Professor Məsumə Məmmədovanın beynəlxalq elmi konfransda təqdim etdiyi məruzə maraqla qarşılanıb

29 Avqust 2022 - 10:16 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova “Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma” (The 8th International Conference on Control and Optimization with Industrial Applications) mövzusunda 8-ci beynəlxalq elmi konfransın (COIA-2022) Bakı Dövlət Universitetində keçirilən “Şəbəkə və telekommunikasiyalar” seksiyasında məruzə ilə çıxış edib.

M.Məmmədova “Yüksək riskli obyektlərdə çalışan işçilərin fizioloji vəziyyətinin uzaq məsafədən monitorinqi sistemində qərarların sintezi alqoritmi” (An algorithm for the decision synthesis in the remote monitoring system of physiological state of workers employed at high-risk facilities”) adlı məruzəsində insan fəaliyyəti üçün nəzərdə tutulmuş neft-qaz platformalarının yüksək riskli obyektlər sırasına daxil olduğunu diqqətə çatdırıb.

O, neft-qaz yataqlarının dənizdə işlənilməsi və istismarı ilə məşğul olan işçilərin iş rejimi və məişət şəraitinin daxili və xarici amillərin insan sağlamlığına təsiri prizmasından tədqiqinin onların fəaliyyətinin çətin və çox vaxt ekstremal mühitdə həyata keçməsini göstərdiyini diqqətə çatdırıb: “Belə vəziyyətlərdə insan təbiətinin subyektivliyi, onun psixofizioloji xüsusiyyətləri özünü daha çox büruzə verir və səhv qərarların qəbul olunmasına yol açır”. M.Məmmədova qeyd edib ki, statistikaya əsasən, neft-qaz sənayesində baş verən bədbəxt hadisələrin 70 %-dən çoxunun səbəbi məhz insan amili ilə bağlıdır.

Alimin sözlərinə görə, dəniz neft-qaz platformasında (DNP) çalışan işçilər adətən ixtisaslaşmış tibbi və təhlükəsizlik xidmətlərindən aralıda yerləşirlər. Bu isə platformada təcili müdaxilə tələb edən fövqəladə hallar baş verdikdə neft-qaz şirkətlərində personalın sağlamlığı və təhlükəsizliyi haqqında real vaxt rejimində dolğun və etibarlı  məlumatlar təqdim edə bilən texnologiyaya ciddi ehtiyac yaradır.

“Hazırda Sənaye 4.0 və Səhiyyə 4.0 innovativ texnoloji bazası insan sağlamlığı və onu əhatə edən ətraf-mühit haqqında informasiyanın fasiləsiz generasiyası, izlənilməsi, uzaq məsafəyə ötürülməsi, real vaxt rejimində intellektual emalı, toplanması, saxlanılması, qərarların hasili və əks əlaqə üçün yeni infrastrukturun qurulmasına imkan yaratmışdır”, - deyə M.Məmmədova bildirib. O, məhz bu imkanlar nəzərə alınaraq insan amili səbəbindən baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün neft platformalarında çalışan işçilərin sağlamlıq vəziyyətinin fasiləsiz distant monitorinqi sisteminin işlənilməsi məqsədilə yeni insan-mərkəzli konseptual yanaşma təklif etdiklərini qeyd edib.

M.Məmmədova əlavə edib ki, məsafədən fasiləsiz monitorinq intellektual idarəetmə sisteminin arxitekturunun işlənilməsi metodologiyası Əşyaların İnterneti texnoloji ekosisteminə, ağıllı tibb həllərinə və monitorinq prosesinin ardıcıl reallaşdırılmasını əks etdirən üç mərhələdən ibarət funksional modelə əsaslanır.

Məruzəçi həmçinin məlumatların toplanması, onların hesablama səviyyələrinə ötürülməsi və qərarların qəbulu mərhələləri haqqında məlumat verib, qərar qəbuletmə proseslərinin həyata keçirilməsini təmin edən paylanmış intellektual sistemin funksionallaşma prinsiplərini diqqətə çatdırıb.

Professor M.Məmmədovanın sözlərinə görə, təklif edilmiş prinsiplərdən çıxış edərək DNP-də çalışan işçilərin cari sağlamlıq vəziyyətinin uzaqdan fasiləsiz intellektual monitorinqi sistemi tərəfindən identifikasiyası və real  vaxt rejimində kritik situasiyaya yaxınlaşma dərəcəsi və kritik situasiyada avtomatik qərarların sintezi üçün alqoritm işlənilmişdir.

Alim əlavə edib ki, hər bir işçinin sağlamlıq vəziyyətini xarakterizə edən tibbi parametrlərin identifikasiyası məsələsi cari tibbi parametrlərin qiymətinin ideala uyğunluğuna gətirilmiş, parametrlərin təbiətcə müxtəlifliyini və qeyri-səlisliyini nəzərə alaraq qeyri-səlis universal şkala işlənilmiş, məsələnin həlli üçün qeyri-səlis obrazların tanınması metodları təklif olunmuşdur.

Qeyd edək ki, prof. M.Məmmədova həmçinin “İntellektual və qeyri-səlis sistemlər” seksiyasına sədrlik etmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.