Dərin görmə kameralarının istifadəsi əsasında jestlərin tanınma metodları tədqiq olunur

27 Oktyabr 2023 - 10:06 | Konfranslar, İclaslar

İKT-nin təqdim etdiyi imkanlardan eşitmə və nitq məhdudiyyətli insanların da geniş şəkildə istifadəsi cəmiyyətin qarşısında duran əhəmiyyətli məsələlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının 2023-cü il üzrə statistikasına görə, dünya əhalisinin 5%-dən çoxu, təqribən 430 milyon insan eşitmə qabiliyyətinin itirilməsi problemini yaşayır. 2050-ci ilə qədər 700 milyondan çox insan və ya hər 10 nəfərdən birinin eşitmə məhdudiyyətli olacağı da proqnozlaşdırılır.  

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova “Dərin görmə kameralarının istifadəsi əsasında jestlərin tanınma metodlarının müqayisəli təhlili” mövzusuna həsr olunmuş məruzəsində məlumat verib.

Tədqiqatçı nəzərə çatdırıb ki, jestlərin tanınma sistemlərinin istifadə dairəsi eşitmə və nitq məhdudiyyətli insanların informasiya mübadiləsini təmin etməklə məhdudlaşmır: “Jestlərin tanınma sistemlərinin əsas vəzifəsi informasiya mübadiləsi və ya müxtəlif cihazları idarə etməkdir. Hazırda jestlərlə idarəetmə sistemləri robototexnika və avtomobildən tutmuş biotibbə qədər bir çox tətbiqdə istifadə edilir”.

Sonra jestlərin tanınma mərhələlərindən bəhs edən məruzəçi bildirib ki, bu proses əsasən iki mərhələdən ibarətdir. Bunlara jesti ifadə edən əlin təsvirinin qeyd edilməsi və onun xarakterik xüsusiyyətlərinin tapılması, eləcə də təsvirin  xarakterik xüsusiyyətlərinin verilənlər bazasındakı xüsusiyyətlərlə müqayisə olunması aiddir.

K.Qurbanovanın sözlərinə görə, təsvirin aşkarlanması və seqmentasiyası kimi mürəkkəb problemlərin həlli üçün rəqəmsal təsvirin emalı sahəsində dərin təlim texnologiyası (Deep Learning, DL) uğurla istifadə olunur. O, 2009-cu ildə ilk dəfə İsrailin “PrimeSense” şirkəti tərəfindən  piksellərin aşkarlanması üçün dərin təlim texnologiyasının tətbiq edildiyini diqqətə çatdırıb.

Məruzəçi “Apple” şirkətinin dərin görmə texnologiyasının inkişafını davam etdirdiyini və ayırdetmə parametrlərinə malik olan ToF texnologiyasından istifadə etdiyini də nəzərə çatdırıb. Vurğulayıb ki, iPhone X smartfonunda sifətin tanınması üçün  FaceID funksiyası tətbiq edilib. 2018-ci ildə isə “Intel” şirkəti dərin görmə texnologiyası olan “Intel RealSense” cihazını hazırlayıb. Bu qurğular təhlükəsizlik sistemlərində, robot texnikasında, jestlərin tanınması prosesində və s. sahələrdə müvəffəqiyyətlə istifadə olunur.

O, “CSEM Swissranger”, “ToF и RGB”, “Kinect” və “RealSense” dərin görmə kameralarının istifadəsi əsasında jestlərin tanınma dəqiqliyinin müqayisəli təhlilindən də bəhs edib.

Sonda məruzəçi dərin görmə kameralarının jestlərin tanınma sisteminə tətbiqi sayəsində insan-maşın interfeysinin inkişaf etdiyini qeyd edib. Bildirib ki, bu texnologiyalar eşitmə və nitq məhdudiyyətli insanların ünsiyyət problemini həll etməklə yanaşı, digər sahələrə də öz töhfəsini verməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.