Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar davam etdirilir

02 Avqust 2023 - 10:36 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti iclasında 10 saylı şöbənin 2023-cü il üzrə yarımillik hesabatına dair məruzə dinlənilib.

Hesabatı təqdim edən şöbə müdiri Şakir Mehdiyev 6 ay ərzində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatların aparıldığını qeyd edib. Məruzəçi bildirib ki, bu problem çərçivəsində “Kiber-fiziki sistemlərin dayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi”, “Kiber-fiziki sistemlərdə sensor və sensor şəbəkələrinin enerji dayanıqlılığının artırılması üçün metod və alqoritmlərin işlənməsi”, “Kritik infrastrukturlu sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmalar aparılıb, müəyyən nəticələr əldə olunub.

Şöbə rəhbərinin sözlərinə görə, 6 ay ərzində “Mobil sensor şəbəkələrində etibarlılığın təmin edilməsinin metodları”, “Mobil sensor şəbəkələrində fərdi məlumatların təhlükəsizliyinin təmin olunması problemləri”, “Mobil sensor şəbəkələrinə kiberhucumların monitorinqi” kimi mövzularda da tədqiqatlar aparılıb.

Məruzəçi şöbədə AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, ölkədaxili və beynəlxalq tədbirlərdə iştirak çərçivəsində görülmüş işlər haqqında da məlumat verib.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Alim şöbədə aparılan elmitədqiqatların dərinləşdirilməsi, keyfiyyətli məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini qeyd edib, əməkdaşları bu prosesdə fəal iştirak etməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.