İnformasiya Texnologiyaları İnstitutunda “Peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutun 3 saylı şöbəsinin əməkdaşı Əyyub Əliyev mövzuya dair çıxış edərək öncə Coğrafi İnformasiya Sistemləri (Geographic Information Systems - GIS) haqqında qısa məlumat verib. Bildirib ki, GIS yer səthinin müəyyən sahələri haqqında məlumatlardan ibarət olan verilənlərin toplanması, saxlanılması və emalına xidmət edən xüsusi sistemdir.
Sistemin fəaliyyət göstərməsi üçün təməl komponentlərə - verilənlər (Data), proqram təminatı (Software) və texniki təchizata (Hardware) ehtiyac olduğunu bildirən məruzəçi söyləyib ki, GIS coğrafi məlumatların müvafiq olduğu hər bir sahəyə tətbiq oluna bilən struktura malikdir: “Bunun ətraf mühitin idarə olunması, “ağıllı” xəritə istehsalı, ərazi planlaması, çirklənmənin modelləşdirilməsi, üçölçülü ərazi modelləşdirilməsi, zəlzələlər və s. kimi bir çox tətbiq sahələri var. GIS informasiyanın ötürülməsini sürətləndirir, daha məhsuldar istehsal və invertar idarəçiliyi təmin edir, işin məhsuldarlığını artırır, vaxt itkisinin qarşısını alır və s”.
Sonra GIS-də coğrafi verilənlərin formatları haqqında söhbət açan tədqiqatçı coğrafi məkanın təqdimatı üçün 2 əsas - vektor və rastr modellərindən istifadə olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, vektorlu modellərin coğrafi verilənlərə aid obyektləri ölçüsüz, birölçülü, ikiölçülü və üçölçülü modellərdir. Rastr formatda isə nöqtələrin dəqiq koordinatları əvəzinə, coğrafi məkanın ən kiçikölçülü kvadratlarından istifadə olunur. Rastr məkan obyektlərini daha asan ifadə etməyə imkan verir.
Daha sonra Ə.Əliyev sistemin qüsurlarının aradan qaldırılması məqsədilə radiometrik və atmosferik tənzimləmələrin aparılmasından söhbət açıb. Söyləyib ki, peyk təsvirlərindəki radiometrik düzəlişlərin məqsədi onlardan əldə olunan əksetdirmə, yayılma və temperatur kimi fiziki parametrlərin dəqiqliyinin artırılmasıdır. Atmosferik tənzimləmə üsullarında isə bu təsvirlər mövcud əks təsirlərdən təmizlənir, orijinal radiasiya dəyərlərinə çatdırılır.
Sonda institutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov mövzuya dair fikirlərini bölüşüb. O, peyk təsvirlər əsasında ətraf mühitin öyrənilməsinə dair tədqiqatların dərinləşdirilməsi, eləcə də Coğrafi İnformasiya Sistemləri ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, məqalələrin hazırlanması ilə bağlı tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.