01 aprel 2021-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev geniş tərkibdə keçirilən Elmi seminarın iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin iqtisad elmləri doktoru elmi dərəcəsini almaq üçün 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin rəsmi müzakirəsinə həsr olunduğunu bildirdi. Sonra akademik R.Əliquliyev AAK-ın mövcud Əsasnaməsinə uyğun olaraq Elmi Seminarın sədrliyinə Elmi Şuranın üzvü, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevi təklif etdi.
Seminarda müxtəlif informasiya texnologiyaları üzrə alim-mütəxəssislərlə yanaşı, müvafiq sahənin iqtisadçı alimləri də iştirak edirdilər. Tədbirdə 5 AMEA üzvü, 6 iqtisad elmləri doktoru, onlarla fəlsəfə doktorları iştirak edirdi. İclasa onlayn qoşulmaq üçün öncədən müvafiq təşkilatlara və mütəxəssislərə dəvətlər – “Zoom” linkləri göndərilmişdir.
Öncə elmi seminarın sədri AMEA-nın müxbir üzvü, t.e.d. Ramiz Alıquliyev iddiaçının elmi, pedaqoji, təşkilati və praktiki fəaliyyəti ilə bağlı ümumi məlumatları diqqətə çatdırdı.
Sonra dosent Əlövsət Əliyev “İnformasiya iqtisadiyyatı sektorlarının formalaşması problemlərinin tədqiqi və innovativ perspektivlərinin qiymətləndirilməsi” adlı dissertasiya işini təqdim edərək bildirdi ki, iş Giriş, 7 Fəsil, Nəticə, 393 adda Ədəbiyyat siyahısı, 57 Şəkil, 17 cədvəl və əlavələrdən ibarətdir.
İddiaçı mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açdı. Bildirdi ki, XX əsrin ikinci yarısından etibarən cəmiyyətin sosial-iqtisadi həyatında kompüter, informasiya və telekommunikasiya vasitələrinin rolunun artması, informasiyaya olan tələbatın getdikcə yüksəlməsi İKT-nin, həmçinin elmtutumlu yüksək texnologiya məhsullarının istehsalını dünya iqtisadiyyatının əsas sektoruna çevirmişdir. Nəticədə sənaye iqtisadiyyatının postsənaye dövrü və informasiya iqtisadiyyatı (İİ) ilə əvəzlənməsi prosesi başlanmışdır.
O xatırlatdı ki, supergüclü G7 dövlətlərinin qəbul etdiyi Qlobal İnformasiya Cəmiyyəti Xartiyasının çağırışlarına uyğun olaraq institut rəhbərliyinin tövsiyyəsi əsasında 2001-ci ildən etibarən Milli İnformasiya Cəmiyyəti quruculuğu istiqamətində tədqiqatlara başlamışdır. 2002-ci ildən başlayaraq İKT üzrə Milli Strategiya konsepsiyasına uyğun olaraq İnformasiya Cəmiyyətinin formalaşmasının iqtisadi problemlərini tədqiq etmişdir. 2003-cü ildən başlayaraq informasiya iqtisadiyyatı problemlərini araşdırmışdır.
Ə.Q.Əliyev qeyd etdi ki, son onilliklərin əsas inkişaf etmiş iqtisadi sistemlərindən biri olan İİ-nin formalaşması məsələlərinin həlli beynəlxalq iqtisadiyyatın əsas problemlərindəndir. Bu səbəbdən İİ sektorlarının formalaşmasının tədqiqinə və inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif səviyyələrdə yeni indikatorlar sisteminin və qiymətləndirmə indekslərinin işlənməsinə zərurət duyulurdu.
Alim dissertasiya işinin məqsədinin informasiya cəmiyyəti (İC) quruculuğunun iqtisadi bazası olan yeni tipli İİ sektorlarının problemlərinin tədqiqi əsasında onların konseptual həlli istiqamətlərinin təklif edilməsi, həmçinin İİ-nin hazırkı vəziyyətinin mövcud elmi-metodoloji və nəzəri əsaslarını inkişaf etdirməklə müvafiq modellərin, metodların, alqoritmlərin və mexanizmlərin işlənilməsi vasitəsilə onun sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi olduğunu diqqətə çatdırdı.
