Müasir dövrdə yüksək texnologiyaların tətbiq olunması prosesi innovasiya müəssisələrinin fəaliyyətinin daha səmərəli idarə olunmasını tələb edir. Bunun üçün də innovasiya müəssisələrində məhsul istehsalı planlarının modelləşdirilməsi istiqamətində geniş tədqiqatlar aparılır, yeni mexanizmlər tətbiq olunur.
Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev “İnnovasiya müəssisələrində məhsul istehsalı planlarının modelləşdirilməsi” mövzusunda magistr dissertasiya işinin müzakirəsinə həsr olunmuş elmi seminarda məlumat verib.
Mövzu haqqında ümumi məlumat verildikdən sonra institutun magistrantı Nuranə Xosuzadə məruzəsini təqdim edərək bildirib ki, tədqiqatın məqsədi rəqəmsal iqtisadiyyat şəraitində innovasiya müəssisələrində məhsul istehsalı planlarının kompüter modelləşdirilməsi prosesini həyata keçirmək və məhsul istehsalı ssenarilərinin hazırlanmasından ibarətdir. Burada qarşıya qoyulmuş məsələlərə isə innovasiya müəssisələrinin xüsusiyyətlərinin araşdırılması, xarici ölkə təcrübələrinin təhlili, müxtəlif statistik-riyazi paket proqramlarının tətbiqi ilə eksperiment aparılması və s. aiddir.
İnnovasiya müəssisələrinin elmi-texnoloji obyekt kimi formalaşması və inkişafı mərhələləri haqqında məlumat verərək bildirdi ki, onların inkişafı 4 mərhələdən ibarət ardıcıllıqla həyata keçirilir. Bu mərhələlər resursların toplanması, innovasiyalar üçün ekosistemin formalaşması, sıçrayış və yetkin inkişafdan ibarətdir.
Tədqiqat işində innovasiya müəssisələrində məhsul istehsalı fəaliyyətinin elmi-nəzəri əsaslarının və mövcud problemlərin aşkarlanması məsələləri təhlil edilib. Məhsul istehsalı planlanması üçün Leontyev modelinin təkmilləşdirilmiş variantından və reqressiya modellərindən istifadə olunub. Məruzəçi bildirib ki, köhnə texnologiyaların getdikcə daha müasir istehsal vasitələri ilə əvəzlənməsində texnoloji əlaqələrdən və yerli-xarici istehsaldan istifadə olunmaması, innovativ istehsal fəaliyyətinin həyata keçirilməsi üçün lazım olan yüksək məbləğdə vəsaitdən istifadənin səmərəsiz mexanizmləri, eləcə də innovativ istehsalın daha yeni texnologiyalarla təmin olunmasında və innovativ istehsal üçün yeni idarəetmə üsullarının tətbiq olunmasında olan problemlər innovasiya müəssisələrində məhsul istehsalı fəaliyyətində yaranan problemlərdəndir. İnnovasiya müəssisələrində məhsul istehsalı fəaliyyətində təşkilati problemlərə isə elmi-texniki yeniliklərin yaradılması və formalaşdırılması, təşkilati sənədlərin hazırlanması və s. daxildir.
İnnovasiya müəssisələrində məhsul istehsalı buraxılışı üzrə indikator və indekslərin işlənilməsindən bəhs edən N.Xosuzadə innovasiya müəssisələrinin göstəricilər sisteminin üç əsas qrupu əhatə etdiyini bildirib. Bunlar müəssisələrdə resurs göstəriciləri, innovativ proseslərin göstəriciləri və innovativ fəaliyyət göstəriciləridir.
N.Xosuzadə innovativ məhsul istehsalının planlaşdırılması üzrə təklif və tövsiyələrin işlənilməsi ilə bağlı qeyd edib ki, istehsal proseslərinin məlumatlarını əhatə edən müəyyən proqramlar tərəfindən istehsal cədvəllərinin, resurslar üçün yaranan ehtiyaclar planının, innovasiya müəssisəsinin mövcud və yeni yaranan ehtiyaclar planının qurulması və s. innovasiya müəssisələri daxilində istehsal proseslərinin planlaşdırılmasına daxildir.
Tədqiqatçı dissertasiya işindən alınmış əsas nəticələrindən bəhs edərək innovasiya müəssisələrinin inkişaf mərhələlərinin müəyyənləşdirildiyini və onların fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırıldığını bildirib. Həmçinin qeyd edib ki, tədqiqat çərçivəsində innovasiya müəssisələrində məhsul istehsalı fəaliyyəti üzrə mövcud problemlər aşkarlanmış və istehsal buraxılışı üzrə indikator və indekslər işlənilmiş, aparılan eksperimentlərə əsasən innovativ məhsul istehsalının planlaşdırılması qiymətləndirilmişdir.
Sonda şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev çıxış edərək innovasiya müəssisələrində məhsul istehsalı planlarının modelləşdirilməsi ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb, tədqiqatın gələcəkdə davam etdirilməsi ilə bağlı tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.