Bu fikirləri AMEA-nın vitse-prezidenti, AMEA informasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusunda təqdim edilmiş dissertasiya işinin ilkin müzakirəsinə həsr olunan onlayn elmi seminarda çıxışı zamanı səsləndirib.
Müasir informasiya texnologiyalarının yüksək sürətlə inkişaf etdiyini və bu inkişafın yeni imkanlar yaratdığını vurğulayan akademik institutun elmi potensialının müasir informasiya texnologiyalarının cəlb olunmasına, inkişafına, onun nəzəri əsaslarının işlənilməsinə istiqamətləndiyini qeyd edib, təhsildə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi istiqamətində tədqiqatlarının daha da genişləndirilməsinin zəruriliyinə toxunub.
Bu sahədə beynəlxalq təcrübədən bəhs edən akademik R.Əliquliyev UNESCO-nun nəzdində təhsilin informasiyalaşdırılması problemləri ilə məşğul olan xüsusi qurumun fəaliyyət göstərdiyini bildirib.
Akademik ölkəmizdə təhsilin informasiyalaşdırılması, təhsildə İKT-nin tətbiqi ilə bağlı mövcud problemlərin həlinin vacib məsələlərdən olduğunu qeyd edib, bu problemlərin qiymətləndirilməsinin, müvafiq istiqamətdə institusional tədbirlər görülməsinin əhəmiyyətinə toxunub.
“IV Sənaye İnqilabının yaratdığı yeniliklər texnoloji cəmiyyətin qurulmasını tələb edir”, - deyə bildirən institutun baş direktoru İKT-nin tətbiqi ilə cəmiyyətin bir çox sahələrində yenilənmələrin, rəqəmsal transformasiyaların baş verdiyini bildirib. Akademik qeyd edib ki, bu gün informasiya texnologiyaları vasitəsilə biliyin vizullaşdırılması onun qavranılmasının asanlaşdırılmasına imkan verir.
Kompüter modelləşməsi və vizuallaşmasının bilik sahələrində yeni kontentə tətbiqinin böyük bir inqilabi proses olduğuna diqqət çəkən akademik R.Əliquliyev XXI əsrin təhsil sisteminin ən böyük paradiqmasının məhz qeyd olunan çağırışlar üzərində qurulduğunu vurğulayıb.
İnstitutun baş direktoru əlavə edib ki, aidiyyəti dövlət qurumları tədrisin təkmilləşdirilməsi prosesində yaxından iştirak etməli, dərslərin məzmununda inqilabi dəyişikliklərin aparılmasına, onun beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək verməlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ölkəmizdə yeni insan nəslinin formalaşmasında, biliklərin yayılması və tədrisində böyük xidmətləri olduğunu deyən R.Əliquliyev rəhbərlik etdiyi institutun informasiya texnologiyaları sahəsi üzrə kadr hazırlığının həyata keçirilməsi, ölkəmizdə təhsilin informasiyalaşdırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasında ADPU ilə birgə fəaliyyət göstərməsinin zəruriliyini qeyd edib.
Akademikin sözlərinə görə, İnformasiya Texnologiyaları İnstitutunun həm də mövcud informasiya texnologiyalarının digər sahələrə transferi və tətbiq olunmasında maraqlıdır və bu istiqamətdə multidissiplinar biliklərə əsaslanan kadrların hazırlanmasına dəstək verməyə hazırdır: “Hesab edirəm ki, vətəndaşları müasir reallıqlara hazırlamaq, yeni nəsil insan yetişdirmək, təhsilin qarşısında yeni paradiqmaların ortaya çıxması və müasir texnologiyaların tətbiqi ilə təhsilin məzmununun qeyd olunan tələblərə uyğunlaşdırılması istiqamətində pedaqoji fəaliyyətlə məşğul olan qurumlar və AMEA-nın müvafiq institutları birgə fəaliyyət göstərməlidir”.
Akademik çıxışının sonunda qeyd edib ki, müasir tələblər əsasında qurulmuş təhsil sistemi vasitəsilə yeni nəslin yetişdirilməsi ölkəmizdə elm və təhsilin inkişafına böyük dəstək verəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.