Rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunur

23 Noyabr 2022 - 10:02 | Konfranslar, İclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2022-ci il üzrə hesabatı təqdim olunub.

Hesabatı təqdim edən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib. O, bildirib ki, cari ildə “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində rəqəmsal tibbin formalaşması və inkişafı problemləri tədqiq olunub.

M.Məmmədova “Rəqəmsal tibb mühitində intellektual idarəetmə” mövzusunda məkan üzrə sağlamlıq determinantlarının əhalinin tibbi-demoqrafik təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi üçün metodoloji yanaşmanın işlənməsi, Səhiyyə 4.0 texnologiyaları əsasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri, qaraciyər xəstəlikləri və transplantasiyası üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi istiqamətində aparılmış tədqiqatların nəticələrindən bəhs edib, bu tədqiqatların rəqəmsal tibbin formalaşması və inkişafı problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

“Hesabat ili ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunmuşdur ki, bunlardan 4-ü “Scopus” elmi bazasına daxildir. Beynəlxalq konfranslarda 10 məruzə edilmiş, onlardan 4-ü “Web of Science” bazasında indeksləşən topluda dərc edilmişdir”, – deyə şöbə rəhbəri bildirib. Həmçinin elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən çoxsaylı elmi-texniki ekspertiza işləri və müxtəlif tədbirlərdən söz açıb.

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə rəqəmsal tibbin formalaşması və inkişafı istiqamətində GEANT Assosiasiyası ilə birbaşa əməkdaşlıq əsasında yerinə yetirilən işlər, Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak və Meksika Milli Avtonom Universiteti ilə əməkdaşlıq barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra hesabat ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbədə rəqəmsal tibbin formalaşması və inkişafı problemlərinin həlli istiqamətində aparılan tədqiqatlara gənc mütəxəssislərin cəlb edilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.