Təhsilin bütün sahələrində kompüterlərin və İnternetin geniş yayılması böyük həcmdə məlumatların əldə olunmasına səbəb olmuşdur. Bu məlumatların istifadəsi, həm ümumi olaraq, təhsil məlumatlarının istehsalı kimi tanınan məlumatların öyrənilməsi üsullarının tətbiqini, həm də bu məlumatların təhlili üçün metodların işlənib hazırlanmasını və öyrənmə prosesinin təkmilləşdirilməsi üçün tətbiq edilməsini zəruri edir.
İnformasiya Texnologiyaları İnstitutunda “Education 4.0 platforması əsasında elektron təhsildə tədris kontentinin formalaşdırılmasında Text Mining metodların tətbiqi məsələləri” mövzusuna həsr olunmuş elmi seminarda bu barədə məlumat verilib. Mövzu üzrə çıxış edən institutun əməkdaşı Gülarə Məmmədova müasir rəqəmsal təhsil mühitində mövcud sistemlərin təlim prosesini intellektuallaşdırmaq, təhsil məzmununu tələbələrin fərdi ehtiyaclarına çevik şəkildə uyğunlaşdırmaq imkanlarına malik olmadığını vurğulayıb: “Müasir intellektual təhsil sistemlərinin yaradılması bir neçə əsas mərhələdən ibarətdir. Bunlara sistemin məqsədinin və istifadə üsullarının, tədris materiallarının struktur komponentlərinin müəyyən edilməsi, tədris materialının seçilməsi və onun strukturlaşdırılması və s. aiddir”.
Sonra G.Məmmədova mətnlərin intellektual təhlili (Data Mining) haqqında məlumat verərək onun süni intellektdə bir istiqamət olduğunu, müxtəlif yazılı mənbələrdən məlumatların avtomatik çıxarılması yolu ilə yeni, əvvəllər məlum olmayan məlumatların kompüter vasitəsilə kəşf edilməsindən ibarət olduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, mətndə böyük miqdarda məlumat gizlənir, lakin onun strukturlaşdırılmamış təbiəti Data Mining alqoritmlərindən istifadə etməyə imkan vermir. Bu problemin həlli isə strukturlaşdırılmamış mətnin təhlili (Text Mining) üsullarıdır. Əlavə edib ki, strukturlaşdırılmamış mətnlərdə təhlil üsulları Data Mining, təbii dil emalı, məlumat axtarışı, məlumatların çıxarılması və biliklərin idarə edilməsi kimi bir neçə sahənin kəsişməsində yerləşir:.
Dərsliklərin klassifikasiya məsələsindən söz açan tədqiqatçı qeyd edib ki, Data Mining sahəsində təsnifatın məqsədi hər bir sənəd üçün aid olduğu bir və ya bir neçə əvvəlcədən müəyyən edilmiş kateqoriyaları müəyyən etməkdir. Təsnifat probleminin bir xüsusiyyəti, sənədlərin hər birinin müəyyən bir kateqoriyaya uyğun olması ehtimalıdır.
Sonda G.Məmmədova mətn məlumatının intellektual təhlili üçün proqram vasitələrindən də bəhs edərək “Google Cloud NLP”, “Chattermill”, “Voyant Tools”, “MonkeyLearn”, “WordStat”, “Poly Analyst” və s. bu proqramlara aid olduğunu qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.