Müdafiəyə çıxarılan əsas müddəaları seminar iştirakçılarının nəzərinə çatdıran Ə.Əliyev bildirdi ki, buraya İKT sferasının və İİ-nin formalaşma xüsusiyyətləri, tendensiyaları, strateji inkişaf hədəfləri və idarəetmə problemləri, Regionların və iqtisadi fəaliyyət sahələrinin İKT əsasında inkişaf etdirilməsi problemlərinin həlli istiqamətləri, İnnovativ strukturların fəaliyyət göstəriciləri, kriteriyaları və modelləri, Müasir alqı-satqı, ödəniş texnologiyaları, vasitələri və sistemlərinin inkişafı problemlərinin həlli istiqamətləri, Davamlı sosial-iqtisadi inkişafın təminində yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalarının tətbiqi problemlərinin həlli istiqamətləri, İİ-nin yaşıllaşdırılması və inklüziv inkişaf səviyyəsinin ölçülməsi üzrə çoxsəviyyəli indekslər sisteminin, İİ-nin təhlili və ölçülməsi üzrə kompozit indekslər və indikatorlar sisteminin işlənilməsi, İİ-nin innovativ perspektivlərinin qiymətləndirilməsi modeli və onun sektorlarının inkişafı üzrə tövsiyələr və s. aiddir.
Alim tədqiqatın elmi yeniyindən söz açaraq dissertasiya işi çərçivəsində müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modelinin işlənildiyini və idarəetmə problemlərinin müəyyənləşdirildiyini, regional və iqtisadi fəaliyyət sektorlarının İKT əsasında idarə olunmasının səmərəliliyini yüksəltmək istiqamətlərinin təklif olunduğunu, davamlı iqtisadi inkişafın yaşıllaşdırılmasının, inklüzivliyinin yüksəldilməsi istiqamətləri və ölçülməsi indekslərinin təklif olunduğunu, onların hesablanması metodunun işlənildiyini, İİ-nin innovativ perspektivlərinin qiymətləndirilməsi modelinin, metodunun və alqoritminin işlənildiyini qeyd etdi.
İddiaçı Ə.Q.Əliyev bildirdi ki, “İnformasiya iqtisadiyyatının xüsusiyyətləri, elmi-nəzəri əsasları və formalaşma problemləri”nə həsr olunmuş I Fəsildə İİ-nin struktur xüsusiyyətlərini izah etmiş, qabaqcıl xarici ölkələrdə İİ-nin formalaşma və inkişaf tendensiyalarını tədqiq etmiş, müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modelini təklif etmişdir.
Dos. Ə.Əliyev işin II Fəslinin “İKT sektorunun rəqabətqabiliyyətli inkişaf potensialının formalaşdırılmasının innovativ xüsusiyyətləri və istiqamətləri”nə həsr edildiyini qeyd etdi. Ölkədə İKT-nin mövcud vəziyyətinin təhlili, onun iqtisadi inkişafda rolunun qiymətləndirilməsini, idxal olunan İKT məhsulları ilə İKT sektorunda məhsul/xidmət buraxılışı arasındakı ekonometrik asılılıqların modelləşdirildiyini diqqətə çatdırdı. İKT bazarının dünya üzrə ÜDM–in 6,5%-ni təşkil etdiyini, bəzi proqnozlara görə isə 2025-ci ildə onun dünya üzrə ÜDM-dəki payının 9%-ə çatmasının proqnozlaşdırıldığını qeyd etdi.
İddiaçı “Əsas sosial-iqtisadi fəaliyyət sektorlarının və proseslərinin İKT bazasında inkişaf etdirilməsi problemləri” adlanan III Fəsildə təhsil, səhiyyə, sosial-mədəni sahələrin iqtisadiyyatının İKT əsasında inkişaf etdirilməsi problemlərinin araşdırıldığını bildirdi. Bəzi müasir texnoloji innovasiya iqtisadiyyatı sektorlarının təklif olunuğunu dedi. Resurslardan effektli istifadə səviyyəsinin yüksəldilməsində, idarəetmə proseslərində İİS, CRM, ERP, BPM kimi müasir informasiya sistemlərinin tətbiq olunduğunu, mobil İnternet texnologiyalarının yaradılmasını, 4.0 Sənaye inqilabı komponentlərinin tətbiqini diqqətə çatdırdı.
“İKT əsaslı Milli İnnovasiya Sisteminin formalaşması və innovativ strukturların idarə olunmasi məsələləri”nə həsr olunmuş IV Fəsildə İKT yönümlü Milli İnnovasiya Sisteminin fəaliyyət göstərməsinin konseptual modelinin təklif olunduğunu, mürəkkəb strukturlu innovasiya müəssisələrində məhdud elmtutumlu resurslardan effektiv istifadə əsasında məhsul/xidmət istehsalı prosesinin ekonometrik modellər sisteminin işlənildiyini, müxtəlif profilli innovativ strukturlar şəbəkəsinin arxitektur-texnoloji struktur modelinin və effektiv informasiya təminatının arxitektur-texnoloji konseptual modelinin təklif olunduğunu bildirdi.
