Böyük biliklərin analitikasının elmi-nəzəri əsasları tədqiq olunacaq

21 Mart 2023 - 09:24 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunda cari ildə Böyük biliklərin analitikasının (Big Knowledge Analytics) elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində “Böyük biliklərin analitikası: müasir vəziyyəti, elmi-nəzəri əsasları, texnologiyaları və problemləri” üzrə tədqiqatlar aparılacaq. Həmçinin beynəlxalq elmi əməkdaşlıq çərçivəsində Avstraliya Federativ Universiteti və Melburn Kral Texnologiya İnstitutu ilə klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi üçün yeni model və alqoritmlərin işlənməsi mövzusu üzrə araşdırmalar davam etdiriləcək.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 9 saylı şöbənin 2023-cü il üçün fəaliyyət planının müzakirəsi zamanı bu barədə məlumat verdi. Alim şöbədə cari ildə də müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatların davam etdiriləcəyini diqqətə çatdırdı. Həmçinin İndustry 4.0 platformasında kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə neft-qaz sənayesinin idarəetmə sistemlərinin kompleks kiber-fiziki təhlükəsizliyi məsələləri ilə bağlı görüləcək işlərdən danışdı.  

Rəhbərlik etdiyi şöbədə e-elmin formalaşması və elmmetriya problemləri ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verən alim “Elmi təyinatlı kontentlərin avtomatik ekspertizası və qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, eləcə də “Elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işləri üzrə nəzərdə tutulan tədqiqatları diqqətə çatdırdı.

O, həmçinin böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi, plagiatlığın aşkarlanması üçün mətnlərin intellektual analizi metodlarının işlənməsi, virtual mühitdə tələbələrin fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris resurslarından istifadənin qiymətləndirilməsinin intellektual metod və alqoritmlərinin yaradılması, Böyük məlumatların analizi üçün dərin təlim modelləri və metodlarının işlənməsi mövzusunda aparılan tədqiqatların vəziyyəti ilə bağlı məlumat verdi.

Alimin sözlərinə görə, elektron ticarətdə saxtakarlığın aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi, İoT (Əşyaların İnterneti) sistemlərdə bəzi növ kiberhücumların aşkarlanması üçün dərin təlim üsullarının işlənməsi, pilotsuz uçan aparatların hərəkətinin idarə olunması, e-ticarətdə saxtakarlığın aşkarlanması üçün bəzi metodların R proqramlaşdırma mühitində müqayisəli təhlili, iyerarxiyaya əsaslanan klasterləşdirmə alqoritmlərinin böyük verilənlərə tətbiqinin araşdırılması da şöbənin fəaliyyət planına daxildir.

Cari ildə şöbə əməkdaşları tərəfindən beynəlxalq elmi bazalara daxil olan, eləcə də digər beynəlxalq bazalarda indeksləşən jurnallarda 26 məqalənin, o cümlədən respublika və beynəlxalq səviyyəli 20 konfrans materialının çapı planlaşdırılır.

R.Alıquliyev, həmçinin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, elmin populyarlaşdırılması və təbliği ilə bağlı həyata keçiriləcək tədbirlər haqqında məlumat verdi.

Sonra iclasda 9 saylı şöbəyə təhkim olunmuş doktorant və dissertantların elmi fəaliyyəti ilə bağlı müzakirələr aparıldı, müvafiq qərarlar qəbul olundu.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin fəaliyyət planı ilə bağlı fikirlərini bölüşdü, doktorant və dissertantların elmi fəaliyyətinin gücləndirilməsinə dair tövsiyələr verdi. Akademik şöbədə Big Data-nın elmi-nəzəri əsasları və inkişaf perspektivləri, Böyük biliklərin analitikasının elmi-nəzəri əsasları, Data Mining problemləri və s. kimi prioritet elmi istiqamətlərə diqqəti artırmağın, bu prosesdə gənc tədqiqatçıların fəal iştirakının vacibliyini nəzərə çatdırdı. Baş direktor onu da əlavə etdi ki, dünyanın tanınmış tədqiqat mərkəzlərindəki elmi ideyalarla tanış olmaq, müasir çağırışlara cavab verən tədqiqatlarla məşğul olmaq, xarici ölkələrdə müvafiq sahə üzrə fəaliyyət göstərən alim və mütəxəssislərlə birgə fəaliyyət göstərmək institut əməkdaşlarının qarşısında duran əsas vəzifələrdəndir.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyət planı qənaətbəxş hesab olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.