AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsi və Multimedia Texnologiyaları Mərkəzinin birgə onlayn elmi seminarı keçirilib.
Öncə institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan kobot jurnalistika” mövzusunda məruzə ilə çıxış edərək, kobotlar (collaborative robot – əməkdaş robot) haqqında ətraflı məlumat verib. O, kobotun süni intellektə əsaslanan robot olub, insanlarla birlikdə işləmək üçün hazırlandığını diqqətə çatdırıb.
Kobotları ənənəvi sənaye robotlarından fərqləndirən əsas cəhətlərdən bəhs edən məruzəçi bildirib ki, daha kiçik, təhlükəsiz, elastik və çevik olan kobotlar ənənəvi robotların icra edə bilmədiyi incə işləri (məsələn, istehsal proseslərində kövrək materialların cilalanması və s.) yerinə yetirmək qabiliyyətinə malikdir.
Kobotlardan tibb, biznes, logistika və s. kimi bir çox sahələrdə istifadə edildiyini söyləyən S.Zalova onların jurnalistikada tətbiqindən də söz açıb: “Avtomatlaşdırılmış xəbər məzmununun istehsalı dedikdə, verilənləri xəbər mətninə çevirmək üçün alqoritmik kodlardan istifadə prosesi nəzərdə tutulur. Kobot insan müdaxiləsi olmadan yaddaşda saxlanan məlumat kodlarını yaradır və sərbəst şəkildə mətnlər yaza bilir. Xəbərləri avtomatik yaratmaq üçün istifadə edilən alqoritmlər insanın yazdığı mətni daha yaxşı təqlid etmək üçün daim təkmilləşdirilir. Tanınmış tədqiqatçı K.Klerval tərəfindən aparılan ekspert araşdırması sübut edib ki, oxucular robotun yaratdığı məzmunu jurnalistlərin yazdığı mətnlərdən çətinliklə ayırd edə bilirlər”.
Onun sözlərinə görə, avtomatlaşdırma tendensiyaları sosial media məkanına da təsir edir. Belə ki, burada xəbər botları və ya sosial şəbəkələrdə xəbər və məlumatların yayılmasında iştirak edən avtomatlaşdırılmış hesablar insan profillərini və yazılarını təqlid etmək üçün fəaliyyət göstərir. Hazırda “Twitter”də hesabların 8,5 faizi, “Facebook”da isə təxminən 7 faizi avtomatlaşdırılmış alqoritmlərlə idarə olunur.
Kobot jurnalistikada mövcud olan problemlərdən danışan S.Zalova bunlara avtomatlaşdırılmış məzmunun qarşılıqlı əlaqədən və yaradıcılıqdan kənarda qalması, onun sıxıcı hesab edilməsi, fərdi məlumatların təhlükəsizliyinin təmin olunması və s. kimi mühüm məsələlərin aid olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, kobot jurnalistikanın inkişaf etdirilməsinə dair müəyyən təkliflər irəli sürülüb. Belə ki, jurnalistlər üçün yüksək texnologiyalarla işləmək bacarığının aşılanması üzrə təlimlərin keçirilməsi, mediada süni intellektin istifadəsi ilə bağlı strategiyanın hazırlanması, hər bir dövlətin hüquqları və milli xüsusiyyətləri nəzərə alınmaqla, alqoritmik jurnalistikanın formalaşmasının etik aspektləri ilə bağlı müzakirələrin təşkil olunması məqsədəuyğun hesab edilir.
Tədqiqatçı bildirib ki, kobot jurnalistika media qurumları və redaksiya işçiləri tərəfindən düzgün qiymətləndirilərsə, potensial avtomatlaşdırılmış texnologiyalar jurnalistlər üçün daha müstəqil və peşəkar mühit təqdim edə bilər.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Sonra 1 saylı şöbə və Multimedia Texnologiyaları Mərkəzinin əməkdaşları, doktorant və dissertantlarının elmi fəaliyyətləri ilə bağlı işlərin icra vəziyyəti müzakirə edilib. İddiaçılar qarşıya qoyulmuş məsələlər, nəşr olunmuş və hazırlanma mərhələsində olan elmi məqalələr barədə ətraflı məlumat veriblər. Müvafiq struktur bölmələrinin rəhbərləri elmi fəaliyyətin gücləndirilməsinə dair təklif və tövsiyələrini səsləndiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.