“X Milli Superkompüter Forumu”nda paylanmış e-demoqrafiya sistemində verilənlərin intellektual analizi üçün federativ bulud xidməti modeli təqdim olunub

06 Dekabr 2021 - 11:26 | Konfranslar, İclaslar
“X Milli Superkompüter Forumu”nda paylanmış e-demoqrafiya sistemində verilənlərin intellektual analizi üçün federativ bulud xidməti modeli təqdim olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nun (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Süni intellekt və maşın təlimi” bölməsində “Paylanmış e-demoqrafiya sistemində verilənlərin intellektual analizi üçün federativ bulud xidməti modelinin işlənməsi” adlı məruzə ilə çıxış edib.

F.Abdullayeva elektron demoqrafiyanın aktuallığından söz açaraq, onun mahiyyəti və müvafiq istiqamətdə mövcud problemlər barədə ətraflı məlumat verib. O, əhalinin demoqrafik vəziyyətinin öyrənilməsi məqsədilə toplanan verilənlərdə şəxs haqqında məxfi məlumatların da qeydə alındığını bildirib. Bu verilənlərin analizi zamanı onların açıqlanmasının məlumatların məxfiliyinin pozulmasına səbəb olduğunu diqqətə çatdırıb. Məxfiliyi qorumaq üçün məlumatların anonimləşdirildiyini qeyd edən məruzəçi anonim məlumatlar üzərində əlaqələndirmə hücumunu (linkage attack) həyata keçirməklə, məlumatların konkret şəxsə aid olub-olmadığının müəyyən edilməsinin asan olduğunu söyləyib.

F.Abdullayeva mövcud elmi-tədqiqat işlərində demoqrafik məlumatların analizinin mərkəzi serverdə həyata keçirildiyini qeyd edərək, bu sistemlərdə analiz prosesində bütün məlumatların iştirak etdiyini deyib. Bildirib ki, bu vəziyyət də məlumatların məxfiliyinin pozulmasına səbəb olur. Problemin aradan qaldırılmasında ən yaxşı həll sensitiv verilənlərin analizinin müvafiq qovşaq kompüterlərdə həyata keçirilməsinə və onların əldə etdiyi nəticələrin koordinator kompüterə ötürülərək mübadiləsinin təmin edilməsinə nail olmaqdır.

“Bu məqsədlə tədqiqat işində elektron demoqrafiya verilənlərinin analizi üçün ortalama modelinə (FedAvg) əsaslanan Konvalyusiya Neyron Şəbəkəsi (Convolutional neural network, CNN) alqoritmi üzərində qurulmuş federativ təlim yanaşması işlənmişdir”, – deyə məruzəçi bildirib. Qeyd edib ki, federativ təlim – neyron şəbəkənin çox sayda qurğularda öyrədilməsi metodudur. Bu hesablama modelində vahid qlobal neyron şəbəkə mərkəzi serverdə saxlanılır. Neyron şəbəkəni öyrətmək üçün istifadə olunan verilənlər çoxsaylı heterogen qovşaqlarda lokal analiz olunur.

Onun sözlərinə görə, elektron demoqrafiya mühitində işlənmiş federativ təlim modelinin lokal qovşaqlarını əhalinin sağlamlığı haqqında məlumatların qeydiyyatını aparan səhiyyə təşkilatları təşkil edir. Təklif edilmiş yanaşmanın test prosesi ağciyərlərin rentgen şəkillərindən ibarət verilənlər bazası üzərində aparılmış və mövcud işlərlə müqayisədə metod COVID-19 xəstəliyinin müəyyən edilməsində daha üstün nəticələr vermişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.