İnformasiya Texnologiyaları İnstitutunda 5 və 9 saylı şöbələrin “Süni intellekt texnologiyaları əsasında vətəndaş elminin inkişafı üçün təkliflərin işlənməsi” mövzusuna həsr edilmiş birgə onlayn elmi seminarı keçirilib.
Məruzəni 5 saylı şöbənin əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək vətəndaş elmində süni intellektin istifadəsinin vətəndaş alimlərə verilənlərin toplanması, emalı, saxlanması və ötürülməsi prosesində kömək etdiyini diqqətə çatdırıb.
O, verilənlərin dəqiqliyinin artırılması üçün həyata keçirilən tədbirlərdən bəhs edib, verilənlərin keyfiyyətinin təmin edilməsi strategiyaları haqqında məlumat verib. Məruzəçi vətəndaş elmi verilənlərinin keyfiyyətinin müəyyən səviyyəyə qədər yüksəldilməsini təmin edən tədbirlərdən ibarət olan təkmilləşdirmə strategiyası və vətəndaş elmi verilənlərinin keyfiyyətinə nəzarət edən və əvvəlki səhvlər üzərində öyrənən tədbirlərdən ibarət olan nəzarət strategiyası barədə danışıb.
“Vətəndaş elmində verilənlər istifadə edilməzdən əvvəl verifikasiya və validasiya proseslərindən keçməlidir” , - deyə qeyd edən N.Verdiyeva verilənlərin verifikasiyası üçün istifadə olunan yanaşmaları diqqətə çatdırıb.
Məruzəçi keyfiyyətin avtomatik qiymətləndirilməsi üçün Data Mining alqoritmləri, statistik analiz və qiymətləndirmə sistemlərinin tətbiq olunduğunu bildirib. O, Vətəndaş alimlərin inklüzivliyinin təmin edilməsi üçün süni intellekt texnologiyalarının tətbiqinin üstünlüklərini təqdim edib, maşın təliminin ən geniş tətbiq olunan tövsiyə modellərindən biri olan matris faktorizasiyasında filtrasiya növlərindən danışıb.
N.Verdiyeva verilənlərin keyfiyyətinin təmin olunması üçün tövsiyələri səsləndirib, verilənlərin keyfiyyətinə nəzarət tədbirlərini diqqətə çatdırıb.
Məruzəçi çıxışının sonunda vətəndaş elmi ilə süni intellekt arasında yaranan əlaqənin hər iki sahənin inkişafına xidmət etdiyini bildirərək qeyd edib ki, insan və kompüterin qarşılıqlı təsiri vətəndaş elmində iştiraka dəstək strategiyası kimi nəzərdən keçirilə bilər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxış edərək məruzəyə dair fikirlərini səsləndirib, müvafiq istiqamətdə tədqiqatların dərinləşdirilməsi ilə bağlı tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.