AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin “Cisco Rəqəmsal Şəbəkə Arxitekturu” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirilib.
Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Orxan Mənsimzadə “Cisco” şirkətinin təqdim etdiyi Rəqəmsal Şəbəkə Arxitekurunun (RŞA) rəqəmsallaşdırılmış prosesləri dəstəkləyən sürətli və çevik şəbəkə xidmətlərini asanlaşdırmaq üçün hazırlandığını diqqətə çatdırıb. RŞA-nın tam proqramlaşdırıla bilən və innovasiyalara açıq olan şəbəkə infrastrukturu olduğunu qeyd edən məruzəçi əlavə edib ki, bu arxitekturun nəzarətçisi şəbəkə xidmətlərinin sadə, avtomatlaşdırılmış və planlı şəkildə yerləşdirilməsini asanlaşdırır.
O.Mənsimzadənin sözlərinə görə, Cisco RŞA rəqəmsal təşkilat və müəssisələr üçün yeni plan təklif edərək yüksək əlçatanlığı, genişlənmə qabiliyyətini və məhsuldarlığı təmin etmək üçün məlumat mərkəzi, bulud və Əşyaların İnterneti infrastrukturlarını əhatə etmək məqsədilə şəbəkəni genişləndirməyə imkan verir. RŞA infrastrukturu şəbəkə, təhlükəsizlik və rəqəmsal xidmətləri təmin etmək üçün nəzərdə tutulub.
“Korporativ şəbəkələrdə əsas üstünlük təşkil edən giriş üsulularından biri də simsiz şəbəkədir”, - deyə bildirən məruzəçi qeyd edib ki, son hesabatlara görə, şəbəkə trafikinin 40%-dən çoxu kompüter olmayan cihazlardan qaynaqlanır.
O, həmçinin Cisco RŞA-nın əsas üstünlüklərindən bəhs edərək şəbəkəyə qoşulan kompüter olmayan cihazların artımı, işçilər tərəfindən kənardan gətirilən cihazların təhlükəsizlik məsələləri, multimedia və video görüşlərin çoxalması, IP-trafik həcminin artması, eləcə də rəqəmsal proqram təminatının iş sürətinin artırılması kimi amillərin onun aktuallığını şərtləndirdiyini bildirib.
Məruzəçi Cisco RŞA-nın daha sürətli innovasiya üçün çeviklik, ağıllı əlaqə mexanizmi, tətbiq və istifadəçi məlumatlılığı tələbləri, mürəkkəbliyin və xərclərin azaldılması üçün sadəlik və avtomatlaşdırma tələbləri, eləcə də bulud-aktivləşdirmə tələbi haqqında məlumat verib.
O.Mənsimzadə Cisco RŞA Center-in imkanlarından danışıb, bu mərkəzin şəbəkəni idarə etməyə və İT xərcləri azaltmağa imkan verən güclü şəbəkə nəzarətçisi və idarəetmə paneli olduğunu vurğulayıb.
Daha sonra məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məruzə ilə bağlı fikirlərini bölüşüb, tədqiqatların dərinləşdirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanmasının zəruriliyini qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.