Süni intellekt texnologiyaları elmi biliklərin əldə olunmasında necə tətbiq olunur?

10 Noyabr 2021 - 10:20 | Konfranslar, İclaslar
Süni intellekt texnologiyaları elmi biliklərin əldə olunmasında necə tətbiq olunur?

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Süni intellekt texnologiyalarının elmi biliklərin əldə olunmasında tətbiqi” mövzusuna həsr olunmuş onlayn elmi seminar keçirildi.

Məruzəni təqdim edən institutun əməkdaşı Şahanə Mansurova biliklərin əldə olunmasının təkamülü və onları fərqləndirən əlamətlər, elmi verilənlər və onların əldə olunması metodları, Elm və Sənaye inqilabları, Sənaye 4.0 və əsas tərkib hissələri, eləcə də süni intellekt texnologiyaları və elmi verilənlərin əldə olunmasında yeni analiz metodları haqqında məlumat verdi.

O, qeyd etdi ki, biliklərin əldə edilməsi və istifadəsi cəmiyyətin hərəkətverici qüvvəsi olub onun inkişafı mərhələlərində mühüm əhəmiyyətə malikdir: “Müasir dövrdə Sənaye 4.0  xarakterizə edən Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, bulud və koqnitiv hesablamaların inkişafı verilənlərin generasiyası, saxlanması, ötürülməsi, emalı və yeni biliklərin əldə olunması baxımından inqilabi dəyişikliklərə səbəb olmuş, problemin həllini aktuallaşdırmışdır. Bu baxımdan elm sahələrinin konkret məsələlərində biliklərin aşkarlanması üçün yeni metod və alqoritmlərin işlənməsi zamanı yeni texnologiyalarının tətbiqi mühüm əhəmiyyətə malikdir”.

Biliklərin əldə olunmasının təkamülündən bəhs edən məruzəçi bildirdi ki, müasir dövrdə İKT texnologiyaları və insanların onlarla qarşılıqlı əlaqələri idrak proseslərinə təsir edərək biliklərin əldə edilməsi, yayılması, əlçatanlığı və tətbiqinə müsbət təsir göstərmişdir. Biliklərin əldə edilməsi və istifadəsi minilliklər ərzində insan sivilizasiyasının inkişafında mühüm əhəmiyyətə malik olmuşdur.

Elmi verilənlər haqqında danışan Ş.Mansurova qeyd etdi ki, elm biliklərin və informasiyaların əldə edilməsi, toplanması, sistemləşdirilməsi, işlənməsi, yayılması və tətbiqindən ibarət olan insan fəaliyyəti sahəsidir. Elmi bilik təbiət, cəmiyyət və düşüncə qanunları haqqında biliklər sistemidir.

Sonra məruzəçi süni intellekt haqqında söhbət açdı. Söylədi ki, süni intellekt dedikdə, insan məntiqi ilə işləyən texniki sistemlərin yaradılması sahəsində aparılan elmi araşdırmalar sistemi nəzərdə tutulur. Süni intellekt müxtəlif mürəkkəb tətbiqi məsələlərin həlli üçün insan düşüncəsinə, eləcə də canlı və cansız təbiətdə baş verən proseslərə analoji prinsip və yanaşmalardan istifadə edilməklə işlənib hazırlanmış metodlar məcmusudur.

Ş.Mansurova süni intellektin tətbiq sahələrini sadaladı. Bildirdi ki, bunlara neyron şəbəklər, robototexnika, müəssisə sistemləri və s. daxildir: “Süni intellektin tədqiqində istifadə olunan kompleks üsullara isə riyazi mənitiq üsulları, freym dilləri, tətbiqi və riyazi linqvistikanın üsulları, koqnitiv psixologiyanın üsulları və tanınma müxanizmlərinin tədqiqi aiddir”.

Sonra o, süni intellekt sistemlərinin təsnifatını nəzərə çatdırdı. Qeyd etdi ki, buraya intellektual informasiya-axtarış, hesablama-məntiq sistemləri, ekspert sistemləri və ekspert sistemləridir. Əlavə etdi ki, süni intellekt neyron şəbəkələr, təkamül hesablamaları, qeyri-səlis məntiq, təsvirlərin emalı və analizi üsullarının izlənilməsi istiqamətləri üzrə tətbiq edilir.

Tədqiqatçı süni intellektin tətbiqi zamanı yaranan problemlərə də nəzər saldı. Bu problemlər arasında süni intellekt əsaslı texnologiyalar üçün  məxfilik standartlaşmasının olmaması, istifadəçidən razılıq toplamağın səmərəsiz olması,  süni intellekt qərarlarının qəbuluna nəzarətin olmaması və s. mövcuddur.

Sonda məruzəçi süni intellekt texnologiyaları ilə əlaqədar konfranslar haqqında məlumat verdi. Bildirdi ki, elmi biliklərin əldə edilməsi və istifadəsi cəmiyyətin hərəkətverici qüvvəsi olub, onun inkişafı mərhələlərində mühüm əhəmiyyətə malikdir:  “Son dövrlər ərzində texniki-texnoloji inkişaf, xüsusən Sənaye 4.0-ı  xarakterizə edən Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt, bulud və koqnitiv hesablamaların inkişafı verilənlərin generasiyası, saxlanması, ötürülməsi, emalı və yeni biliklərin əldə olunması baxımından inqilabi dəyişikliklərə səbəb olmuş, eləcə də problemin həllini aktuallaşdırmışdır”.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.