“Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqi” mövzusunda elmi seminar keçirildi

16 May 2021 - 11:20 | Konfranslar, İclaslar
“Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün  metodların tətbiqi” mövzusunda elmi seminar keçirildi

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin “Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün  metodların tətbiqi” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun böyük elmi işçisi Səbinə Məmmədzadə öncə transliterasiya metodlarının növlərindən bəhs edərək onun fonem əsaslı, qrafem əsaslı və hibrid növlərinin olduğunu qeyd etdi.

O, bildirdi ki, qrafem bir əlifbaya aid yazılı simvol qrupudur. Qrafem əsaslı yanaşmalarda, transliterasiya mənbə dilin qrafemlərini hədəf dilin qrafemlərinə birbaşa çevirməklə həyata keçirilir, dilin fonetik xüsusiyyətləri isə nəzərə alınmır, birbaşa metodlar da adlanır.

Fonem əsaslı modellərdən söhbət açan məruzəçi vurğuladı ki, fonem səsin ən kiçik mənalı vahidi və ya dilinin ən kiçik təzadlı vahididir. Fonem əsaslı modellərdə transliterasiya prosesində orfoqrafik xüsusiyyətlər deyil, fonetik xüsusiyyətlər nəzərə alınır.

Tədqiqatçı transliterasiyanın hibrid modellərinə aydınlıq gətirdi. Bildirdi ki, hibrid yanaşmalarda qrafem əsaslı transliterasiya modelləri ilə fonem əsaslı transliterasiya modelləri birləşdirilir. Hibrid transliterasiya yanaşmasında statistik və qaydalara əsaslanan transliterasiya metodologiyaları tətbiq olunur.

Sonra S.Məmmədzadə Azərbaycan dili qrafikasının transliterasiyası sahəsində mövcud vəziyyət barədə danışdı. Qeyd etdi ki, Azərbaycan dili qrafikası ingilis, fransız, alman və digər geniş yayılmış dillər üçün qəbul edilən latın qrafikalarından həm səslənmə, həm də kəmiyyət baxımından fərqlənir. Müəyyən hərflərin əksər dillərdə tanınmaması (məs., “ğ”, “ı”, “ə” və s.), bəzi hərflərin qarşılığının olmaması səbəbindən olduğu kimi saxlanması (məs., “ü”, “ö” və s.) , digər dillərdəki hərflərin Azərbaycan dilində olmaması həm də transliterasiya prosesini çətinləşdirir.

Daha sonra məruzəçi Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün metodların tətbiqindən bəhs etdi: “Azərbaycan-rus transliterasiyası üçün əlifbamızda olan “ə” hərfi işlənmə mövqeyindən asılı olaraq “a”, “e”, “я” və “э”, Azərbaycan-ingilis transliterasiyası üçün “ə” hərfi “a” və “e” hərfləri ilə əvəz olunur. Azərbaycan-alman transliterasiyasında s hərfi sözün ilk hecasında “p” və “t” hərflərindən əvvəl “s” kimi tələffüz olunması üçün “ss” hərf birləşməsi ilə əvəzlənir (məs.,stol – sstol)”.

O, diqqətə çatdırdı ki, Azərbaycan-fransız transliterasiyası üçün əlifbamızdakı “ı” hərfinin qarşılığı “i” və “y” hərflərinə, Azərbaycan-ispan transliterasiyasında “g” hərfinin qarşılığı “gh” və “gu” hərf birləşmələrinə uyğun gəlir.

Sonda Azərbaycan-fars dillərinin transliterasiyasından bəhs edən S.Məmmədzadə vurğuladı ki, əlifbamızdakı “e”, “i”, “o”, “ö”, “u” və “ü” hərfləri sözün əvvəlində, ortasında və sonunda fars əlifbasının fərqli hərf birləşmələri ilə əvəzlənir.

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.