Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək dissertasiya işlərinin müzakirələrinə həsr olunmuş onlayn elmi seminarlar davam edir.
Növbəti tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun daha 2 tədqiqatçısının dissertasiya işi ilə bağlı müzakirələr aparıldı.
“Süni intellektə əsaslanan jurnalistikada problem və perspektivlər” mövzusunda dissertasiya işini institutun baş mütəxəssisi Sünbül Zalova təqdim edərək əvvəlcə mövzunun aktuallığından bəhs etdi. O, müasir dövrdə texnologiyanın inkişafının müxtəlif sahələrə tədbiqi ilə yeni jurnalistika istiqamətlərinin yarandığını, İnternet jurnalistika, robot jurnalistika, süni intellektə əsaslanan jurnalistika, dron jurnalistika və s. kimi sahələrin meydana gəldiyini diqqətə çatdırdı.
“İKT və təbii dilin təkamülü nəticəsində ənənəvi xəbər istehsalı dəyişərək, yeni imkanlar əldə etməkdədir. Belə ki, artıq proqram təminatının köməyi ilə avtomatik şəkildə mətni baza məlumatlarından təbii dilə çevirmək mümkündür. Xəbərlərin avtomatik, multimedia resurslarının imkanlarından geniş istifadə olunaraq yaradılması bir ənənə halını almaqdadır”, - deyə o, əlavə etdi.
Tədqiqatçı qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi süni intellektə əsaslanan jurnalistikanın problemləri və perspektivlərinin müəyyənləşdirilməsi, mövcud problemlərin həlli üçün təkliflərin işlənilməsidir.
Onun sözlərinə görə, dissertasiya işi çərçivəsində süni intellekt jurnalistikası sahəsində beynəlxalq təcrübənin araşdırılması, perspektivlər və problemlərin müəyyənləşdirilməsi, Azərbaycanda bu sahədə mövcud vəziyyətin öyrənilməsi, sosial şəbəkələrdə süni intellekt jurnalistikasından daha səmərəli istifadə üçün təkliflərin işlənməsi, virtual məkanda süni intellekt jurnalistikası ilə bağlı ortaya çıxan problemlərin aradan qaldırılması üçün təkliflərin hazırlanması nəzərdə tutulur.
Məruzə ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkərək süni intellektin artıq jurnalistikanın bütün sahələrində geniş tətbiq olunduğunu, bu istiqamətdə tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu vurğuladı. Alim dissertasiya işi çərçivəsində müasir İKT texnologiyalarının araşdırılması və onların jurnalistikada tətbiqinə dair dərin elmi araşdırmaların aparılmasının vacibliyini önə çəkdi.
“Müasir çağırışlar kontekstində jurnalistikada gedən proseslərin araşdırılması, süni intellekt texnologiyalarının tətbiqi ilə yeni jurnalistikanın formalaşması problemləri və həlli yollarının tədqiqi dissertasiya işinin əsas ideyasıdır”, - deyən akademik əlavə etdi ki, tədqiqatçı bu məqsədlə süni intellekt texnologiyalarını yaxşı mənimsəməli, sivilizasiya tarixində baş verən informasiya inqilablarını araşdırmalı, müxtəlif sistemlərin iş prinsipini öyrənməlidir.
Sonra çıxış edən institutun baş mütəxəssisi Gülnar Paşayeva “Azərbaycanda informatika elminin meydana gəlməsi və inkişaf mərhələlərinin tədqiqi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.
O, Azərbaycanda informatika elminin 1960-cı illərdən inkişaf etməyə başladığını, həmin dövrdən etibarən ölkəmizdə elm və təhsil müəssisələrinin bu istiqamətdə bir çox nailiyyətlər əldə etdiyini söylədi:
“Azərbaycanda informatikanın yaranması və inkişafı ilə bağlı görülən işlər, əldə olunan nailiyyətlər, bu istiqamətdə qəbul edilmiş qərarlar, fərman və sərəncamlar, arxiv sənədlərinin araşdırılması, IV sənaye inqilabı trendlərinin reallaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin, əldə edilən nəticələrin tədqiq edilməsi mühüm əhəmiyyətə malikdir”.
Məruzəçi bildirdi ki, tədqiqat işinin əsas məqsədi Azərbaycanda informatika elminin tarixinin araşdırılması, onun meydana gəlməsi, təşəkkülü və inkişaf mərhələlərinin tədqiq edilməsidir.
Sonra o, tədqiqat işində qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı. Qeyd etdi ki, buraya Azərbaycanda informatikanın meydana gəlməsi mərhələlərinin araşdırılması, kosmik sənayenin formalaşmasının tədqiqi, ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları və informatika sahəsində aparılan elmi tədqiqatlar, əldə olunan mühüm elmi nailiyyətlərin araşdırılmas və s. daxildir.
Akademik Rasim Əliquliyev qeyd olunan dissertasiya işi ilə bağlı fikir və tövsiyələrini bölüşərək söylədi ki, ötən müddət ərzində ölkəmizdə informatika elminin yaranması, inkişaf mərhələləri, onun yarandığı mühitin xüsusiyyətləri, bu prosesdə müvafiq sahə alimlərinin xidmətləri sistemli şəkildə araşdırılmamışdır:
“Azərbaycanda informatika elminin inkişafında rolu olan alim və tədqiqatçıların, eləcə də ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin araşdırılması mühüm məsələdir”.
Akademik bu dissertasiya işi çərçivəsində Azərbaycanda proqramlaşdırma, şəbəkə texnologiyaları, kompüter texnologiyalarının, informasiya təhlükəsizliyi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin meydana gəlməsi və inkişaf mərhələləri, eləсə də informatika sahəsində kadr hazırlığının araşdırılmasının əsas tədqiqat hədəflərindən olduğunu qeyd etdi.
Hər iki dissertasiya işi ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.