AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Kəmalə Qurbanova Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq elmi-texniki konfransında “Jestlərin tanınması üçün modelləşdirmə metod və mərhələlərinin tədqiqi” adlı məruzəsini təqdim edib.
Jest dili haqqında məlumat verən məruzəçi dünya əhalisinin müəyyən bir hissəsinin anadangəlmə və ya sonradan eşitmə qabiliyyətini itirərək ünsiyyət problemi yaşadığını bildirib. Bu problemin nitq və eşitmə məhdudiyyətli insanların ünsiyyəti üçün zəruri olan jestləri tanıyaraq mətnə, səsə və əksinə çevirən aparat və proqram təminatının təkmilləşdirilməsi prosesinin reallaşmasına maksimum imkan yaradan kompüter sistemlərində effektiv üsulların işlənməsinin aktual olduğunu göstərdiyini diqqətə çatdırıb.
“Jestlərin tanınma sistemi, tanınma problemini həll etməyə imkan verən kompüter texnologiyaları və riyazi alqoritmlər toplusudur”, – deyə bildirən K.Qurbanova tədqiqat işində jestlərin tanınması sisteminin 4 mərhələdən (kamera, sensorlu əlcək və s. kimi qurğuların köməyilə informasiyanın əldə edilməsi, təhlili, jestin əlamətlərinin təyini, jestin tanınması) ibarət modelinin nəzərdən keçirildiyini qeyd edib.
Onun sözlərinə görə, insan-kompüter qarşılıqlı əlaqəsi jest tanıma prosesinin uğurla tətbiq olunduğu sahələrdən biridir. Tanınma prosesinin dəqiq nəticə verməsini təmin etmək üçün əl jesti aydın modelləşdirilməlidir. Jest tanıma sistemlərində 2 növ modelləşdirmə vardır: 2D modelləşdirmə – bu halda əlin şəkli ikiölçülü koordinat sistemində analiz edilir, lazımi məlumatı əldə etmək üçün seqmentasiya alqoritmindən istifadə olunur. 3D modelləşdirmə – jest və ya işarə üçölçülü məkanda çəkilir, əlavə koordinatlardan istifadə edilməsi qeyri-müəyyənliyi aradan qaldırır və tanınmanın dəqiqliyini təmin edir.
K.Qurbanova bildirib ki, eşitmə məhdudiyyətli insanların sosiallaşma problemlərini həll etmək üçün jestləri səsə və ya əksinə, səsli danışığı jestə çevirən yeni metod və sistemlərin işlənməsi elmi-texniki mühitin əsas tələbatlarındandır. Milli daktil əlifbanı və jestləri tanıyan milli elektron bazanın yaradılması respublikamızda yaşayan eşitmə məhdudiyyətli insanların təhsil və kommunikasiya sahəsində qarşılaşdığı baryeri qismən aradan qaldıra bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.