Industry 4.0 platformasında e-elmin transformasiyasına dair aparılan tədqiqatların nəticələri təqdim olundu

11 Noyabr 2021 - 15:46 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 noyabr – Dünya Elm Gününə həsr olunmuş onlayn elmi seminarında şöbə müdirləri Təhmasib FətəliyevŞakir Mehdiyevin “Industry 4.0 platformasında e-elmin transformasiyası: İmkanlar, problemlər və perspektivlər” mövzusunda hazırladıqları məruzə müzakirə edildi.

Mövzu üzrə aparılmış elmi araşdırmaların nəticələrini Ş.Mehdiyev təqdim etdi. Bildirdi ki, elm və sənaye inqilabları qarşılıqlı əlaqəlidir və vəhdət təşkil edirlər. Belə ki, onların inkişafı və formalaşması paralel olaraq baş verir. Qabaqcıl elmi-texnoloji nailiyyətlər sənaye inqilablarının əsasını təşkil edir, sənaye inqilabları isə öz növbəsində, yeni elmi istiqamətlərin formalaşmasına və elmin cəmiyyətin ehtiyaclarına uyğunlaşmasına kömək edir.

Onun sözlərinə görə, dünyada sənayeləşmə prosesinin təkamülü birinci-dördüncü sənaye inqilabları kimi tanınan bir neçə mərhələdən keçmişdir. Mexanikləşdirmə, elektrikləşdirmə və informasiyalaşdırma uyğun olaraq, ilk üç sənaye inqilabının fərqləndirici əlamətləri olmuşdur. Hazırki dövrdə yaşanan dördüncü sənaye inqilabının əsası Almaniya federal hökumətinin təşəbbüsü ilə universitetlərin və özəl şirkətlərin iştirakı ilə Sənaye 4.0 konsepsiyasının elan edildiyi 2011-ci ildə başlamışdır. Konsepsiyanın əsas vəzifəsi milli sənayenin səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq üçün istehsal sistemlərində innovativ informasiya texnologiyalarını inkişaf etdirmək və tətbiq etmək kimi müəyyənləşdirilmişdir. Hazırda Industry 4.0 kimi tanınan dördüncü sənaye inqilabı üçün smart avtomatlaşdırma, fiziki və rəqəmsal dünyanın Əşyaların İnterneti (Əİ) və kiber-fiziki sistemlər (KFS) vasitəsilə əlaqələndirilməsi xarakterikdir.

“Sənaye inqilablarının mərhələlərinə uyğun olaraq, elmin inkişafının dörd vektorunu ayırmaq olar. Bu mənada, elmin dördüncü vektoru kimi Science 4.0 qəbul olunur və onun çərçivəsində Industry 4.0-ın Əİ, KFS, süni intellekt, bulud hesablamaları, Big data analitika və digər smart texnologiyaların geniş istifadəsi nəzərdə tutulur. Beləliklə, Industry 4.0 digər sahələrlə yanaşı, elmin inkişafı üçün də yeni perspektivlər açır və onun əsas texnologiyalarının tətbiqinə əsaslanan Science 4.0 konsepsiyasının reallaşdırılmasını aktuallaşdırır. Bununla da Industry 4.0 platformasında e-elmin transformasiyası baş verir. Başqa sözlə desək, e-elmin Science 4.0-ın texniki-texnoloji bazası kimi qəbul olunub inkişaf etdirilməsi ilə konsepsiya reallaşdırılacaqdır”, – deyə alim qeyd etdi.

