Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlər işlənir

09 Fevral 2022 - 10:20 | Konfranslar, İclaslar
Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlər işlənir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim ediləcək 3 dissertasiya işinə dair müzakirələr aparıldı.

Öncə institutun dissertantı Tural Bədəlov “Böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsi” adlı dissertasiya işini təqdim edərək, qarşıya qoyulmuş məsələlər, elmi tədqiqat çərçivəsində dərc olunmuş məqalələr və s. barədə məlumat verdi.

Mövzunun aktuallığından söz açan iddiaçı bildirdi ki, böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanaraq kənarlaşdırılmasında Big Data-dan istifadə olunması daha dolğun və düzgün nəticələr çıxarmağa imkan verir. Bilavasitə anomaliyaların ayrıca tədqiq olunması isə bir sıra tətbiqlərdə, məsələn, tibdə diaqnostikanın düzgün aparılması və yeni növ xəstəliklərin aşkarlanması, e-bank sistemlərində təhlükəsizliyin təmin olunması, kompüter şəbəkələrində hücumların aşkarlanması, İnternet kriminalistika və s. kimi sahələrdə böyük əhəmiyyətə malikdir. Bütün bunlar böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin işlənməsini zəruri edir.

T.Bədəlovun sözlərinə görə, giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işinin məqsədi böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün mövcud alqoritmləri analiz etmək, onların üstün və zəif cəhətlərini aşkar etmək, nəticədə yeni və daha effektiv alqoritmlər və ya mövcud alqoritmlərin yeni modifikasiyalarını təklif etməkdir.

Sonra institutun dissertantı Elşən Bağırov çıxış edərək “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.

“Müasir dövrdə hücum metodlarının, eyni zamanda, antiviruslardan yayınma təlimatlarının internet üzərindən yüksək əlçatanlığı səbəbindən zərərli proqramların aşkarlanması daha da mürəkkəbləşmişdir. Zərərli proqramların aşkarlanma dəqiqliyinin artırılması, yeni növ aşkarlama metodlarının inkişaf etdirilməsi və bununla da kompüter sistemlərinin zərərli proqramlardan mühafizəsi istiqamətində aparılan elmi tədqiqatların təkmilləşdirilməsinə ehtiyac vardır. Bu kimi amillər mövzunun aktuallığını şərtləndirir”, – deyə iddiaçı bildirdi. Qeyd etdi ki, dissertasiya işinin məqsədi yayınma üsulları tətbiq edilmiş, antiviruslar tərəfindən aşkarlanması çətin olan zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması və bu məqsədlə intellektual analiz metodlarının və alqoritmlərinin işlənməsidir.

E.Bağırov giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan tədqiqat işinə dair 4 tezisin nəşr olunduğunu, 3 məqalənin hazırlandığını söylədi.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dissertant Aysən Fərəcova “Elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi.

İddiaçı elmi tədqiqatda e-dövlət və onun tətbiqinin üstünlükləri, e-dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi kimi bir sıra aktual məsələlərin nəzərdən keçirildiyini və e-dövlətin tətbiqi ilə bağlı problemlərin araşdırıldığını bildirdi.

A.Fərəcova qeyd etdi ki, tədqiqatın əsas məqsədi elektron dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsidir. E-dövlət xidmətlərinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin araşdırılması, e-dövlət xidmətlərinin qiymətləndirilmə meyarları və mövcud yanaşmaların analizi, e-dövlət xidmətlərinin intellektual analizi üçün modelin işlənməsi, rəqəmsal transformasiya və “ağıllı” dövlətə keçid, intellektual e-dövlət xidmətlərinin yaradılması, Sənaye 4.0 platformasında e-dövlət modelinin tədqiqi dissertasiya işində qarşıya qoyulmuş məsələlərdəndir.

Hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər səsləndirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, gənc tədqiqatçıların təqdim etdikləri hər bir dissertasiya işinin aktual problemlərə həsr olunduğunu, müvafiq istiqamətlərdə araşdırmaların intensivləşdirilməsi və nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd etdi, onlara gələcək elmi fəaliyyətlərində uğurlar dilədi.

Akademik fevralın 2-də Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda dövlət başçısının gənclərlə görüşünü xatırladaraq, burada çox əhəmiyyətli fikirlərin səsləndirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin çıxışının və çağırışlarının əsas hədəfi dövlətin gənclər siyasətinin həyata keçirilməsi, gənclərin yüksək keyfiyyətli təhsil alması, peşəkar kadr kimi formalaşdırılmasıdır.

Hələ 1970-ci illərdə SSRİ çərçivəsində Ulu Öndər Heydər Əliyevin iştirakı ilə gənclərin təhsil alması üçün digər ölkələrə göndərildiyini xatırladan alim bildirdi ki, hazırda bu siyasət Cənab Prezident tərəfindən uğurla davam etdirilir. Belə ki, İlham Əliyev nitqində daha öncə həyata keçirilmiş, xaricdə təhsil alan gənclərlə bağlı genişmiqyaslı proqramın yeni formada bərpa ediləcəyini, ildə 400 gəncin dünyanın aparıcı ali məktəblərinə göndəriləcəyini qeyd etmişdir.

Akademikin sözlərinə görə, xarici universitetlərdə süni intellekt texnologiyalarının gətirdiyi reallıqlarla bağlı olaraq, əmək bazarında gedən dəyişikliklərə adekvat olan müxtəlif peşələr üzrə yüksəkixtisaslı gənc kadrların hazırlanması, onların ölkəmizə qayıdaraq burada məqsədyönlü fəaliyyət göstərməsi çox böyük nailiyyətlərin əldə olunmasına imkan verəcək. Bu baxımdan sözügedən proqramın yeni formada bərpa edilməsini Azərbaycanın gələcəyi üçün ən böyük kapital kimi qiymətləndirə bilərik.

“Ölkəmizin dünyada layiqincə təmsil olunmasının yeganə yolu savadlı və peşəkar gənclərin yetişdirilməsidir. Dövlətin gənclər siyasəti institutun prioritetlərindəndir”, – deyə bildirən R.Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin gənc tədqiqatçılara hər zaman dəstək göstərməyə hazır olduğunu vurğuladı. Akademik İnformasiya Texnologiyaları İnstitutunun dövlətin milli maraqlarının təmin olunmasında, Azərbaycanın gənclər siyasətinin həyata keçirilməsində həm dövlət qurumu, həm də vətənpərvər ziyalı kimi yaxından iştirakının vacibliyini qeyd etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.