İnformasiya Texnologiyaları İnstitutunda 5 və 9 saylı şöbələrin “Əşyaların İnterneti sistemləri və onların təsnifatı” mövzusuna həsr edilmiş birgə onlayn elmi seminarı keçirilib.
Məruzəni 9 saylı şöbənin doktorantı Xanım Paşayeva təqdim edərək, məhsuldarlıq, əməliyyat sistemi, funksionallıq, arxitektur, kommunikasiya texnologiyaları, məlumatların emalı və təhlükəsizliyə əsasən Əşyaların İnterneti (Internet of Things – IoT) sistemlərinin təsnifatı, Əşyaların İnterneti texnologiyalarının inkişafı istiqamətində əldə olunan nailiyyətlər, yeni təsnifat kateqoriyaları və s. haqqında ətraflı məlumat verib.
Tədqiqatçı bildirib ki, Əşyaların İnterneti insanların müdaxiləsinə və hər hansı bir məlumatın əl ilə daxil edilməsinə ehtiyac olmadan qurğuların və ya avadanlıqların öz aralarında məlumat topladığı, ötürdüyü və toplanmış informasiyaya əsasən qərarlar qəbul etdiyi bir sistem kimi izah edilir. Bu, unikal ünvanlı obyektlərin bir-biri ilə xüsusi protokolla əlaqə saxladığı dünya miqyaslı şəbəkədir. Əşyaların İnterneti insanların həyatını asanlaşdıran və yaşam standartlarını yüksəldən smart tətbiqlərin və xidmətlərin ekosistemidir.
X.Paşayeva “ağıllı” ev sistemləri, “ağıllı” qurğular, eləcə də kənd təsərrüfatı, sənaye, səhiyyə, nəqliyyat və s. kimi sahələrdə Əşyaların İnterneti texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışıb. Həmçinin, Əşyaların İnterneti texnologiyalarının inkişafı istiqamətində əldə olunan nailiyyətlərdən söz açaraq, “Edge AI”, 5G, blokçeyn və kvant hesablama texnologiyalarının üstünlüklərini diqqətə çatdırıb.
“Əşyaların İnterneti sistemlərinin təsnifatı bu texnologiyaların mürəkkəb təbiətini və onların tətbiqlərini anlamağa, müxtəlif IoT sistemlərinin mənfi və müsbət tərəflərini müəyyənləşdirməyə kömək edir. Əşyaların İnterneti texnologiyalarının sürətli inkişafı müfaviq sahədə araşdırmaların müntəzəm olaraq davam etdirilməsini zəruri edir”, – deyə məruzəçi qeyd edib.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Müvafiq istiqamətdə aparılan tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələr səsləndirilib, nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda yeni məqalələrin dərc olunmasının zəruriliyi vurğulanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.