Ətraf mühitin akustik küy və elektron tullantılarla çirklənməsi problemləri üzrə tədqiqatlar aparılıb

22 Noyabr 2022 - 10:13 | Konfranslar, İclaslar

2022-ci ildə İnformasiya Texnologiyaları İnstitutunda “Əşyaların İnterneti və 5G mobil rabitə texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi” mövzusu çərçivəsində “Kiberfiziki sistemlər platformasında akustik küy çirklənməsi təhlükəsizliyinin qiymətləndirməsi metodikası”, “Akustik küy problemlərinin həllinə süni intellekt metodlarının tətbiqi haqqında” alt mövzuları üzrə tədqiqatlar aparılmış və onların  nəticələri bir sıra nüfuzlu jurnallarda dərc olunmuş, konfranslarda məruzələr edilmişdir.

Bu barədə institutun Elmi şurasının iclasında 4 saylı şöbənin 2022-ci il üzrə hesabatı zamanı məlumat verildi. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev əvvəlcə rəhbərlik etdiyi struktur bölməsinin elmi-tədqiqat fəaliyyətindən danışdı. O bildirdi ki, cari ildə “İnformasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində “İntellektual elektron dövlətin formalaşması və inkişafı problemləri” üzrə bir sıra mövzularda elmi-nəzəri və elmi-texniki tədqiqatlar aparılmışdır.

Qeyd etdi ki, şöbədə, həmçinin,  daha bir problem - “Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri” çərcivəsində araşdırmaları bu il də davam etdirilmiş, “Elektron tullantıların idarəçiliyinin informasiya və tətbiqi proqram təminatı məsələləri haqqında”, “SOCAR-da elektron tullantıların  idarə edilməsi konsepsiyasının işlənməsi” alt mövzular üzrə tədqiqat işləri aparılmış və tədqiqatların nəticələri bir sıra nüfuzlu jurnallarda, konfranslarda öz əksinin tapmışdır.

Məruzəçi SOCAR-ın Elm Fondunun 21 LR-AMEA nömrəli “Neft-qaz quyularında anomal yüksək lay təzyiqi zonalarını proqnozlaşdırmaq üçün intellektual informasiya sisteminin işlənməsi” mövzusu üzrə qrant layihəsi çərçivəsində aparılan tədqiqatların icra vəziyyəti haqqında məlumatları da diqqətə çatdırdı.

Sonra B.Ağayev cari ildə şöbə əməkdaşlarının elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri çərçivəsində görülmüş işlər barədə məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik planı üzrə bir sıra irad, təklif və tövsiyələrini səsləndirdi. Qeyd etdi ki, şöbə əməkdaşları tədqiqat işlərinin effektivliyini daha da artırmaq məqsədilə, monitorinq prosesində səs sensorlarından toplanan böyük həcmli informasiyanın emalı, strukturlaşmamış verilənlərdən biliklərin əldə edilməsi üçün müasir intellektual emal metodlarından, o cümlədən Big Data, Deep Learning, Machine Learning və s. təlimlərdən daha geniş istifadə etməli, məqalələrin elmi yükünü artırmalıdır.

Elmi şuranın qərarı ilə şöbənin hesabatı qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.