Kompüter şəbəkələrində yaranan anomal vəziyyətlər mühüm məlumatların itirilməsinə, şəbəkə xidmətlərinin və tətbiqlərinin işinin pozulmasına gətirib çxara bilər və nəticədə iqtisadi itkilər baş verə və milli təhlükəsizliyə təhdidlər yarana bilər. Buna görə də, kompüter şəbəkələrində anomal vəziyyətlərin erkən aşkar edilməsi və proqnozlaşdırılması çox vacibdir və bu da intellektual proaktiv monitorinqin köməyi ilə mümkündür.
İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev 12-14 oktyabr 2022-ci il tarixlərində ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 16th IEEE International Conference Application of Information and Communication Technologies, 12-14 Oct 2022) mövzusunda Vaşinqtonda keçirilmiş 16-cı beynəlxalq konfransda “Bircins LSTM ansamblı əsasında kompüter şəbəkəsinin proaktiv monitorinqi” (“Proactive computer network monitoring based on homogeneous LSTM ensemble”) adlı məruzə ilə çıxış etmişdir.
Məruzədə kompüter şəbəkələrində anomal vəziyyətlərin aşkar edilməsi və proqnozlaşdırılması üçün təklif edilmiş intellektual proaktiv monitorinq metodu haqqında məlumat verilmişdir. Bu metod bircins dərin neyron şəbəkələrin ansamblının istifadəsinə əsaslanır. Öyrənmə alqoritmi kimi LSTM (Long Short-Term Memory) modeli istifadə edilmişdir. LSTM ansamblı üçün əsas öyrənmə modellərinin yaradılması üçün isə Bagging alqoritmi istifadə edilmişdir. Təklif edilmiş metod kompüter şəbəkələrində anomal vəziyyətlərin proqnozlaşdırılmasının dəqiqliyinin artırılmasına imkan verir. Hər bir proqnozun qiymətləndirməsi üçün etibarlılıq metrikası tətbiq edilmişdir. İşlənmiş metodun qiymətləndirilməsi üçün Nyu-Brunsvik Universitetinin (University of New Brunswick) Kanada Kibertəhlükəsizlik İnstitutu (Canadian Cybersecurity Institute) tərəfindən toplanmış müdaxilənin aşkarlanmasının qiymətləndirilməsi verilənlər bazasından (CICIDS2017) istifadə olunmuş və yüksək nəticələr əldə edilmişdir.
Nəzərə çatdıraq ki, “The 16th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2022)” konfransının məruzələr toplusu “Web of Science”, “Scopus”, ACM, INSPEC, DOAJ, DPLP, EBSCO və s. beynəlxalq bazalarında indeksləşir və referatlaşır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.