15-16 noyabr tarixlərində İnformasiya Texnologiyaları İnstitutunda AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə elmmetriya sahəsində aparıcı qurumlardan olan “Clarivate Analytics”in mütəxəssisləri tərəfindən təlim keçirilib. Təlimin keçirilməsində əsas məqsəd ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələrinin “Web of Science” elmmetrik bazasından daha səmərəli istifadəsini təmin etməkdir.
Tədbirdən öncə Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarova institutun iş şəraiti, maddi-texniki bazası və burada həyata keçirilən innovativ layihələrlə yaxından tanış olublar. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi tədqiqatların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu söyləyib, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra Böyük konfrans zalında tədbirin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru Ülkər Səttarova qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutunun müvafiq nazirliklər və qurumlarla, elmi-tədqiqat müəssisələri və ali məktəblərlə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur: “Burada fəaliyyət göstərən yüksək elmi potensiala malik alimlərin prioritet istiqamətlərdə apardıqları tədqiqatlar elm, təhsil və texnologiya sahələrinin inkişafına mühüm töhfələr verir. Ona görə də təlimlərin məhz bu elmi-tədqiqat institutunda keçirilməsi təsadüfi deyil”.
Sonra Ülkər Səttarova cari ildə Elm və Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında müqavilə imzalandığını xatırladıb. Bu müqavilə əsasında Nazirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən bütün elmi-tədqiqat müəssisələri və ali məktəblərin “Web of Science” və “Scopus” elmi bazalarına çıxışının təmin edildiyini söyləyib.
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, bütün dünyada nüfuzlu bazalara çıxışın təmin olunmasının elmin inkişafında mühüm rola malik olduğunu bildirib. Nazirliyin elmi-tədqiqat müəssisələrinə və alimlərə beynəlxalq elmi bazalarla əməkdaşlığın gücləndirilməsi istiqamətində lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. Həmçinin “Clarivate Analytics” şirkəti ilə imzalanmış müqavilənin elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsinə imkan verdiyini nəzərə çatdırıb.
Sonra tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim Elm və Təhsil Nazirliyinin yeni şəraitdə ölkəmizin elm, texnologiya və təhsil siyasətini həyata keçirən innovativ qurum olduğunu, müvafiq istiqamətdə əsaslı islahatlar apardığını söyləyib. Nazirliyin elm və təhsilin inkişafına daha çox resursun cəlb olunması, yüksək intellektual potensiala malik kadrların yetişdirilməsi, ölkənin elmi-tədqiqat və ali təhsil müəssisələri üçün beynəlxalq elmi bazalara çıxış imkanlarının təqdim olunması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib, bu işə dəstək verən hər kəsə minnətdarlığını ifadə edib.
“Elmmetriya elmi-tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin, elmi problemlərin araşdırılma vəziyyətinin müxtəlif səviyyələrdə qiymətləndirilməsi, elmi prioritetlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Elm və Təhsil Nazirliyinin elmmetriya ilə bağlı müxtəlif tədbirlər, hədəf qrupları ilə görüşlər, təlim-seminarlar təşkil etməsi daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır. İnformasiya Texnologiyaları İnstitutu da bu istiqamətdə hər zaman dəstək göstərməyə hazırdır”, – deyə alim bildirib.
Sonra akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun elmmetriya sahəsində fəaliyyəti ilə bağlı hesabat xarakterli məruzə ilə çıxış edib. Alim institutda müvafiq sahədə aparılan elmi tədqiqatlar, həyata keçirilən qrant layihələri, çap olunan elmi əsərlər, kadr hazırlığı ilə bağlı görülən işlər, təqdim olunan elmmetrik xidmətlər və s. haqda ətraflı məlumat verib.
Tədbirdə həmçinin akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyev, fizika elmləri doktoru Elçin Hüseynova elmin inkişafında xidmətlərinə və Stenford Universiteti tərəfindən tərtib edilən dünyanın ən nüfuzlu alimlərinin reytinq siyahısında təmsil olunduqlarına görə Elm və Təhsil Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Daha sonra təlimçilər, “Clarivate Analytics” şirkətinin nümayəndələri – Valentin Boqorov və İneş Kenjina “Effektiv məlumat axtarışı”, “Elmi jurnallarla iş”, “Web of Science” bazasında müəllif və müəssisə profili” mövzularında çıxış ediblər, müvafiq sahədə öz bilik və təcrübələrini bölüşüblər.
Sonda hər bir çıxışla bağlı müzakirələr aparılıb, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.