Nazir Mikayıl Cabbarov: "Təhsildə İKT-nin sürətli tətbiqi təhsilin inkişafı üzrə Dövlət Strategiyasının prioritetlərindən biridir "

05 Dekabr 2014 - 15:13 | Müsahibələr, çıxışlar
Nazir Mikayıl Cabbarov: "Təhsildə İKT-nin sürətli tətbiqi təhsilin inkişafı üzrə Dövlət Strategiyasının prioritetlərindən biridir "

AR Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA ölkə alimlərinin apardıqları elmi-tədqiqat işlərinin, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu beynəlxalq elmi bazalardan olan “Tomson Reyters”in müəyyənləşdirdiyi istinad indeksli jurnallarda nəşri istiqamətində səylərini birləşdirməlidir.

Bu fikirləri Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransında çıxışı zamanı səsləndirib. Nazir informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi, nazirliyin elektron hökumət xidmətləri ilə bağlı həyata keçirdiyi tədbirlər, bu sahədə mövcud problemlər və gələcək planlar barədə danışıb. Bildirib ki, dünyada gedən qloballaşma proseslərinin nəticəsi kimi hazırda iki əsas istiqamət - İT və xarici dil bilikləri hər bir sahənin inkişafı üçün əvəzsiz rol oynayır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının prioritetlərdən biri də məhz informasiya-kommunikasiya texnologiyalarının təhsildə sürətli tətbiqidir. Təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastukturun qurulması, hər bir məktəbin müxtəlif fənlərə aid elektron və video dərsliklər, o cümlədən müasir texnologiyalarla təmin olunması strategiyanın əsas istiqamətlərindəndir. Nazirin sözlərinə görə, son illərdə Təhsil Nazirliyində həyata keçirilən tədbirlər nəticəsində, 1765 təhsil müəssisəsi tam  şəkildə İnternet və elektron tədris resurslarından istifadə imkanı ilə təmin olunmuşdur. 2005-2012-ci illər ərzində ümumtəhsil müəssisələrində 112 mindən çox müəllim İKT üzrə hazırlıq kursu keçmişdir. Təhsil müəssisələrinin informasiyalaşdırılması məsələsinə toxunan nazir qeyd etdi ki, elektron dərsliklərin müasir təhsil sistemində aktuallığını nəzərə alaraq, bu yaxınlarda nazirliyin portalının fəaliyyəti daha da genişləndirilmişdir.

Sonra M.Cabbarov təhsil sahəsindəki problemlərdən danışdı. Hər bir şagirdin müasir texnologiyalardan istifadəsinin təmini msələsinə toxunan natiq genişzolaqlı internetin bütün ölkə ərazisini əhatə etdiyi halda Təhsil Nazirliyinin bu istiqamətdə imkanlarının genişlənəcəyini diqqətə çatdırdı. Qeyd etdi ki, orta məktəblərdə İT-nin tətbiqi bütün müəllimlər, pedoqoji kadrlar tərəfindən birmənalı qarşılanmır. Bu, şagirdlərə nəzarət imkanlarını müəyyən mənada dəyişir. Digər tərəfdən, yeni nəslin nümayəndələri uzun illərdir fəaliyyət göstərən müəllimlərlə müqayisədə informasiya texnologiyalarına dair biliklərə daha tez bir zamanda yiyələnə bilirlər. Məhz bu problemlər ilk növbədə, orta və ali təhsil müəssisələrinin tədris proqramlarında müvafiq dəyişikliklərin edilməsi zərurətini ortaya qoyur: "Heç bir texnologiyanın tətbiqi insan amilini əvəz edə bilməz. İT-nin tədris prosesində tətbiqi insan əməyinin əvəz edilməsi deyil, təhsil imkanlarının genişləndirilməsi məqsədini daşıyır".

Nazir elektron xidmətlərin təhsil sistemində tətbiqi məsələlərindən də söz açdı. Zaman keçdikcə dünyada vətəndaşla dövlət arasında münasibətlərin xarakterinin dəyişdiyini, vətəndaşların dövlət orqanlarından daha keyfiyyətli və şəffaf xidmətlər gözlədiyini nəzərə çatdırdı. Qeyd etdi ki, bu istiqamətdə elektron hökumət quruculuğu əvəzsiz rola malikdir. Hazırda Təhsil Nazirliyinin portalında 5 elektron xidmətin təqdim olunduğunu və bu sahədə fəaliyyətin genişləndirilməsi ilə bağlı kompleks tədbirlərin görüldüyünü dedi. Həmçinin ucqar kəndlərdə pedoqoji kadr çatışmazlığı, müəllimlərin peşə qabiliyyətinin yüksəldilməsi məqsədilə ixtisasartırma kurslarının, təlimlərin keçirilməsi kimi problemlər və onların həlli yolları ilə bağlı fikirlərini bölüşdü.

Məruzəçi qeyd etdi ki, AR Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA ölkə alimlərinin apardıqları elmi-tədqiqat işlərinin, əldə olunan mühüm elmi nəticələrin nüfuzlu beynəlxalq elmi bazalardan olan “Tomson Reyters”in müəyyənləşdirdiyi istinad indeksli jurnallarda nəşri istiqamətində səylərini birləşdirməlidir. "Təhsil nazirliyi olaraq bu missiyanın həyata keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq" deyə bildirən M.Cabbarov alimlərimizin beynəlxalq aləmə inteqrasiyasının müasir dövrün tələbi olduğunu bildirdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.