AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarının onlayn iclasında institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Sosial media analitikası: sosial şəbəkələrdə münasibətlərin analizi modeli” mövzusunda məruzə ilə çıxış edib.
“Dünyada baş verən sosioloji prosesləri öyrənmək, analiz etmək və proqnozlaşdırmaq hər bir dövlətin iqtisadi inkişafında, informasiya təhlükəzliyi məsələsində, elektron dövlət siyasətinin səmərəli aparılmasında vacib məsələlərdəndir”, - deyə qeyd edən İ.Ələkbərova bildirib ki, sosial-siyasi və iqtisadi proseslər inkişaf etdikcə, sosiologiyanın ayrı-ayrı sahələri olan sosial münasibətlər, demoqrafiya, konfliktlərin analizi və s. sahələr üzrə tədqiqatlar da genişlənməkdədir.
Məruzəçi sosial münasibətlərin sosial qruplar və ya qrup üzvləri arasında iqtisadi, hüquqi, əxlaqi, siyasi, dini, etnik və digər sahələrdə baş verən proseslərdə yaranan münasibətləri nəzərdə tutduğunu deyib, onların rəsmi və qeyri-rəsmi kimi tipləri, eləcə də təsir formasına görə növləri haqqında məlumat verib. O, həmçinin təşkilat daxili münasibətlərin tiplərindən danışıb, sosial media resurslarındakı münasibətlərdən, sosial media layihələrində demoqrafik məlumatların analizindən bəhs edib.
“Sosial media resurslarında sosial münasibətlər yaxınlığı tənzimləyən müəyyən sosial normalarla idarə olunur”, - deyən İ.Hüseynova sosial münasibətlərlə əlaqədar passiv, aktiv və interaktiv ünsiyyət strategiyası müəyyən edildiyini diqqətə çatdırıb. O, sosial media analitikasının sosial, iqtisadi, biznes və s. qərarlarının dəstəklənməsi və bu qərarlar əsasında fəaliyyətlərin effektivliyinin ölçülməsi məqsədilə sosial şəbəkələrdən əldə olunmuş verilənləri toplamaq, analiz etmək və onların mənasını anlamaq bacarığı olduğunu bildirib.
Məruzəçi sosial media analitikası üçün xarakterik yanaşmalar haqqında danışaraq seqmentasiyanın sosial media analitikasında fundamental yer tutduğunu deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə sentiment analiz sosial dinləmənin əsas metodologiyalarındandır: “Belə ki, bu yanaşma insanların bir-birləri və hər hansı hadisə haqqında fikirlərini öyrənməyə imkan verir. Sosial şəbəkədəki əhval-ruhiyənin dəyişməsini vaxtında müəyyənləşdirməklə gözlənilməz dəyişikliklərə dərhal reaksiya vermək mümkündür.
Məruzəçi, həmçinin klasterləşmə, səsin payı analizi, idarə panelləri və vizuallaşdırma, sosial münasibətlərdə əsas ölçü metrikaları olan aktorun aktivliyi, çəkisi, münasibətlərin istiqaməti, münasibətlərin sıxlığı barədə danışıb, analizdə istifadə olunan parametrlər, sosial resursu təşkil edən komponentlər, münasibətlərin qiymətləndirilməsində əsas göstəricilər haqqında ətraflı məlumat verib.
İ.Ələkbərova sosial şəbəkədə sosial münasibətlərin aşkarlanması modelini təqdim edib, bu münasibətlərin analizi sisteminin arxitektur sxemi və analiz üçün kateqoriyalar üzrə həlli sxemini diqqətə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Həcırəhimova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, eləcə də institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, dosent Hikmət Quliyev və digərləri iştirak ediblər.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığından bəhs edib, fərdlər arasında olan qeyri-aşkar münasibətlərin aşkarlanaraq sistemləşdirilməsinin əhəmiyyətli məsələlərdən olduğunu qeyd edib.
Akademik R.Əliquliyev tədqiqat işi çərçivəsində elektron dövlət mühitində fərdi məlumatlar əsasında fərdlərarası hüquqi və hüquqla tənzimlənməyən digər münasibətlərin aşkarlanmasının və fərdlərin reyestrlərdəki məlumatları əsasında yeni bir sistemin hazırlanmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Akademikin sözlərinə görə, reallığa əsaslanan yeni model dövlətin demoqrafik siyasətinin həyata keçirilməsi, dövlət səviyyəsində bu və ya digər məsələlərlə bağlı qərarların qəbul edilməsi, cəmiyyət daxilində gedən proseslərin, onun müxtəlif sosial qruplarının qiymətləndirilməsi baxımından böyük imkanlara malik olacaq.
R.Əliquliyev fərdin cəmiyyətdə sosial qrafının müəyyənləşdirilməsi və identifikasiya olunması, hər bir fərdin sosial kreditinin hesablanması üçün monitorinq və qiymətləndirmələrin aparılması məqsədilə süni intellekt və qeyri-səlis texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunub. Akademik, həmçinin fərdi münasibətlər əsasında meta münasibətləri də aşkar etməyin mümkünlüyünü ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.