E-kommersiya sistemlərinin 4.0 Sənaye platformasında təkmilləşdirilməsi metodları işlənilir

27 Oktyabr 2022 - 12:00 | Konfranslar, İclaslar

Son illərdə rəqəmsal transformasiya prosesinin sürətlənməsi və COVID-19 pandemiyası səbəbindən əksər ölkələrdə iqtisadi və sosial fəaliyyətlərə məhdudiyyətlərin qoyulması istehlakçıların böyük hissəsinin elektron ticarətə yönəlməsinə səbəb olmuşdur.

Bu barədə İnformasiya Texnologiyaları İnstitutunun 6 saylı şöbəsinin müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev və şöbənin əməkdaşı Ülkər Haqverdiyevanın həmmüəllifliyi ilə hazırlanmış “Elektron kommersiya sistemlərinin 4.0 Sənaye platformasında təkmilləşdirilməsi metodlarının təhlili” adlı məruzədə məlumat verilib.

Əvvəlcə i.e.d. Ə.Əliyev mövzuya dair çıxış edərək qeyd edib ki, e-ticarət platformalarının inkişaf istiqamətlərinə e-ticarət bazarının iştirakçılarında artım, e-ticarət sektorunda rəqabətin güclənməsi, innovativ biznes modellərinin yaranması, bu sahədə öz həllini gözləyən məsələlərə isə müştərilərə fərdi yanaşmanın təmin edilməsi, müştəri sorğularının vaxtında və dəqiqliklə cavablandırılması, qeyri-qanuni halların qarşısının alınması və s. aiddir.

Alimin sözlərinə görə, e-ticarət üzrə təqdim edilən xidmətlərin təkmilləşdirilməsində 4.0 Sənaye platformasında müasir innovativ rəqəmsallaşdırma texnologiyalarının tətbiqi bu istiqamətdə müsbət nəticələrin əldə olunmasına və e-ticarət sistemlərinin inkişafında yeni perspektivlərin meydana çıxmasına şərait yaradacaq.

Məruzəni davam etdirən Ü.Haqverdiyeva e-kommersiya ekosisteminin subyekt və obyektlərinə, eləcə də, e-ticarət platformalarının fəaliyyətinin təşkili formasına görə klassik və innovativ biznes modellərinin mövcud olduğunu deyib.

Tədqiqatçı müasir e-kommersiya platformalarının xüsusiyyətləri haqqında da danışıb. Söyləyib ki, ənənəvi biznes modellərindən fərqli olaraq, O2O (Onlayn-Oflayn) modelində fiziki mağazalarla onlayn platformanın inteqrasiya olunmuş fəaliyyəti nəzərdə tutulur. Mobil kommersiya biznes modeli isə heç bir əlavə cihaza ehtiyac duyulmadan yalnız “ağıllı” telefonlar vasitəsilə onlayn alqı-satqı prosesinin həyata keçirilməsinə imkan yaradır. Əlavə edib ki, sosial kommersiya biznes modeli sosial şəbəkələrlə e-ticarət platformalarının inteqrasiya olunmuş fəaliyyətini nəzərdə tutur.

E-kommersiya sistemlərinin təkmilləşdirilməsində 4.0 Sənaye platformasına müvafiq rəqəmsal texnologiyaların tətbiqi perspektivləri məsələsinə toxunan məruzəçi burada Əşyaların İnterneti, süni intellekt və maşın təlimi, böyük verilənlərin analitikası və dronların rolundan danışıb.

Daha sonra o, Azərbaycanda e-kommersiyanın inkişafı üzrə ümumi vəziyyətlə bağlı məlumat verib. Bildirib ki, 2005-ci ildə Azərbaycanda “E-ticarət haqqında qanun” qəbul edilib, 2009-cu ildə “GoldenPay” onlayn ödəniş sistemi yaradılıb. 2016-cı ildə isə “Amazon”, “Alibaba” və s. kimi 15-dək beynəlxalq e-ticarət platformasına inteqrasiya olunub, eləcə də “Azexport.az” portalı istifadəyə verilib.

Məruzəçi tədqiqatın nəticələrindən də bəhs edib. Diqqətə çatdırıb ki, e-ticarət proseslərinin rəqəmsallaşdırılmasında 4.0 Sənaye platformasının müasir texnologiyalarının tətbiq edilməsi, logistika, müştəri münasibətlərinin idarə edilməsi, saxtakarlıq hallarının qarşısının alınması, müştərilərə fərdi yanaşmanın təmin edilməsi və s. kimi məsələlərin həllinə geniş imkanlar yaradır. Həmin müasir texnologiyaların Azərbaycanda e-ticarət fəaliyyətinin təkmilləşdirilməsində tətbiqi sayəsində ölkədə e-ticarətin səmərəli dinamik inkişafına nail olmaq olar.

Elmi seminarda şöbə müdiri, i.e.d. Ə.Əliyev gənc tədqiqatçıya konkret metodların tətbiqi ilə əlaqədar öz təklif və tövsiyələrini verib, elektron kommersiya sistemlərinin arxitektur-texnoloji strukturunun təkmilləşdirilməsi ilə bağlı tədqiqatların dərinləşdirilməsinin və beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.

Sonda suallar səsləndirilib, məruzə ilə bağlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.