İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq təcrübə əsasında Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri” mövzusuna həsr edilmiş elmi seminar keçirilib. Məruzəni institutun kiçik elmi işçisi Sayalı Quliyeva təqdim edərək müasir Azərbaycan dili və dil siyasəti, Azərbaycan dilinin mənimsənilməsi və qiymətləndirilməsi problemləri, dillərin tədrisi və qiymətləndirilməsində beynəlxalq təcrübə və s. haqqında ətraflı məlumat verib.
Azərbaycan dilinin tədrisində rast gəlinən bəzi çatışmazlıqlara diqqət çəkən S.Quliyeva bildirib ki, buraya dilimizin tədrisinin nitq bacarıqları deyil, dilçilik üzərində qurulması, dil bacarıqlarının inkişaf etdirilməsi və qiymətləndirilməsi metodikasının formalaşdırılmaması, şifahi nitq bacarıqlarının, xüsusilə dinləmə və danışmanın diqqətdən kənarda qalması və s. aiddir.
O, həmçinin, ölkədə həyata keçirilən dil siyasətindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstəyin verilməsi, ölkə vətəndaşları və əcnəbilərin Azərbaycan dili bilikləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılması, beynəlxalq təcrübə və standartlara əsaslanaraq bir neçə meyar üzrə (oxuma, yazma, dinləmə və danışma)dilimizin tədrisi və qiymətləndirilməsi texnologiyalarının işlənilməsi, respublika və xarici ölkə vətəndaşlarına Azərbaycan dili biliklərini inkişaf etdirmələri üçün stimullaşdırıcı mühit və imkanların yaradılması, əmək bazarında müxtəlif peşələr və iş yerlərində Azərbaycan dili bilikləri üzrə tələblərin müəyyənləşdirilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsinin vacib olduğunu qeyd edib.
Sonra tədqiqatçı dil biliklərinin öyrənilməsi və qiymətləndirilməsində istifadə olunan əsas beynəlxalq standartlardan söz açaraq bunlara ILR (Dil məsələləri üzrə Qurumlararası Dəyirmi Masa Şkalası - Interagency Language Roundtable Scale), ACTFL (Xarici Dillərin Tədrisi üzrə Amerika Şurası standartı - American Council on the Teaching of Foreign Languages), həmçinin CEFR (Dillər üzrə Ümumavropa Çərçivəsində Tövsiyələr Toplusu - Common European Framework of References for languages) daxil olduğunu bildirib.
Onun sözlərinə görə, ILR linqvistik xidmətlər məqsədilə müxtəlif dövlət qurumlarının nümayəndələrinin dilçilərlə birgə təşkil etdiyi tövsiyələr toplusudur. ILR Şkalası bütün ABŞ Hökumət təşkilatları üçün standart kimi qəbul olunub. Şkala səviyyələri 0 ilə 5 arasında dəyişir. Vurğulayıb ki, 11 dil biliyi səviyyəsinə malik olan ACTFL dünyada akademik qurumlar, dövlət təşkilatları və özəl korporasiyalar tərəfindən istifadə olunur. Ümumavropa dilləri üçün nəzərdə tutulmuş CEFR isə dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsini nəzərdə tutur. CEFR tövsiyələr toplusu əsasında təşkil olumuş səviyyə imtahanlarına TOEFL, IELTS, TestDaF, TYS və s. aiddir.
S.Quliyeva yuxarıda qeyd olunan beynəlxalq standartlar əsasında Azərbaycan dilinin linqvistik xüsusiyyətlərini nəzərə almaqla “Azərbaycan dili üzrə səviyyə imtahanı”nın təşkilinin vacib olduğunu qeyd edib. Bildirib ki, bu imtahan sistemi xarici dildə təhsil alan şagirdlərin öz təhsillərini davam etdirmələri, miqrantların Azərbaycanda təhsil almaq və ya yaşamaları üçün, eləcə də dövlət idarələrinə, radio və televiziyaya işə qəbul zamanı istifadə oluna bilər.
Daha sonra o, Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində İKT-nin rolundan bəhs edib. Söyləyib ki, bunlara öyrənmə keyfiyyətinin artırılması, dünyada mövcud olan informasiya və biliklərin böyük hissəsinə əlyetərliyin təmin edilməsi, akademik mövzuların və elmi mətnlərin keyfiyyətinin, dəqiqliyinin, o cümlədən qavrama imkanlarının artırılması və s. daxildir.
Sonda tədqiqatçı qeyd edib ki, Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün maşın tərcüməsi sistemlərinin, eləcə də digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi son dərəcə zəruridir. Eyni zamanda Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsində beynəlxalq təcrübənin tətbiqinə dair elektron bazanın yaradılması, dil biliklərinə yiyələnmək üçün köməkçi vəsaitlərin hazırlanması da vacib məsələlərdəndir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.