Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutuna məxsus olan “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” əsərini qeydiyyatdan keçirmiş və Şəhadətnamə vermişdir. Əsərin həmmüəllifləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun baş mütəxəssisi Əfruz Qurbanova və institutun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərovdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi, innovativ texnologiyalardan kütləvi faydalanma mühitində dövlət dilimizin potensial imkanlarından istifadə ilə bağlı ortaya çıxan çətinliklərdən biri Azərbaycan dilində düzgün ad sisteminin müəyyənləşdirilməsi, ad, ata adı və soyadların qeydiyyatı ilə bağlı dəqiq sintaktik normaların təsbit olunmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1., eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiqlənmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 1.3. maddəsinə əsasən, hər bir fiziki şəxsin adının – ad, ata adı, soyaddan ibarət olması məqsədəuyğundur.
Qeyd olunan problemlərin araşdırılması üçün AMEA İnformasiya Tedxnologiyaları İnstitutunun 4 iyul 2019-cu il tarixində keçirilən Elmi Şurasının iclasında Azərbaycanın ad sistemindəki mövcud vəziyyətin informasiya cəmiyyəti şəraitində şəxsiyyətin eyniləşdirilməsini, fərdi məlumatlara çıxış imkanlarını məhdudlaşdırdığını nəzərə alaraq, adlar və soyadlar sahəsində vahid standartların formalaşdırılması istiqamətində araşdırmaların aparılması və təkliflərin hazırlanması tövsiyə olunmuşdur.
Bununla əlaqədar, Azərbaycanda vətəndaşların adlandırılması ilə bağlı mövcud problemlər araşdırılmış, qloballaşma dövründə, informasiya cəmiyyəti mühitində bu problemlərin mümkün həlli yolları nəzərdən keçirilmişdir. Azərbaycan vətəndaşlarının ad və soyadları, bu sahədə tarixi ənənələr, ad strukturu ətraflı təhlil olunmuş, milli adlandırma sisteminin psixolinqvistik aspektləri önə çəkilmişdir. Ad və soyad sisteminin təkmilləşdirilməsi, ad komponenti standartlarının yenidən müəyyənləşdirilməsi, adlardakı təhrif hallarının aradan qaldırılması, adlara dair informasiya resurslarının yaradılması və onlardan istifadə mexanizmlərinin işlənib hazırlanması, transliterasiya standartlarının yaradılması kimi məsələlər aktual problem kimi müəyyənləşdirilmiş və bu problemlərin aradan qaldırılması istiqamətində təkliflər irəli sürülmüşdür.
Tədqiqatın nəticəsi olan “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” (https://www.turkologiya.org/saylar/2020-1/Rasim-Eliguliyev.pdf) adlı elmi məqalə 2020-ci ildə “Türkologiya” jurnalında dərc olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.