İddiaçı bildirdi ki, “Elektron ticarət və ödəniş texnologiyalarının tətbiqi xüsusiyyətləri və inkişaf problemləri”nə həsr edilmiş V Fəsildə informasiya iqtisadiyyatının formalaşmasında elektron ticarət və biznes texnologiyalarının spesifik xüsusiyyətlərini araşdırılmış, e-kommersiya sistemlərinin mövcud təşkilati-iqtisadi modellərini təhlil etmiş və ölkənin ÜTT-yə daxil olmaq istəyilə əlaqədaq zəruri problemlerin həllinin şərhini və mexanizmlərini təklif edilmişdir.
“Dayanıqlı və davamlı sosial-iqtisadi inkişafın təminində yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalarının tətbiqi problemləri və həlli istiqamətləri”nə həsr edilmiş VI Fəsildə yaşıl, inklüziv, dayanıqlı və davamlı iqtisadiyyata keçid üzrə beynəlxalq təcrübələri nəzərdən keçirən Ə. Əliyev informasiya iqtisadiyyatının İKT əsasında yaşıllaşdırılmasının, inklüzivləşdirilməsinin istiqamətlərini göstərdiyini və yaşıl innovativ iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün Regional Yaşıl İqtisadiyyat İndeksini təklif etdiyini qeyd etdi.
Dos. Ə.Əliyev “İnformasiya iqtisadiyyatının formalaşma səviyyəsinin ölçülməsi və innovativ perspektivlərinin qiymətləndirilməsi”nə həsr edilmiş VII Fəsildə informasiya iqtisadiyyatının formalaşma səviyyəsinin ölçülməsi metodikalarının müqayisəli təhlilini apardığını, informasiya iqtisadiyyatının qiymətləndirilməsi prosesinin modelləşdirdiyini, informasiya iqtisadiyyatının və onun sektorlarının innovativ perspektivlərinin qiymətləndirdiyini bildirdi. İnformasiya və biliklər iqtisadiyyatının qiymətləndirilməsi üçün Kompozit indekslər sisteminin, informasiya və biliyin hesabına formalaşan ÜDM-in hesablanması metodikasının, informasiya iqtisadiyyatı sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi üçün ekspert qiymətləndirməsinə əsaslanan təkmilləşdirilmiş və modifikasiya olunmuş metodun alqoritmik mərhələlərinin işlənildiyini diqqətə çatdırdı.
İddiaçı mövzu üzrə tədqiqatlarının nəticəsi kimi Azərbaycan iqtisadiyyatının intellektual formalaşması dövründə müəssisələrin yeni bilik istehsal edən, özünü və əməkdaşlarını intellektual inkişaf etdirən özünəməxsus tədqiqat mərkəzlərinə çevriləcəyini bildirdi. İntellektual iqtisadiyyatın 1) təhsil sistemi, 2) İKT infrastrukturu, 3) innovasiya sistemi, 4) institutsional mühit kimi baza dayaqları əsasında yeni iqtisadiyyatın intellektuallaşma, institutsionallaşma, ekolojiləşdirmə, sosiallaşma istiqamətlərində əsas prinsip və prioritetlərini formalaşdırmağın zəruriliyini diqqətə çatdırdı. İntellektual iqtisadiyyatın formalaşma və inkişafının əsas baza xüsusiyyətləri və prinsiplərin təklif olunduğunu bildiirdi.
Dos. Ə.Əliyev 1-7-ci fəsillərdə baxılan məsələlərin, eləcə də onların nəticəsi kimi sonda təklif olunan iqtisadiyyatın informasiyalaşdırılması və kütləvi rəqəmsallaşdırılması vasitəsilə onun intellektuallaşdırılması istiqamətlərinin ölkə rəhbərliyinin 2 fevral 2021-ci il tarixində qəbul etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləriylə tamamilə uzlaşdığını və onların icrasına elmi dəstək xarakterinə malik olduğunu bildirdi.
Məruzəçi dissertasiyanın yekun bölməsində işdə yerinə yetirilən elmi-nəzəri məsələlərin həlli prosesində alınmış əsas elmi-metodoloji və metodiki nəticələri seminar iştirakçılarının diqqətinə çatdırdı.
