İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2023-cü il üçün fəaliyyət planı müzakirə olunub.
İnstitutun böyük elmi işçisi Əfruz Qurbanova şöbənin cari ili əhatə edən fəaliyyət planını təqdim edərək, rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması, Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri istiqamətində elmi tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb. O, “E-dövlət mühitində OLAP texnologiyasının intellektuallaşdırılması üçün metod və alqoritmlərin işlənməsi”, “Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Virtual məkanda transliterasiya problemləri (İngilis və Azərbaycan dillərinin materialları əsasında)”, “Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi”, “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və inkişafı mexanizmlərinin işlənilməsi” mövzularında aparılan elmi-tədqiqat işlərindən bəhs edib.
Ə.Qurbanova OLAP əsaslı paylanmış elektron sistemlərin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün blokçeyn texnologiyasından istifadə, e-dövlət çərçivəsində OLAP əsaslı şəbəkənin arxitektur-texnoloji prinsiplərinin işlənməsi, milli terminoloji informasiya sistemi əsasında fərdlərin nitqlərinin populyarlıq səviyyəsinin qiymətləndirilməsi metodunun işlənməsi, milli terminoloji informasiya sistemi əsasında fərdlərin peşə orientasiyasının avtomatik identifikasiyası metodunun işlənməsi, milli transliterasiya sisteminin formalaşması aspektləri, ekspert sistemlərinin transliterasiya qaydalarının formalaşmasında tətbiqi imkanları ilə bağlı araşdırmaların davam etdiriləcəyini bildirib.
Məruzəçinin sözlərinə görə, cari ildə şöbədə milli səviyyədə informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi üçün qərarların qəbulunu dəstəkləyən sistemin, milli informasiya təhlükəsizliyinin konseptual əsasları və arxitektur-texnoloji modelinin işlənməsi, eləcə də beynəlxalq təcrübə əsasında Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri, müasir dövrdə Azərbaycan dilinin tədrisi və dil bilgilərinin qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsini zəruri edən amillər və s. kimi elmi-nəzəri problemlərin təhlili üzrə araşdırmaların aparılması nəzərdə tutulur.
Ə.Qurbanova şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.
Sonra şöbəyə təhkim olunmuş magistrant, doktorant və dissertantların elmi fəaliyyətlərinin monitorinqi aparılıb.
Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev şöbədə xüsusilə gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aktual problemlər üzrə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsi və əldə olunmuş nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.