AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) çıxış edib.
K.Qurbanova məruzəsində İKT-nin və süni intellektin mütəmadi inkişafı və insan-maşın qarşılıqlı əlaqəsi nəticəsində istifadəçi interfeysinin təkamülə uğradığını, İKT cihazlarının istifadəçi üçün daha rahat vəziyyətə gəldiyini bildirib.
Məruzəçi jest dilinin fiziki imkanları məhdud şəxslər üçün yeganə ünsiyyət vasitəsi olduğunu bildirib. O, yüksək məhsuldarlığa malik kompüter texnologiyaları və jestlərin tanınması və izlənilməsinə xidmət edən rahat və əlçatan qurğular olan kompüter görməsi texnologiyaları sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib. K.Qurbanova kompüter görməsi texnologiyasının köməyi ilə alınmış videoqeydə əsaslanaraq jestlərin tanınması sahəsində məhsuldarlığa mənfi təsir edən bir sıra problemlərin mövcud olduğunu deyib.
Onun sözlərinə görə, tədqiqat işində təklif olunan neyroşəbəkə metoduna əsaslanan bir neçə mərhələdən ibarət alqoritm hərəkət trayektoriyasının sadələşdirilməsi və hamarlanması, diskretləşdirmə və deskriptorun hesablanması imkanlarına malikdir. Bu alqoritm əlin vəziyyətinin və işıqlandırmanın dəyişikənliyinə qarşı davamlıdır. O, əlin mürəkkəb və formasını dəyişdirmiş trayektoriyasını hamarlayır və real vaxtda statik və dinamik jestləri tanımağa imkan verməklə problemi qismən aradan qaldırır.
Məruzəçi çıxışının sonunda hazırda ölkəmizdə milli daktil əlifbanın və jestləri tanıyan milli elektron məlumat bazasının yaradılmasının aktual məsələlərdən olduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.