AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev və digər məsul şəxslər AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş tədbir çərçivəsində bu elmi müəssisənin bir sıra mərkəzlərinin fəaliyyəti ilə tanış olublar və əməkdaşlarla fikir mübadiləsi aparıblar.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutda həyata keçirilən innovativ layihələr, Big Data, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. prioritet istiqamətlərdə aparılan elmi tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq münasibətləri barədə məlumat verib.
Sonra qonaqlar institutun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində olublar. Akademik R. Əliquliyev onlara AzScienceNet-in yaranma tarixi və mövcud infrastrukturu haqqında danışıb. Bildirib ki, 40 ildən çoxdur ki fəaliyyət göstərən AzScienceNet bu illər ərzində uzun və mürəkkəb yol keçmiş, inkişaf etmiş, maddi-texniki bazasını gücləndirmişdir.
Azərbaycan elm və təhsilinin Avropa mühitinə inteqrasiyasında mühüm rola malik olan AzScienceNet şəbəkəsi hazırda həm AMEA-nın bütün elmi müəssisə və təşkilatları, həm də ölkənin müxtəlif ali məktəblərinin lazımi informasiya-kommunikasiya infrastrukturlarını sürətli internet və qabaqcıl şəbəkə xidmətləri ilə təmin edir.
İnstitutun baş direktoru AzScienceNet şəbəkəsinin Data Mərkəzinin fəaliyyəti və təklif etdiyi xidmətlər barədə məlumat verərək burada istifadəçilərə hesablama işlərini həyata keçirən virtual maşınlar və böyük həcmli yaddaş resurslarının təklif olunduğunu, AMEA-nın bir neçə elmi müəssisəsinin Data Mərkəzin xidmətlərindən istifadə etdiyini söyləyib.
Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun Avropa Komissiyasının maliyyələşdirdiyi və Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect: Eastern Partnership Connect” layihəsinin iştirakçılarından biri olduğunu diqqətə çatdırıb.
Sonra qonaqlar institutun Tədris-İnnovasiya Mərkəzinin (TİM) fəaliyyəti ilə tanış olublar. Akademik Rasim Əliquliyev Mərkəz haqqında məlumat verərək burada informasiya texnologiyaları sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədinə xidmət edən innovativ layihələrin həyata keçirildiyini, informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların, eləcə də institutun magistraturasında təhsil alan tələbələr üçün dərs və imtahanların təşkil edildiyini söyləyib.
İnstitutun baş direktoru TİM-də distant seminar və konfransların təşkili, informasiya texnologiyaları sahəsində biliklərin qiymətləndirilməsi və sertifikatlaşdırılması, ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstəyin göstərilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Mərkəzin fəaliyyətinin institutda prioritet istiqamətlərdə aparılan fundamental tədqiqatlara əsaslandığını, burada innovativ mühitin formalaşdığını, tədris olunan biliklərin daim yeniləndiyini nəzərə çatdırıb.
Akademikin fikrincə, TİM-də müxtəlif ali məktəblərlə əməkdaşlıq çərçivəsində tələbələrə İKT bilikləri və xüsusi kompüter proqramlarının tədrisini nəzərdə tutan kursların təşkil olunması gənclərin əmək bazarında daha rəqabətqabiliyyətli fəaliyyət göstərmələrinə imkan yaradır.
Alim dövlət başçısının elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində elmin potensialından səmərəli istifadə olunması, eləcə də elm və təhsilin inteqrasiyasının sürətləndirilməsi baxımından Mərkəzin geniş imkanlara malik olduğunu vurğulayıb.
Sonra akademik İsa Həbibbəyli, general-leytenant İlqar Musayev və digər məsul şəxslər TİM-in müasir texnologiyalarla təchiz olunmuş otaqlarında institutun alim və mütəxəssisləri tərəfindən həyata keçirilən dərs prosesi ilə tanış olublar. Eyni zamanda Distant Tədris Mərkəzində Naxçıvan Dövlət Universiteti və AMEA-nın Gəncə Bölməsinin tələbə və tədqiqatçıları üçün videokonfrans sistemi vasitəsilə təşkil olunmuş mühazirədə iştirak ediblər.
Akademik Rasim Əliquliyev qonaqları institutun Multimedia Texnologiyaları Mərkəzi ilə də tanış edib. Baş direktor burada multidissiplinar elmi tədqiqatları ehtiva edən, genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları əsasında hazırlanmış kitab, jurnal və ekspress-informasiyalar haqqında məlumat verib, həmin nəşrlərin ölkənin müxtəlif ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edildiyini bildirib. “Bu Mərkəz təhsilin məzmununun yenilənməsinə xidmət etməklə yanaşı, qabaqcıl informasiya texnologiyalarının transferi funksiyasını da yerinə yetirir”, - deyə akademik vurğulayıb.
Daha sonra qonaqlar institutun Elektron Kitabxana Mərkəzində olublar. Onlara Mərkəzin texniki imkanları və təqdim etdiyi xidmətlər, burada elmi-intellektual məhsulların süni intellekt texnologiyalarının tətbiqi ilə avtomatik qiymətləndirilməsi istiqamətində aparılan tədqiqatlar və s. barədə məlumatlar diqqətə çatdırılıb.
İnstitut ilə tanışlıq çərçivəsində Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ilə görüşən akademik İsa Həbibbəyli onların AMEA-nın müasir çağırışlara cavab verən, qabaqcıl biliklərə malik, öndə gedən gənclərindən olduqlarını söyləyib.
Akademik İsa Həbibbəyli İnformasiya Texnologiyaları İnstitutunun müasir elmi təfəkkürə malik, eyni zamanda möhkəm dövlətçilik və azərbaycançılıq ideyalarının daşıyıcıları olan gənclər yetişdirdiyini vurğulayıb, onların hər birinə gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonda institutun fəaliyyətinin daha səmərəli təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, elm və təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.