“Windows 11” əməliyyat sisteminin təhlükəsizlik məsələləri ilə bağlı araşdırmaların nəticələri müzakirə olundu

23 Dekabr 2021 - 08:43 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirildi. İnstitutun icraçı direktoru, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent  Rəşid Ələkbərov seminarda “Windows 11 əməliyyat sistemi və təhlükəsizlik məsələləri” mövzusunda müzakirələrin aparılacağını bildirdi.

Məruzəni təqdim edən institutun elmi işçisi Kamran Cəfərzadə nəzərə çatdırdı ki, Windows 11 – “Microsoft” korporasiyası tərəfindən hazırlanmış Windows NT-nin bir hissəsi olan əməliyyat sistemidir (ƏS). Windows 10 ƏS-nin davamçısı olan bu sistem bu ilin oktyabrın 5-də ictimaiyyətə təqdim edilib.

Sonra məruzəçi Windows 11 ƏS-nin minimum sistem tələbləri haqqında danışdı. Söylədi ki, bu sistem 1giqahertz (GHz) və ya daha çox, ən az 64 bit dəstəkləyən CPU prosessora, 4 giqabayt (GB) RAM, 64 GB və ya daha çox yaddaş saxlama cihazına malik olmalıdır.

Əməliyyat sisteminin yeni xüsusiyyət və tələblərindən bəhs edən K.Cəfərzadə qeyd etdi ki, bu proqramları “Amazon appstore”dan əldə etmək mümkündür: “Sistemin  mövcud olduğu yerlərdə 5G-ni dəstəkləyən modem, kamera, mikrofon və dinamik, yeni WLAN IHV qurğusu və  Wi-Fi 6E dəstəkləyən router tələb olunur”.

O, sistemin təhlükəsizlik xüsusiyyətlərinə də nəzər salaraq bildirdi ki, Windows 11 əməliyyat sistemi ciddi sistem tələblərini zəruri edən Etibarlı Platforma Modulu (TPM 2.0), Virtualizasiya əsaslı Təhlükəsizlik (VBS) daxil olmaqla bir sıra təhlükəsizlik xüsusiyyətləri əldə edib.

Tədqiqatçı TPM (Etibarlı Platforma Modulu) anlayışından söhbət açdı. Diqqətə çatdırdı ki, TPM kompüterin ana platasına inteqrasiya olunmuş mikroçipdir: “Bu platformanın məqsədi şifrləmə açarlarını, istifadəçinin hesab məlumatlarını və digər həssas məlumatları  baryerinin arxasında qorumağa kömək etməkdən ibarətdir. Bunun sayəsində zərərli proqramlar və təcavüzkarlar həmin məlumatlara daxil ola və ya onlara müdaxilə edə bilməzlər”.

K.Cəfərzadə, həmçinin Virtualizasiya Əsaslı Təhlükəsizlik (VBS) anlayışına da aydınlıq gətirdi. O, bildirdi ki, VBS əməliyyat sistemindən təhlükəsiz yaddaş sahəsi yaratmaq və təcrid etmək üçün “hardware” virtualizasiya xüsusiyyətlərindən istifadə edir.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Şöbə müdiri Rəşid Ələkbərov Windows 11 ƏS haqqında araşdırmaların genişləndirilməsinin, onun digər Windows ƏS-dən fərqli xüsusiyyətlərinin tədqiq edilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.