Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin təminində innovasiya infrastrukturu problemləri araşdırılır

01 İyul 2021 - 13:20 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin təminində rəqəmsal texnologiyalar və innovasiya infrastrukturu problemləri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan və məruzəsini təqdim edən institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev ölkəmizin 2020-ci ilin sonlarından başlayaraq iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamasından söz açdı. Alim Azərbaycanın İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri üzərində parlaq qələbəsi və işğal altında olan ərazilərimizin azad edilməsi, əvvəlki illərdə sosial-iqtisadi islahatların həyata keçirilməsi nəticəsində iqtisadiyyatın güclənməsinin və müasirləşməsinin təmin edilməsi, 2003-cü ildən başlayan modernləşmə dövründə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcminin dəfələrlə böyüməsi, ümumi sosial-iqtisadi potensial, iqtisadiyyatın xarici təsirlərə dözümlülüyü və davamlılığı, Azərbaycanın yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənə bilməsi, Milli Prioritetlərin təminində rəqəmsal texnologiyaların, innovasiya infrastrukturunun formalaşması problemləri haqqında danışdı.

Alim növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair bir sıra Milli Prioritetlərin reallaşdırılmasının vacibliyini önə çəkdi: “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi bərqərar olmalıdır”.

“Hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması məqsədilə XXI əsrin tələblərinə uyğun təhsil sisteminin qurulması, yaradıcı və innovativ cəmiyyətin formalaşdırılması, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi son dərəcə vacibdir”, – deyə Ə.Əliyev qeyd etdi.

Rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanının formalaşdırılması məqsədilə bir sıra kompleks tədbirlərin həyata keçirilməsinin önəmindən danışan şöbə müdiri, iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə söykənməli olduğunu vurğuladı. Bildirdi ki, insan kapitalının milli sərvətin yaradılmasındakı iştirak payı artırılmalı, “ömürboyu fasiləsiz təhsil” konsepsiyasına xüsusi önəm verilməli, təhsil sistemi modernləşdirilməli və gələcək rəqəmsal texnologiyalar dövrü üçün rəqəmsal bacarıqlar, ixtisaslar və peşələr yaratmalı, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalı, peşə hazırlığı beynəlxalq səviyyəyə uyğun mütəxəssislər hazırlanmalı, ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə rəqabətədavamlılığı təmin olunmalı, gələcək dövrdə rəqəmsal cəmiyyət inkişafın aparıcı qüvvəsinə çevrilməli, cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır.

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış və müasir normal həyat tərzinin təmin olunmasından danışan alim qeyd etdi ki, bu prioritetin uğurla reallaşdırılması üçün dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya istiqamətlərinə xüsusi diqqət yetirilməlidir. İşğaldan azad olunmuş regionların təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcək. Bunun üçün isə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır. Yeni ərazilərdə müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır.

“Milli Prioritetlərin təmin edilməsi ilk növbədə, elmin və texnologiyanın müasir tələblərə uyğun inkişafı, biliyə əsaslanan cəmiyyətin innovativ inkişaf ideyası, yeni məhsulların yaradılması üçün yeni texnoloji həllərdən istifadə etməklə istehsalın strukturu, supernomkompüterlərin yaradılması, qlobal bulud və paralel hesablama texnologiyalarının işlənilməsi, intellektual informasiya sistemlərinin və süni intellektin layihələndirilməsi, böyük verilənlərin analitik təhlili metodlarının işlənilməsi, qlobal informasiya təhlükəsizliyi üzrə proqram təminatlarının yaradılması, qlobal sürətli informasiya axtarış sistemlərinin işlənilməsi, mobil İnternet texnologiyalarının yaradılması, sənayenin, Əşyaların İnterneti, kiber-fiziki sistemlərin geniş tətbiqi, virtual reallıq sistemlərinin formalaşdırılması, kosmik texnologiyaların və 4-cü Sənaye İnqilabı komponentlərinin, texnologiyalarının işlənilməsi rəqəmsal texnologiyalar və innovasiya infrastrukturunun formalaşması problemlərindəndir”, – deyə alim diqqətə çatdırdı.

İKT əsaslı Milli İnnovasiya Sisteminin (MİS) yaradılması xüsusiyyətləri və perspektivlərindən bəhs edən Ə.Əliyev Milli Prioritetlərin təminində İKT-nin və rəqəmsal texnologiyaların tətbiqi, İKT sahəsində milli kadrların hazırlanması, minimal İKT-savadlılığının təmin olunması, sosial yönümlü sahələrin və telekommunikasiya infrastrukturunun inkişafı, hüquqi-normativ bazanın yaradılması, elektron hökumətin, iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi, milli informasiya resurslarının yaradılması, kütləvi rəqəmsallaşma texnologiyaların tətbiqi, elmi-texniki və istehsalat potensialının yüksəldilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT üzrə bilik standartlarının hazırlanmasının zəruriliyindən söz açdı.

Onun sözlərinə görə, qarşıdakı onillikdə Milli Prioritetlərin təmini istiqamətində İKT, rəqəmsal texnologiyalar və İKT yönümlü innovasiya sisteminin yaradılması məqsədilə elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən informasiya sistemlərinin, şəbəkələrinin inkişafı və əhalinin bütün təbəqələrinin informasiya resurslarına müraciət imkanlarının genişləndirilməsi mühüm məsələlərdəndir. İKT yönümlü MİS-in formalaşmasının başqa bir aspekti sosial-iqtisadi informasiyasının toplanması, saxlanılması, təhlili və qeydiyyatının vahid sisteminin yaradılmasıdır. İKT yönümlü innovasiya sistemi ölkənin istehsal strukturunu və onun texniki bazasını, idarəetmə sisteminin təkmilləşməsini, nəhayət istehsalın insan faktorunun inkişafını müəyyənləşdirir. Hazırda İKT profilli texniki parkların yaradılması məsələsi Azərbaycanda innovasiyanın inkişafında prioritet plandır. Bu, ölkənin elmi, intellektual və istehsalat potensialından tam həcmdə istifadə etməyə və onları inkişaf etdirməyə daha yaxşı imkan verəcək.

Məruzənin sonunda Ə.Əliyev əmin olduğunu bildirdi ki, Qarabağa böyük qayıdışda, Qarabağın bərpasında, inkişafında, yenidən qurulmasında, əsas elmi-texniki layihələrin icra edilməsində bir elmi kollektiv olaraq İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının tədqiqat nəticələri də mühüm töhvə rolunu oynayacaqdır.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.