“İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının vəziyyəti haqqında məsələ institutunun Elmi şurasının onlayn iclasında müzakirə olunub.
İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planını təqdim edib.
R.Həsənova diqqətə çatdırıb ki, fəaliyyət planına əsasən işçi qrup təşkil olunmuş, elmi jurnalların “Web of Science” bazasında təmsilçilik məsələləri araşdırılmış və institutun elmmetriya saatında təqdim olunmuşdur. Jurnalların veb saytları ilə nəşriyyatın veb səhifəsi arasında qarşılıqlı hiperistinadların yaradılması ilə bağlı problemlər aradan qaldırılmış, elmi jurnalların saytında müəlliflərin rəy izləmə imkanı təkmilləşdirilmişdir.
O, jurnalogiya – akademik nəşr prosesinin bütün aspektlərinə dair tədqiqatların aparıldığını, bu məsələyə həsr olunmuş elmmetriya saatının keçirildiyini və broşürün hazırlandığını da diqqətə çatdırıb.
R.Həsənova qeyd edib ki, redaksiya heyəti üzvlərinin təyin edilməsi qaydaları, ədəbiyyat siyahısının hazırlanmasında transliterasiya sisteminin tətbiqi, məqalələrin ədəbiyyat siyahısının beynəlxalq standartlar əsasında tərtib edilməsi, elmi jurnalların “Web of Science”, “Scopus” və digər bazalarda təmsilçilik məsələləri ilə bağlı işlər davam etdirilir.
Məruzəçinin sözlərinə görə, elmi jurnalların beynəlxalq akademik bazalarda qeydiyyatı üçün müraciətlərin hazırlanması və göndərilməsi, elmi jurnalların veb saytlarının vahid standarta gətirilməsi qaydaları, jurnalların veb saytlarının beynəlxalq standartlara uyğunlaşdırılması da fəaliyyət planı çərçivəsində görüləcək işlər sırasındadır.
O, həmçinin müəlliflərin coğrafiyasının genişləndirilməsi məsələləri, “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının AAK tərəfindən təqdim edilən Azərbaycanda məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında multidissiplinar jurnal kimi göstərilməsinin təmin edilməsi, jurnallardakı məqalələrin ingilis dilinə tərcümə edilməsi və digər məsələlər barədə məlumat verib.
İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov fikirlərini bölüşərək hər iki jurnalın fəaliyyət planında qarşıya qoyulan məsələlərlə bağlı işlərin sürətli şəkildə davam etdiyini, yaxın vaxtlarda qeyd olunan problemlərin həllinin nəzərdə tutulduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının institutun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Akademik işçi qrupun üzvləri və digər məsul şəxsləri jurnallarla bağlı qarşıya qoyulmuş tapşırıqların icrasında fəal olmağa çağırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.