İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin 2023-cü ilin birinci yarısı üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov şöbənin cari il ərzində elmi-tədqiqat fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verib.
Şöbə müdiri bildirib ki, hesabat dövründə tədqiqatlar müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində “Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri” və “İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri” üzrə aparılmışdır.
T.Kazımov şöbədə icra olunan elmi-tədqiqat işləri üzrə məlumat verərək “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə log-fayllardan alınan verilənlərin klasterləşdirilməsi üçün metodun işlənildiyini, bulud sistemlərinin platformasında paylanmış strukturlu proqram sistemlərinin yaradılması və etibarlılığının yüksəldilməsi üçün metodun işlənməsi istiqamətində tədqiqatların aparıldığını diqqətə çatdırıb.
O, qeyd edib ki, proqram sistemlərinin etibarlılığının qiymətləndirilməsi üçün metodun işlənməsi, eləcə də proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması ilə bağlı tədqiqatlar “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi üçün metod və modelin işlənməsi” mövzusu çərçivəsində yerinə yetirilmişdir.
Məruzəçi “Proqram sistemi vasitələrinin sınaq metodlarının araşdırılması” istiqamətində proqram sistemlərinin sınağında standartların araşdırıldığını və tətbiq olunduğunu, o cümlədən proqram sistemlərinin sınağı üçün metodların tədqiq edildiyini diqqətə çatdırıb.
Şöbə müdiri həmçinin “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” adlı dissertasiya işinin müdafiəsinə hazırlıq işlərinin görüldüyünü də vurğulayıb.
T.Kazımov yarım il ərzində aparılan tədqiqatların nəticələrinin “Web of Science” və “Scopus” kimi nüfuzlu bazalara daxil olan jurnallarda və kitablarda öz əksini tapdığını deyib. Eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.
Hesabat ətrafında fikir mübadiləsi aparılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təkliflərini səsləndirib. Akademik R.Əliquliyev IV Sənaye İnqilabının çağırışları kontekstində proqram mühəndisliyinin, proqramlaşdırmanın elmi-nəzəri problemlərinin, bu sahədə beynəlxalq təcrübənin araşdırılmasının, proqram sistemlərinin kiberdayanıqlığı istiqamətində əldə olunan son nailiyyətlər, yeniliklərə dair icmal xarakterli tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub.
Elmi şuranın qərarı ilə şöbənin 2023-cü il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.