AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “3D çapın istehsala təsiri” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.
Şöbənin baş mütəxəssisi Zülfiyyə Ələkbərova çıxış edərək bildirdi ki, 3D çap termini müxtəlif materiallarda hissə və məhsul istehsalı üçün tam spektr təklif edən bir çox proses və texnologiyanı əhatə edir. 3D çap üçölçülü rəqəmsal modeldən fiziki cismin düzəldilməsi prosesidir.
Məruzəçi bu texnologiyanın istifadə qaydalarından bəhs edərək qeyd etdi ki, CAD (Computer-Aided Design) əsaslı proqram təminatından istifadə etməklə obyektin rəqəmsal 3D modeli yaradıldıqdan sonra “çap et” düyməsi sıxılır. Mövcud obyektlərin rəqəmsal modellərini nüsxələmək üçün 3D skanerdən istifadə edilir. 3D əsaslı proqramın köməyilə 3D model yaratmaq, bundan əlavə, 3D skanerin köməyilə istənilən fiziki cismi 3D modelə çevirmək də mümkündür.
3D çap və əlavə istehsal barəsində danışan Z.Ələkbərova istehsal texnologiyalarının 3 qrupa bölündüyünü dedi. Qeyd etdi ki, bunlara subtraktiv, formativ və əlavə istehsal prosesləri (3D çap) daxildir.
“3D çap olaraq da tanınan əlavə istehsal daha yüngül, daha güclü hissələr və sistemlər yaratmağa imkan verən sənaye istehsalına transformativ yanaşmadır. Komponent müxtəlif təbəqələrdən ibarətdir. Adətən proses aşağıdan yuxarıya doğru aparılır. Müxtəlif proseslər bir-birinin ardınca təkrarlanır”, - deyə o, əlavə etdi.
Məruzəçi 3D çap sənayesi üçün istifadə olunan materiallara metal, polimer, keramika, smart və xüsusi materialların daxil olduğunu vurğuladı.
Z.Ələkbərova bu texnologiyanın növlərindən də söhbət açdı. Bildirdi ki, ASTM (American Society for Testing and materials) standartına əsasən 3D çap texnologiyaları bəzi fərqliliklərinə görə 7 qrupda kataloqlaşdırılmışdır. Bunlara fərqli tikinti mexanizmləri, qiymət nöqtələri, materiallar və fərqli istifadə aiddir.
O, diqqətə çatdırdı ki, Sənaye 4.0 olaraq adlandırılan sonuncu sənaye inqilabı Əşyaların İnterneti (IoT) və xidmətlərə əsaslanan kiber-fiziki istehsal deməkdir. Sənaye 4.0 süni intellekt, robototexnika, kvant hesablama, Big data, bulud texnologiyaları, 3D çap və Əşyaların İnterneti kimi sahələrdəki inkişafları özündə birləşdirir. Bütün bu sahələr bir araya gələrək fiziki və virtual dünyaya inteqrasiya etdikdə 4-cü sənaye inqilabına səbəb olur. Əlavə etdi ki, 3D çap sənayesinə aerokosmik, avtomobil, qida, səhiyyə, inşaat, moda və elektron cihaz sənayesi daxildir.
Məruzəçi bu çap texnologiyasından istifadənin prototipləşdirmə, azhəcmli istehsal, fərdiləşdirmə, sərbəst dizayn imkanlarının mövcud olduğunu da diqqətə çatdırdı.
Sonda o, 3D çap texnologiyasının bütün dünyanı əhatə edən COVID-19 xəstəliyinə qarşı mübarizədə istifadəsindən də söhbət açdı. “Mövcud pandemiya zamanı COVID-19 virusu ilə mübarizədə 3D çapın insanları bəzi çətinliklərdən xilas etdiyini görürük. Təchizat zəncirlərini pozmağa davam edən və zəruri tibbi avadanlıqların çatışmazlığına səbəb olan COVID-19 ilə yeni bir dövrə qədəm qoyduğumuz zaman, 3D çap texnologiyaları köməyimizə çatır,”- deyə Z.Ələkbərova əlavə etdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.