Xəbər verdiyimiz kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının növbəti onlayn iclası keçirilib. AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun dissertantı İsmayıl Sadıqovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunmuş iclasda çıxış edib.
Dissertasiya işi üzrə elmi rəhbər olan R.Əliquliyev öz çıxışında öncə mövzunun aktuallığı və qarşıya qoyulmuş problemin ölkə üçün əhəmiyyətindən danışıb, tədqiqatın Azərbaycan dilindəki mətnlərin mürəkkəblik səviyyəsinin qiymətləndirilməsinə dair ilk elmi iş olduğunu bildirib. Dissertasiyada həm təhsil, pedagoqika, həm də dilçilik kimi müxtəlif sahələri əhatə edən məsələlərə baxıldığını, işin bir çox fənlərin kəsişməsindən yaranan tədqiqat kimi multidissiplinar və multikriterial xarakter daşıdığını vurğulayıb. Qeyd edib ki, tədqiqat çərçivəsində çox sayda meyarlara əsasən dərs vəsaitləri, dərsliklər və mətn tipli məlumatların qiymətləndirilməsi nəzərdə tutulur.
Elmi rəhbər təbii dillər sırasında olan Azərbaycan dilinin kompüter emalının xüsusi əhəmiyyət kəsb edən məsələlərdən olduğunu, son zamanlar virtual məkanda dil problemləri ilə bağlı tədqiqatların aktuallıq kəsb etdiyini söyləyib.
Akademik R.Əliquliyev AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda kompüter tərcüməsinə dair, eləcə də Dilçilik İnstitutunda linqvistika problemləri ilə bağlı əhəmiyyətli tədqiqatların aparıldığını bildirib. Akademik əlavə edib ki, rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunda da gənc tədqiqatçılar Azərbaycan dilinin kompüter emalı ilə bağlı araşdırmalar aparır, bu və ya digər modelləşdirmə proseslərində dil problelmlərinin tədqiqi və onların həlllinə töhfələr verirlər.
“Mətn tipli məlumatların modellər vasitəsilə avtomatik qiymətləndirilməsi çox əhəmiyyətli məsələdir”, - deyən R.Əliquliyev bu kimi tədqiqatları kompleks olaraq dilimizə xidmət kimi qiymətləndirib. Akademik Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı cənab Prezident İlham Əliyevin alimlər qarşısına bir çox vəzifələr qoyduğunu diqqətə çatdırıb. Artıq informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislərin də Azərbaycan dili problemlərinin həllinə töhfə vermələrini müsbət hal kimi dəyərləndirib.
Elmi rəhbər dissertasiya işinin riyazi modelinin iki parametr – sözlərin orta uzunluğu və cümlələrin orta uzunluğunun əsasında qurulduğunu, tədqiqatın beynəlxalq təcrübəyə uyğunlaşdırıldığını da vurğulayıb.
“Dil məsələləri təkcə humanitar elmlərin probemi deyil”, – deyən akademik əlavə edib ki, bu kimi problemlər həm də riyaziyyat, informasiya texnologiyaları, neyrofiziologiya və digər müvafiq sahə alimlərinin tədqiqat obyekti olmalıdır.
Akademikin fikrincə, Azərbaycan dilində mətnlərin oxunabilirliyinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş dissertasiya işi uzun illər ərzində formalaşmış və yetişmiş, tədqiqat işində tədris materiallarının, müxtəlif mətnlərin oxunabilirliyinin avtomatik qiymətləndirilməsi ilə bağlı əldə olunan elmi nəticələr praktikada uğurla tətbiq olunmuşdur.
O, İ.Sadıqovun Azərbaycan dilinin xüsusiyyətlərinə dərindən bələd olduğunu, onun qiymətləndirilməsi texnologiyalarını illərlə analiz etdiyini bildirib, tədqiqatçının nəzəri biliklərinin də kifayət qədər yüksək olduğunu nəzərə çatdırıb. Dissertasiya işinin əsas nəticələrindən hesab olunan www.oxunabilir.az saytı haqqında məlumat verən alim bu saytın Azərbaycan oxucularına təmənnasız şəkildə təqdim edildiyini, burada istənilən bir mətni daxil edərək onun hansı sinfə (oxunaqlı, asan, mürəkkəb və s.) aid olduğunu müəyyənləşdirməyin mümkün olduğunu deyib. Akademikin sözlərinə görə, bu veb-saytın istifadəyə verilməsi azərbaycandilli İnternet məkanında ilk addım olmaqla yanaşı, mətnlərin kompüter modelləri vasitəsilə emal olunması istiqamətində olduqca əhəmiyyətli nəticədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.