Azərbaycan dilində yazılmış şəxs adları və toponimlərin ingilis dilinə transliterasiyası problemləri tədqiq edilib

13 Aprel 2022 - 12:44 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Azərbaycan dilində yazılmış şəxs adları və toponimlərin ingilis dilinə transliterasiyası” mövzusunda müzakirələr aparılıb.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə Azərbaycan dilinin transliterasiyası sahəsində hüquqi baza, bu sahədə olan ümumi problemlər, şəxs adlarının transliterasiya qaydaları və problemləri, toponimlərin transliterasiya qaydaları və problemləri, eləcə də Azərbaycan dilinin transliterasiyası problemlərinin həlli mexanizmləri haqqında ətraflı məlumat verib.

Öncə Azərbaycan dilinin transliterasiyası sahəsində hüquqi baza haqqında söhbət açan tədqiqatçı diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı və “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin icrasını təmin etməyə hədəflənmişdir.  

Sonra o, Azərbaycan dilinin transliterasiyası sahəsində ümumi problemlərdən bəhs edib. Bildirib ki, bunlara transliterasiya qaydalarının qeyri-sabit olması, eyni və ya çox oxşar əlifbaya malik dillərin müxtəlif transliterasiya qaydalarından istifadə etməsi, müxtəlif transliterasiya qaydalarının dil daşıyıcıları tərəfindən birmənalı olaraq qəbul edilməməsi və s. problemlər aiddir.

Məruzəçi şəxs adlarının transliterasiya problemləri və qaydalarını da diqqətə çatdırıb: “Hazırda Azərbaycan dilində yazılan ad və soyadlar şəxsiyyət vəsiqələrində vahid formada transliterasiya olunur və bu zaman transliterasiya qaydalarına tam olaraq riayət edilmir. Belə ki, “ə” hərfi ingilis dilinə tərcümə zamanı yalnız “a” hərfi ilə əvəzlənir, “e” hərfi ilə əvəzlənmənin mümkünlüyü isə ümumiyyətlə nəzərə alınmır”.

Daha sonra toponimlərin transliterasiya problemlərindən danışan S.Məmmədzadə nəzərə çatdırıb ki, yer adlarının tədqiqi ilk növbədə dilçilik sahəsinin obyekti hesab edilsə də, koqnitiv dilçilik, antropologiya və tarix kimi digər tədqiqat sahələri ilə də əlaqələndirilir. Bildirib ki, indiyədək Azərbaycan dilindəki coğrafi adların ingilis dilində verilməsindəki pərakəndəliyin əsas səbəblərindən biri transliterasiya prosesi zamanı məhz rus dilinin vasitəçi dil olaraq istifadə olunmasıdır: “Bununla bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından rus əlifbasına transliterasiyası Qaydaları” və “Azərbaycan Respublikasının coğrafi obyektlərinin adlarının Azərbaycan əlifbasından ingilis əlifbasına transliterasiyası Qaydaları” işlənib hazırlanmışdır”.

Sonda məruzəçi vurğulayıb ki, Azərbaycan dilinin transliterasiyası problemlərinin həlli mexanizmləri ilə bağlı 2020-ci ildə “Milli transliterasiya standartları” dövlət standartı təsdiqlənmiş, “Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza” yaradılmış, “Azərbaycan Respublikasının ərazi vahidlərinin adları ingilis dilində” adlı kitab hazırlanmış, çoxsaylı konfranslar keçirilmişdir.

Məruzə ərafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.