə, proqramda xidməti aktivləşdirmək üçün əsas şəbəkə infrastrukturunu təkmilləşdirməyə də ehtiyac yoxdur.

Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzə ilə bağlı fikirlərini bölüşərək mövzunun aktuallığını önə çəkib, tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.