Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək xəstəliklərin diaqnozu və müalicəsi üçün yeni üsulların tapılması və mövcud üsulların inkişaf etdirilməsi, qüsurlu bədən hissələrinin dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən texniki sahə kimi təsvir edilə bilər. Elm və texnologiyanın bu sahəsi tibbi xidmətin keyfiyyətini, o cümlədən xəstəliklərin diaqnostikası, monitorinqi və müalicəsini yaxşılaşdırmaq üçün mühəndislik elmi ilə tibb arasındakı boşluğun aradan qaldırılması, mövcud problemlərin həlli üçün nəzərdə tutulmuşdur.
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Zeynəb Bağırova növbəti elmi seminarda “Biotibbi texnologiyaların inkişaf mərhələləri və tətbiq sahələri” mövzusunda çıxışında bu barədə məlumat verib.
Gənc tədqiqatçı bildirib ki, biotibbi mühəndislik 1950-ci illərin əvvəllərində çiçəklənməyə başlayan və 1970-ci ildən sonra çox sürətlə inkişaf edən fənlərarası bir sahədir. Bu sahənin geniş əhatəli, sağlamlıqla və müxtəlif fənlərlə əlaqəli olması səbəbindən bir çox mütəxəssislərin diqqətini cəlb etməsi onun sürətli inkişafını təmin etmişdir. Xəstəliklərin diaqnostikası və müalicəsi üçün yeni cihazlar dizayn edən biotibb mühəndisləri skelet əzələləri, ürək və beyin kimi orqanlardan gələn fizioloji siqnalları anlamaq üçün riyaziyyat, fizika, kimya sahələri üzrə biliklərdən, kompüter simulyasiyaları və statistik hesablamalardan da istifadə edirlər.
Məruzəçi biotibbi mühəndislik tədqiqatlarının tibbin inkişafında mühüm rola malik olduğunu söyləyib. Qeyd edib ki, XX əsrdə orta ömür uzunluğunun əhəmiyyətli dərəcədə artması bəşər tarixində baş vermiş ən böyük sıçrayışdır. 1700-cü illərə qədər insanların orta ömür uzunluğu bəzi ölkələrdə 40-50 ildən artıq olmadığı halda, bu gün bir çox ölkələrdə gözlənilən ömür uzunluğu ən azı 80 ildir. Məsələn, 1665-ci ildə Londonda yoluxucu xəstəliyə tutulanların 93 faizi ölürdüsə, 2000-ci illərdə bu nisbət 4 faizə enmişdir. Belə ki, mikroorqanizmləri öldürən bir sıra antibiotiklərin kəşfi yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır.
Z.Bağırova biotibbi mühəndisliyin digər elmlərlə əlaqəsindən söz açıb: “Biotibbi mühəndislik tibb, fizika, kompüter elmləri və mühəndisliyin digər sahələri ilə sıx bağlıdır. Tibb müəssisələrinin davamlı fizioloji qeydlərin aparıldığı kliniki fiziologiya, kliniki neyrofiziologiya, kardiologiya, reanimasiya və cərrahiyyə kimi bölmələrində biotibbi mühəndislər mühüm rol oynayırlar”.
Onun sözlərinə görə, digər məhsullarda olduğu kimi, tibbi cihazın ixtirasından və qeydiyyatından onun istifadəsinə qədər riayət edilməli olan prosedur həm uzun müddət tələb edir, həm də bəzi iqtisadi risklər daşıya bilir. Bu kontekstdə əmək bölgüsü olan qurumlar, yüksəkixtisaslı kadrlar, informasiya xidmətləri, elmi avadanlıq və alətlərlə təchiz olunmuş tədqiqat laboratoriyaları üstünlük qazanır.
Tibbi cihazların istehsalı ilə məşğul olan müəssisələrdə dizayn, təlim, texniki xidmətlər, patent, marketinq, bazar araşdırması və biznes idarəçiliyində çalışanların sayı istehsal xəttindəkindən daha çox ola bilər. Məsələn, dünyanın telekommunikasiya nəhənglərindən biri olan “Ericsson” 1990-cı illərin ortalarında öz işçi qüvvəsinin 10 faizindən azını istehsalatda istifadə edirdi. İxtira edildiyi gündən əsrlər boyu istifadə edilən termometr, stetoskop kimi əsas tibbi avadanlıqlar və kompüter tomoqrafiyası kimi çox mürəkkəb cihazlar son 50 ildir ki yaxşı təchiz olunmuş xəstəxanalarda mövcuddur.
“Tibbi cihazları yaradılma tarixinə görə xronoloji ardıcıllıqla belə sıralamaq olar: termometr, optik linza, stetoskop, rentgen və radioterapiya, elektrokardioqrafiya, elektroensefaloqrafiya, ultrasəs görüntüləmə, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası”, – deyə bildirən Z.Bağırova onların iş prinsipi və tibdə inqilab edə biləcək yeni texnologiyalar haqqında ətraflı məlumat verib.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, gənc tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək, müvafiq istiqamətdə əsaslı elmi tədqiqatların aparılması və əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu jurnallarda nəşr olunmasına dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.