Süni intellektə əsaslanan jurnalistikada fərdi məlumatların mühafizəsi məsələləri araşdırılır

21 Aprel 2022 - 15:34 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib. Seminarda institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellektə əsaslanan jurnalistikada fərdi məlumatların mühafizəsi” adlı mövzunu təqdim edərək ətraflı məlumat verib.

Texnologiyanın sürətli inkişafı ilə əlaqədar fərdi məlumatların mühafizəsinin getdikcə çətinləşdiyini diqqətə çatdıran məruzəçi bildirib ki, texnoloji yeniliklərin - pilotsuz uçuş aparatları, robotexnika, süni intellekt və s. meydana gəlməsi şəxsi məlumatların yayılmasını və onların kənar şəxslər tərəfindən ələ keçirilməsini asanlaşdırır.

O, süni intellektə əsaslanan jurnalistika haqqında ümumi məlumat verib. Söyləyib ki, “Avtomatlaşdırılmış jurnalistika” ilə bağlı olan süni intellekt müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq olunmaqdadır: “Əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir. Süni intellekt jurnalistikasının imkanları onu ənənəvi jurnalistikadan əsaslı şəkildə fərqləndirir”.

Tədqiqatçı qeyd edib ki, süni intellekt fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində böyük imkanlara malikdir.

Süni intellekt jurnalistikasının jurnalistlərdən yeni texnologiyalardan istifadə bacarığı və maddi imkanlar tələb etdiyini deyən S.Zalova vurğulayıb ki, bu jurnalistikaya böyük maliyyə dəstəyi olmalıdır. Bu səbəbdən iqtisadi çətinliyi olan ölkələrdə onun geniş tətbiqi mümkünsüzdür. 

Sonra dron jurnalistikası haqqında söhbət açan məruzəçi süni intellektə əsaslanan jurnalistikanın bir istiqaməti olan dron jurnalistikasında informasiya təhlükəsizliyini təmin etmək üçün müxtəlif qaydaların mövcud olduğunu vurğulayıb. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarından istifadəni tənzimləyən qanunlar olmasa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığı dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub.

O, diqqətə çatdırıb ki, “The Wall Street Journal” süni intellektin köməyi ilə audioxəbərləri mətnə çevirən, fotomontaj edilən şəkillərin ilkin vəziyyətini müəyyənləşdirən, yalan məlumatları aşkarlayan ağıllı proqramların hazırlanması üçün təcrübələr aparır. “Reuters” agentliyi isə “Twitter” sosial şəbəkəsi üzərində yayılan saxta xəbərləri aşkarlamaq üçün “Reuters Tracer” adlı yeni proqram hazırlayıb. Proqram süni zəka ilə insan intellektini birləşdirən alqoritmlərdən ibarətdir.

Tədqiqatçı bu sahədə yaranan bəzi çatışmazlıqlardan da bəhs edib. Bildirib ki, süni intellekt texnologiyalarına əsaslanan jurnalistika ilə bağlı 2 mühüm məsələ vardır ki, bunlara süni intellekt texnologiyalarına əsaslanan jurnalistikanın hüquqi status məsələsi və cavabdehlik problemi aiddir.

Məruzəçi qeyd edib ki, gələcəkdə süni intellektə yeni funksiyalar əlavə edilərsə, robot jurnalistlərin tənqid və təhlil bacarıqları da formalaşa bilər: “Robot tərəfindən hazırlanan xəbərlərdə demək olar ki, qrammatik səhvlər olmur. Digər tərəfdən vaxta qənaət və coğrafi məhdudiyyət olmadan fəaliyyət onları əvəzolunmaz edir. Süni intellektin inkişafının dəstəklənməsi reklam sistemi üzərində qurulmayan məlumatların və hədəflənmiş süni intellekt texnologiyalarının istifadəsi bazar plüralizmini inkişaf etdirə, süni intellekti demokratikləşdirə və ictimai dəyərə əsaslanan onlayn mühiti inkişaf  etdirə bilər”.

Daha sonra S.Zalova seminar iştirakçılarının suallarını cavablandırıb.

Sonda çıxış edən Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov məruzə ilə bağlı fikirlərini bölüşüb, süni intellekt, dron jurnalistikası ilə bağlı aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini nəzərə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.