Hazırda dünyanı ən çox narahat edən və düşündürən məsələ elmin cəmiyyət və təbiət, cəmiyyət və qlobal iqlim, eləcə də ekologiyaya dair prioritetlərinin müəyyənləşdirilməsi və bəşəriyyətin xilası üçün bütün səylərin birləşdirilməsidir.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev 10 noyabr - Dünya Elm Gününə həsr olunmuş elmi seminarda Industry 4.0 platformasında elmdə gedən transformasiyalar, imkanlar, qarşıya çıxan problemlər və perspektivlərlə bağlı çıxış edərkən belə deyib. Alim bildirib ki, dünyanın əksər ölkələrində qeyd olunan bu günün əsas məqsədi cəmiyyətdə elmin rolunu yüksəltmək, elmin missiyasını bəşəriyyət qarşısında duran qlobal problemlərin həllinə yönəltmək, eləcə də, bu məsələlərə dünya ölkələrinin diqqətini cəlb etməkdir.
Hər il noyabrın 10-da qeyd olunan Sülh və İnkişaf Naminə Dünya Elm Gününün yaranması haqqında məlumat verən alim nəzərə çatdırıb ki, elmi ictimaiyyət üçün mühüm tarixi hadisə olan bu gün 1999-cu ildə UNESCO və Dünya Elmi Şurasının birgə qərarı ilə təsis edilmiş və ilk dəfə 2002-ci ildə Macarıstanda keçirilmişdir.
R.Əliquliyev bir neçə il öncə İordaniyada keçirilən Dünya Elm Gününə həsr olunmuş mötəbər tədbirdə dünyanın hər yerindən elm sahəsində fəaliyət göstərən şəxslər, tanınmış alimlər, nüfuzlu şirkətlər, o cümlədən elmi müəsisə və təhsil qurumları rəhbərlərinin iştirak etdiyini, həmin iclasda AMEA-nın da yüksək səviyyədə təmsil olunduğunu xatırladıb.
Akademikin fikrincə, elm bütün dünyada cəmiyyətə və insanlara xidmət etməklə yanaşı, bəzən bəşəriyyət üçün qlobal təhlükələr də yaradır ki, buraya kütləvi qırğın silahları, nüvə silahları və s. aiddir. Artıq elm özü elə bir inkişaf səviyyəsinə gəlib çatıb ki, nəinki bəşəriyyətə xidmət edir, hətta bəzən onun məhv olmasına gətirib çıxara bilər.
AMEA-nın vitse-prezidenti Dünya Elm Gününün bu il “İqlim dəyişikliyinə hazır olan cəmiyyət quraq” devizi altında keçirildiyini diqqətə çatdırıb. Bu gün dünyada aktual mövzulardan biri olan qlobal iqlim dəyişiklikləri barədə fikirlərini bölüşən institut direktoru, son illərdə Arktikada buzların əriməyə başlaması, meşə yanğınlarının vüsət alması, dünya okeanında suyun səviyyəsinin qalxması və bir sıra ölkələrin su altında qalmasını bəşəriyyət üçün qlobal təhlükələr kimi qiymətləndirib. Bu kimi problemlərin meydana gəlməsində müəyyən mənada elm və texnologiyanın sürətli inkişafının rolu olduğunu deyib.
Yeni ideya, fikir və ixtiraların cəmiyyətin inkişafına xidmət etdiyini, eyni zamanda bir sıra ciddi problemlərə yol açdığını bildirən akademik, elmin bu baxımdan ziddiyyətli bir mövqe tutduğunu söyləyib: “Birinci sənaye inqilabından başlayaraq bəşəriyyət bir tərəfdən elm və texnologiyanın gətirdiyi yeniliklərdən mənfəət əldə edibsə, digər tərəfdən bu yeniliklər atmosferdə karbon və digər zərərli qazların artmasına, meşə yanğınlarına, qlobal iqlim dəyişikliklərinə və s. səbəb olub”.
“Seminarın əsas tədqiqat obyekti və hədəfi IV sənaye inqilabının çağırışları əsasında elmdə gedən rəqəmsal transformasiyalar haqqında fikir mübadiləsi aparmaqdır”, – deyən akademik, bu tədbirdə həmçinin dünya elmini narahat edən məsələlərlə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin, atılan addımların müzakirə olunacağını diqqətə çatdırıb.
Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə, martın 27-nin hər il ölkəmizdə Elm Günü kimi qeyd olunduğunu xatırladan akademik, həmin günün əsas məqsədinin Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması, elm və innovasiyanın qarşısında duran vəzifə və perspektivlərin müəyyənləşdirilməsindən ibarət olduğunu deyib.
AMEA-nın vitse-prezidenti bildirib ki, dövlət başçısı İlham Əliyev ölkəmizdə “yaşıl” cəmiyyətin formalaşması, “yaşıl” enerji, “yaşıl” texnologiya, alternativ enerji mənbələri və digər bərpaolunan elektrik resurslarından istifadə edilməsi məsələlərini diqqət mərkəzində saxlayır. Sonra alim Prezident İlham Əliyevin BMT-nin 76-cı sessiyasında çıxışı zamanı səsləndirdiyi “2030-cu ilə qədər Azərbaycanda istehsal olunan enerjinin 30 faizinin məhz “yaşıl” texnologiyalar və “yaşıl” enerji əsasında həyata keçirilməsi nəzərdə tutulur” fikrini xatırladıb.
Akademik R.Əliquliyevin sözlərinə görə, Azərbaycan alimləri də dünyada gedən proseslərdə fəal iştirak edərək elm qarşısında dayanan qlobal problemlərin həllinə yönələn çağırışlara qoşulur, iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq üçün müəyyən tədbirlər həyata keçirir. Son zamanlar ölkəmizdə keçirilən genişmiqyaslı ağacəkmə aksiyaları, nəqliyyat infrastrukturunun intellektuallaşdırılması və digər istiqamətlərdə görülən işlər dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.