İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin elektron kitabxanalarda hibrid buludlardan istifadə imkanlarına həsr olunmuş onlayn elmi seminarı keçirilib.
Şöbənin əməkdaşı Dilbər Əlizadə “Elektron kitabxanalarda hibrid buludlardan istifadə imkanları” mövzusunda məruzə ilə çıxış edərək bulud texnologiyası, onların yaranma tarixi, elektron kitabxanalara tətbiqi və təsiri, eləcə də kitabxanalarda hibrid buludlardan istifadə haqqında məlumat verib.
Məruzəçi qeyd edib ki, bulud hesablama İT infrastrukturunun, platformasının və ya məhsulunun funksionallığının genişlənə bildiyi xidmətlər dəstidir. Bu xidmətin istehlakçıları istədikləri xidmətlərdən istifadə etmək və yalnız bu xidmətlər üçün ödəniş etmək imkanına malikdirlər. Bir xidmət sahəsi kimi bulud hesablama 3 növdə proqram təminatını təklif edir. Bunlara xidmət sahəsi kimi proqram təminatı (SAAS), xidmət sahəsi kimi platforma (PAAS), xidmət sahəsi kimi infrastruktur (İAAS) aiddir.
Sonra bulud hesablama növləri haqqında söhbət açan D.Əlizadə bildirib ki, buludların ümumi ictimai istifadə üçün nəzərdə tutulmuş ictimai buludlar, bir binada və ya binadan kənarda yerləşməsindən asılı olmayaraq bir təşkilat və ya üçüncü tərəfin hazırladığı şəxsi buludlar, iqtisadi miqyaslılığın və demokratik tarazlığın inkişafı üçün faydalı olan icma buludları, eləcə də ictimai, şəxsi, icma və digər bulud növlərindən hazırlanaraq məlumat və proqramların daşınmasına imkan verən standartlaşdırılmış texnologiya ilə birləşdirilən hibrid bulud növləri mövcuddur.
O, bulud hesablamanın yaranma tarixindən də bəhs edib: “Bulud simvolu İnterneti təmsil etmək üçün 1994-cü ildə istifadə olunub və İnternetin standartlaşdırılmış istifadəsinə əsaslanır. Bundan əlavə, Amerikalı alim Con Makkarti 1960-cı illərdə “hesablamanın nə vaxtsa ictimai bir xidmət kimi təşkil oluna biləcəyini” qeyd edib. Kanadalı texnoloq Douqlas Parkhill isə 1966-cı ildə yazdığı “The Challange of Computer Utility” kitabında bulud hesablamalarının, demək olar ki, bütün müasir xüsusiyyətlərini tədqiq edib”.
D.Əlizadə vurğulayıb ki, elektron kitabxanalarda hibrid buludlarda iştirak edən şəxsi və ictimai buludları birləşdirmək üçün təhlükəsiz, davamlı və xərcsiz VPN-dən (məsəslən,WireGuard) istifadə olunur. Hibrid buludların həyata keçirilməsi üçün möhkəm, avtomatlaşdırılmış, təhlükəsiz, sərfəli əlaqə və bulud infrastrukturunun təmin edilməsi zəruridir. Əlavə edib ki, bulud əsaslı elektron kitabxana quran zaman burada hibrid buludlardan istifadə ən optimal variantdır.
Sonda şöbə müdiri Mədinə Səidova çıxış edərək məruzə ilə bağlı fikirlərini bölüşüb, elektron kitabxanalarda hibrid buludlardan istifadə ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.