AMEA-nın müxbir üzvü Məsumə Məmmədova Ümumdünya Soft Computing Konfransında məruzə ilə çıxış edib

04 Fevral 2022 - 18:59 | Konfranslar, İclaslar
AMEA-nın müxbir üzvü Məsumə Məmmədova Ümumdünya Soft Computing Konfransında məruzə ilə çıxış edib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun11 saylı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova fevralın 3-də dahi Azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş 8-ci Ümumdünya Soft Computing Konfransının (8th World Conference On Soft Computing) iclasında məruzə edib.

“Zoom” platforması üzərindən keçirilən konfransda professor M.Məmmədova “Dəniz neft platformasında personalın intellektual idarə olunmasının paylanmış sistemində qərarların qəbul olunması” mövzusunda çıxış edib. Professor M.Məmmədova bildirib ki, hazırda neft-qaz sənayesinin əməliyyat proseslərində çoxlu sayda ixtisaslı işçilər və mütəxəsislər çalışır və onların əmək fəaliyyəti sağlamlıq üçün potensial təhlükəli və riskli mühitdə baş verir. Bu səbəbdən işçilərin sağlamlığının idarə olunmasının effektivliyinin artırılması və təhlükəsizliyinin təmin edilməsi neft-qaz sənayesinin fəaliyyətinin əsas hissəsini təşkil edir.

Xüsusi təhlükəli seqment kimi dəniz neft-qaz sənayesində Əşyaların İnterneti tətbiqləri haqqında məlumat verən professor, işçilərin sağlamlığının idarə olunması probleminin həllində bu qəbildən olan tədqiqatlara kifayət qədər diqqət ayrılmadığını bildirib. İnstitutun şöbə müdiri dəniz sənayesində işləyən neftçilərin sağlamlığının intellektual idarə olunması sistemində qərarların qəbul olunması istiqamətində aparılan tədqiqatın mahiyyətini konfrans iştirakçılarının nəzərinə çatdırıb, təqdim olunan metodologiyanın insan-mərkəzli yanaşma konsepsiyasına istinad etdiyini bildirib.

Dəniz-neft platformasında çalışan işçilərin sağlamlığının idarə olunması sisteminin funksional modelini təqdim edən məruzəçi hər bir işçinin sağlamlıq göstəricilərinin və parametrlərinin monitorinqi, qiymətləndirilməsi və qərarların qəbul olunması əməliyyatları haqqında məlumat verib. O, bildirib ki, bu qarşılıqlı əlaqəli əməliyyatlar vahid qərar qəbulu prosesinin halqalarını təşkil edir və işçilərin sağlamlığının intellektual idarə olunması üçün paylanmış sistemin səviyyələrində reallaşdığından hər bir səviyyə müvafiq alqoritm və intellektual vasitələrlə təmin edilmiş analitik bloklara malikdir.

Qərarların qəbul olunması baxımından işçilərin sağlamlığının idarə olunması üçün paylanmış sistemin funksionallaşma prinsiplərini təqdim edən məruzəçi qeyd edib ki, məsafədən fasiləsiz monitorinq prosesində hasil olunan verilənlər sağlamlığın normativ və şablon göstəriciləri ilə tutuşdurulur, kənaraçıxmalara görə sağlamlıq vəziyyəti ilə bağlı yaranmış situasiyaya uyğun qərar qəbul olunur.

Baxılan konteksdə qərarların qəbulunun dəstəklənməsi prosesinin reallaşdırılması üçün mümkün yanaşmalar haqqında məlumat verən M.Məmmədova verilənlərin qiymətləndirilməsində qeyri-səlis məntiqə əsaslanan və qeyri-səlis obrazların tanınmasına istinad edən qərar qəbulu metodu haqqında ətraflı məlumat verib, perspektivləri nəzərə çatdırıb.

Məruzə konfrans iştirakçılarının marağına səbəb olub, suallar cavablandırılıb. 

Qeyd edək ki, konfrans AMEA İdarəetmə Sistemləri İnstitutu, Berkli Kaliforniya Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı, Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub. Fevralın 5-dək davam edəcək tədbirdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən olan tanınmış alim və mütəxəssislər də iştirak edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.