İşğaldan azad edilmiş ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi mühüm məsələdir

28 Oktyabr 2022 - 21:00 | Müsahibələr, çıxışlar

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) sədri, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransının açılış mərasimində giriş nitqi ilə çıxış edib.

R.Əliquliyev əvvəlcə AMEA rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini xatırladan akademik bu tədbirin məhz belə bir əlamətdar il çərçivəsində keçirilməsinin xüsusi məna kəsb etdiyini söyləyib. Qeyd edib ki, respublika və dünya ictimaiyyətinin diqqətinin Qarabağ və ətraf ərazilərdə olan problemlərə cəlb edilməsi bu tədbirin əsas hədəflərindəndir.

O, konfransda təkcə alimlərin deyil, həm də dövlət təşkilatlarından olan məsul şəxslərin iştirakını yüksək qiymətləndirərək qeyd edib ki, həm elmi müəssisələr, həm də müvafiq dövlət qurumlarının öz səylərini birləşdirməsi tapşırılan vəzifələrin uğurla həyata keçirilməsi üçün real zəmin yaradır.

Akademik “Şuşa İli” çərçivəsində AMEA-da humanitar, sosial, dəqiq elmlər, o cümlədən radiasiya və digər istiqamətlər üzrə tədbirlər planının hazırlandığını, FRTEB-in iclaslarında ayrı-ayrı həmkarlar tərəfindən elmi məruzələrin edildiyini, əldə olunmuş nailiyyətlərin Qarabağın yenidən qurulması və bərpası, həmin ərzilərdə yüksək həyat şəraitinin yaradılması kimi problemlərin həllinə yönəldiyini söyləyib. “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda keçirilən respublika elmi-texniki konfransının bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu vahid amal uğrunda birləşərək torpaqlarımızı düşməndən azad etmiş, dövlətimizin ərazi bütövlüyünü təmin etmişlər”, – deyən AMEA-nın vitse-prezidenti bu tarixi qələbənin işğaldan azad edilmiş ərazilərimizdə mövcud olan problemlərin həlli istiqamətində Azərbaycan alim və ziyalılarının qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb.

Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmaların olduğunu deyən akademik əlavə edib ki, radiasiya sahəsində fəaliyyət göstərən alim və mütəxəsislər tərəfindən gizli, ilk baxışdan nəzərə çarpmayan risklərin aşkarlanması, radiasiya təhlükəsizliyinin monitorinqinin aparılması, xəritələrin qurulması, müasir texnologiyaların köməyilə obyektiv reallığın ortaya qoyulması ölkəmizin radiasiya təhlükəsizliyinin tərkib hissəsi kimi əsas vəzifələrdəndir. 

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının uzun illər ərzində nəzəri tədqiqatlarla məşğul olduqlarını söyləyən alim, bu sahədə mühüm nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Həmçinin bu elmi müəssisənin ölkəmizdə radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində əsas elmi qurum kimi Azərbaycanın nüvə və enerji təhlükəsziliyi, “yaşıl” enerji, “yaşıl” cəmiyyət və digər istiqamətlərdə əhəmiyyətli tədqiqatlar apardığını deyib.

R.Əliquliyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı “yaşıl” enerji, “yaşıl” cəmiyyət, “yaşıl” iqtisadiyyat, enerji və radiasiya təhlükəsziliyi məsələlərini həm ölkə, həm də beynəlxalq səviyyədə aktuallaşdırmışdır. Eyni zamanda, qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də ölkəmizdə “yaşıl” enerji istehsalının genişləndirilməsi məsələsinə geniş yer ayrılmışdır.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, dövlət başçısı tərəfindən Azərbaycanda yüksək texnologiyalara əsaslanan cəmiyyətin formalaşması, IV Sənaye inqilabının təsiri ilə ölkədə müxtəlif fəaliyyət sferalarında süni intellekt texnologiyalarının tətbiq olunması, yeni texnoloji reallıqların meydana gəlməsi, nəticə etibarilə, dövlətin və xalqın milli təhlükəsizliyinin təmin olunması məsələsini əsas məqsəd kimi qarşıya qoymuşdur. 

“Cənab İlham Əliyevin çağırışlarını, dünyada gedən prosesləri, eləcə də, Qarabağ müharibəsində əldə olunmuş qələbədən sonra yaranmış ruh yüksəkliyini nəzərə alaraq, hər kəs öz potensialını ölkəmizin inkişafına yönəltməlidir”, - deyən akademik müvafiq şəxləri qarşıya qoyulan tapşırıqların icrasında fəallıq nümayiş etdirməyə çağırıb.

Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi sahəsində mühüm islahatların aparıldığını, eyni zamanda, AMEA-nın qarşısına konkret vəzifələrin qoyulduğunu xatırladan R.Əliquliyev qeyd edib ki, Akademiya ilə Elm və Təhsil Nazirliyinin birgə fəaliyyəti elmin qarşısında duran vəzifələrin yeni tələblərə uyğunlaşdırılması üçün böyük imkanlar açacaq.

AMEA-nın vitse-prezidenti çıxışının sonunda bu konfransın ölkənin milli intellektual təhlükəsizliyinin təmin olunması və xaricdən asılılığın azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Plenar iclaslarda işğaldan azad edilmiş ərazilərdə mövcud olan ayrı-ayrı problemlərin həllinə yönəlmiş, konkret, ünvanlı məruzələrin dinləniləcəyini nəzərə çatdıran alim konfransın işinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.