Ş.Mehdiyev Elm və Sənaye inqilablarının cəmiyyətin inkişafına təsiri, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, e-dövlət institutlarının, o cümlədən e-elmin və onun sahələrinin Industry 4.0 çağırışların uyğun transformasiyasını ətraflı izah etdi. Industry 4.0-ın 2021-ci il trendləri və Sciences 4.0-ın formalaşmasına əsas verən smart tətbiqlər: smart laboratoriyalar, smart kitabxana, smart universitet, smart bina, smart şəhər, rəqəmsal əkiz və s. haqqında məlumat verdi. O, Science 4.0-ın formalaşmasının konseptual məsələlərini təqdim edərək bildirdi ki, Science 4.0 konsepsiyası çərçivəsində elm korporativ bir mühit kimi qəbul edilir. Onun fiziki infrastrukturunu telekommunikasiya şəbəkələri, verilənlərin emalı mərkəzi, tədqiqat laboratoriyaları, binalar, enerji-istilik-su təminatı, logistika və s. təşkil edir. Belə inteqrasiya edilmiş KFS binalarla əlaqədar fasiləsiz enerji və su təchizatı; iqlim nəzarəti; giriş nəzarəti; bina təhlükəsizliyi və video nəzarət; material və avadanlıqların idarə edilməsi; avadanlıqların monitorinqi; binanın idarə edilməsi, təhlükələrin aşkarlanması və xəbərdarlıq və s.; şəbəkə resurslarına, qurğularına və avadanlıqlarına texniki xidmət; şəbəkə monitorinqi və kibertəhlükəsizlik; elektron xidmətlər; fasiləsiz diaqnostika və s.; elmin informasiya təminatının idarə edilməsi və təhlükəsizliyi; elmi fəaliyyət və elmin idarə olunmasına dəstək və s. təmin etməlidir.

Şöbə müdiri Science 4.0-ın formalaşdırılması prinsiplərinə interoperabellik, modulluq, virtuallaşma, desentralizasiya, real vaxtda işləmə qabiliyyəti və xidmət yönümlülüyünün daxil olduğunu söylədi. Science 4.0-ın konseptual modelini təqdim etdi və Science 4.0 konsepsiyasının əsas xüsusiyyətlərini sadaladı: tərkibindəki smart obyektlərin yüksək dərəcədə qarşılıqlı əlaqəsi, böyük verilənlərin generasiyası və smart obyektlərin Big data analitikası ilə inteqrasiyası, yüksək çeviklik üçün smart obyektlərin dinamik rekonfiqurasiyası, Big data analitika ilə qlobal əks əlaqənin və koordinasiyanın təmin edilməsi ilə yüksək səmərəliliyin əldə olunması.

O, Science 4.0-ın ümumiləşdirilmiş arxitekturunu izah etdi və Science 4.0 çərçivəsində “verilənlərə əsaslanan elm” konsepsiyasının reallaşması və yeni biliklərin avtogenerasiyasına doğru inkişaf məsələləri, kompleks təhlükəsizlik problemləri və onların həlli mexanizmlərindən söz açdı.

Məruzəçi, həmçinin e-elmin yeni istiqaməti kimi formalaşan vətəndaş elminin də Industry 4.0 çağırışları əsasında inkişafının konseptual məsələlərinə toxundu.

Science 4.0-ın formalaşması perspektivləri haqqında danışan məruzəçi, qeyd etdi ki, Science 4.0-ın vahid bir konsepsiya əsasında formalaşdırılması mürəkkəb bir problem olaraq normativ, maliyyə, texniki və texnoloji dəstək tələb edir və bu səbəbdən də mərhələli şəkildə həyata keçirilməlidir. Onun formalaşmasında şəbəkə və hesablama infrastrukturunun, verilənlərin saxlanmasının yeni tələblərə uyğun inkişafı; yeni nəsil avadanlıq və qurğuların tətbiqi  (ağıllı sensorlar, aktuatorlar, simsiz sensor şəbəkələri, Sİ gücləndiriciləri, qrafiki prosessorlar, paralel emal prosessorları və s.); xüsusi proqram təminatlarının işlənməsi, alınması və tətbiqi; müxtəlif təyinatlı yeni sistemlərin, e-resursların işlənməsi; yeni tələblər nəzərə alınmaqla elmi fəaliyyətin və elmin idarə olunmasının  Science 4.0 çərçivəsində yenidən qurulması və inkişaf etdirilməsi; kompleks təhlükəsizliyin təmin edilməsi və s. nəzərə alınmalıdır.

Sonda Ş.Mehdiyev Science 4.0-ın formalaşmasının nəticədə elmi fəaliyyətin səmərəliliyini artıracağını və elmin yeni keyfiyyətdə idarə olunması üçün çoxşaxəli həllərin verilməsini dəstəkləyəcəyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.