O, dissertasiya işinin əsas nəticələri üzrə 150-dən çox elmi işi olduğunu bildirdi. Lakin tövsiyələrə müvafiq olaraq 52 elmi nəşrin, o cümlədən beynəlxalq bazalarda indeksləşən 18 jurnal məqaləsinin, 20 Azərbaycan AAK-ın tövsiyyə etdiyi respublika səviyyəli jurnal məqaləsinin və 14 beynəlxalq səviyyəli konfans materialının avtoreferatın son layihəsinə daxil etdiyini qeyd etdi. Əlavə etdi ki, həmin işlərdən 14-ü “Web of Science” (WoS) bazasında, 15-dən çoxu isə EconLit, ERIH PLUS, İNSPEC və s. kimi dünyanın digər beynəlxalq bazalarında indeksləşmiş jurnallarında nəşr edilmişdir.
İddiaçının geniş məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – iqtisad elmləri doktorları AMEA İqtisadiyyat İnstitunun şöbə müdiri, professor Təbriz Əliyev, ADİU-nun “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rəsul Balayev və AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, t.e.d., professor Məsumə Məmmədova işi yüksək qiymətləndirərək fundamental tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildirdilər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, eləcə də irad və təkliflərini səsləndirdilər.
Sonra İddiaçı AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun, iqtisad elmləri doktoru, professor Yadulla Həsənlinin, t.f.d., dosent Rəşid Ələkbərovun t.f.d., dosent Yadigar İmamverdiyevin çoxsaylı suallarını cavablandırdı.
Dissertasiya işi üzrə elmi məsləhətçi – AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkdi. Elmi məsləhətçi iddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Alim işin yüksək səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın 5306.01 – “Texnoloji innovasiyalar iqtisadiyyatı” ixtisası üzrə doktorluq dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və iddiaçının dissertasiya işinin müdafiəyə tövsiyə olunduğunu söylədi.
Daha sonra dissertasiya işi ətrafında müzakirələr aparıldı. Müzakirələrdə AMEA-nın müxbir üzvü, i.e.d., professor Qorxmaz İmanov, i.e.d., professor Yadulla Həsənli, iqtisad elmləri doktoru Arzu Hüseynova, t.f.d., dosent Rəşid Ələkbərov, t.f.d., dosent Yadigar İmamverdiyev İddiaçının yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış iş olduğunu, onun həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirdilər və müdafiəyə tövsiyyə etdilər.
Professor Q.İmanov bildirdi ki, dünya iqtisadiyyat elminin aktual problemlərindən birinə həsr olunmuş dissertasiya işi, həm də dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın iqtisadçı alimlərinin qarşısına qouyduğu mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində əldə olunan ən mühüm nailiyyətlərdəndir.
Prof. Y.Həsənli öz çıxışında çox vacib və aktual məsələyə həsr olunmuş doktorluq dissertasiyasının yüksək səviyyədə işlənildiyini, tədqiqat zamanı ekonometrik və optimallaşdırma modellərindən istifadə edildiyini, iqtisad elminin inkişafı istiqamətində mühüm nəticələrin əldə olunduğunu diqqətə çatdırdı.
İ.e.d. Arzu Hüseynova dissertasiya işində müdafiəyə çıxarılan əsas müddəaların hər birinin Azərbaycanda iqtisad elminin gələcək inkişafı baxımından yeni tədqiqat işlərinin meydana gəlməsinə əsas verdiyini söylədi.
Tədqiqat işinin çox vacib və aktual bir məsələyə həsr olunduğunu deyən Y.İmamverdiyev aparılan müzakirələrin dissertasiya işinin məntiqi tamamlanmış elmi tədqiqat işi olduğunu sübut etdiyini söylədi. Bildirdi ki, tədqiqat zamanı qarşıya qoyulmuş məsələlər tamamilə uğurla həll olunmuşdur.
R.Ələkbərov İddiaçı Ə.Əliyevin bir alim kimi əldə etdiyi nailiyyətlərindən başqa, həm də təhsil sahəsində uğurlu pedaqoji fəaliyyətindən danışdı. Həmçinin qeyd etdi ki, iddiaçının 30-a yaxın elmi əsərinin beynəlxalq bazalarda indeksləşən nüfuzlu jurnallarda çap olunması dissertasiya işinin əhəmiyyətini və elmi yeniliyini bir daha sübut edir.
Müzakirələrə yekun vuran seminarın sədri, AMEA-nın müxbir üzvü R.Alıquliyev Dissertasiya işinin əhəmiyyətini önə çəkdi. O İddiaçının tədqiqat zamanı kifayət qədər mühüm elmi nəticə və yeniliklərin əldə etdiyini söylədi. O öz tövsiyyələrini də bildirərək qeyd etdi ki, bir sıra irad və təkliflər nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə keçirilməsi məqsədəuyğundur.
İddiaçının yekun sözləri dinlənildikdən sonra Elmi seminarda tam tərkibdə açıq səsvermə keçirildi. Dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasına yekdilliklə qərar verildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.