"Elm günü"nə həsr olunan "Rəqəmsal iqtisadiyyatın müasir formalaşma və inkişafı problemləri" elmi seminarı keçirildi

19 Mart 2021 - 16:24 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin “Elm gününə həsr olunmuş “Rəqəmsal iqtisadiyyatın müasir formalaşma və inkişafı problemləri” mövzusunda onlayn elmi seminarı keçirildi.

Seminarı giriş sözü ilə açan institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev bildirdi ki, hazırda Azərbaycanda elmin təbliği və Elm günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Elmin inkişafı ilə əlaqədar olaraq AMEA-nın perspektiv elmi-tədqiqat istiqamətləri qəbul olunub, müvafiq sahələrdə kadr və struktur islahatları aparılır. Elmin məhsuldar qüvvəyə çevrilməsi üçün səmərəli elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması yolu ilə qeyri-neft sektorunun inkişafı həyata keçirilməlidir. Belə aktual istiqamətlərdən biri də məhsulların, müəssisələrin, texnologiyaların rəqəmsallaşdırılması, ümumilikdə rəqəmsal iqtisadiyyat sektorlarının daha da sürətli formalaşdırılması və inkişaf etdirilməsidir.

Sonra şöbənin böyük elmi işçisi Roza Şahverdiyeva məruzəni təqdim  edərək rəqəmsal iqtisadiyyata mövcud yanaşmalar, onun formalaşması mərhələləri və xüsusiyyətləri, rəqəmsal iqtisadiyyatın dünya ölkələrində inkişaf tendensiyaları və Azərbaycan iqtisadiyyatının inkişafında İKT-nin tətbiqinin perspektiv istiqamətləri haqqında ətraflı məlumatı seminar iştirakçılarının diqqətinə çatdırdı.

Son zamanlar “Rəqəmsal iqtisadiyyat” termininin elmi ictimaiyyətdə, bir çox iqtisadi forumlarda və mətbuatda istifadə olunduğunu bildirən R.Şahverdiyeva dünya iqtisadiyyatında baş verən irəliləyişləri xarakterizə etmək üçün təklif olunmuş yeni terminin yaranma tarixindən söz açdı.

“Rəqəmsal iqtisadiyyatın bəzi əhəmiyyətli təsirlərini artıq indidən sadalamaq olar: Əhali və biznes getdikcə onlayn qarşılıqlı fəaliyyətə, xidmətə keçir, canlı əmək robotlaşdırılmış şəkildə həyata keçirilir, yeni növ malların, o cümlədən insan orqanlarının kompüterləşdirilmiş istehsalına daha çox diqqət yetirilir, Əşyaların İnterneti yaranır, yeni pul növləri formalaşır, “Rəqəmsal şəhər” ideyası reallığa çevrilir”, – deyə məruzəçi söylədi. Rəqəmsal iqtisadiyyatın mahiyyəti və məzmunu ilə bağlı vahid yanaşmanın hələ mövcud olmadığını qeyd edən R.Şahverdiyeva bildirdi ki, rəqəmsal iqtisadiyyat e-biznes və e-kommersiyanın e-məhsul və xidmətlər sistemi, İKT-dən istifadəyə əsaslanan iqtisadi münasibətlər sistemi, rəqəmsal texnologiyalara istinadla biznes modellərin, menecmentin və istehsal üsulunun məcmusu, idarəetmə proseslərinin avtomatlaşdırılmasına istinad edən dövlətin təsərrüfat fəaliyyətidir, obyekt və proseslərin, əmtəə, tələb, təklif, xidmətlər, müxtəlif idarəetmə modellərinin elektron məkana köçürülməsidir.

Daha sonra məruzəni şöbənin magistrantı Gülnarə Quliyeva davam etdirdi. Rəqəmsal iqtisadiyyatın mənfi və müsbət xüsusiyyətlərindən bəhs edən G.Quliyeva qeyd etdi ki, vaxta qənaət, ticarət üçün xərclərin azaldılması, böyük fərdiləşdirmə, insanlar üçün evdə işləmək imkanı, daha çox əlverişli imkanların yaranması və inkişaf etməkdə olan dünya üçün faydaların artmasını onun üstünlüklərindən hesab etmək olar. Daha az ünsiyyətin olması, texnologiyadan ciddi asılılığın yaranması, məxfilik məsələlərinin azalması, ənənəvi iqtisadiyyat amillərinin iş yerlərində pozulma hallarının və potensial ekoloji xərclərin artması isə rəqəmsal iqtisadiyyatın çatışmazlıqlarındandır.

Onun sözlərinə görə, rəqəmsal iqtisadiyyatın məqsədi bütün sahələrdə rəqəmsal texnologiyaların sistemli tətbiqini və inkişafını təşkil etməkdir. Artıq bütün forumlarda, hətta Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda da IV Sənaye İnqilabına keçidin zəruriliyi qeyd olunur. Yaranmış şərait rəqəmsal texnologiyalara, onlayn tətbiqlərə ehtiyacın artmasını şərtləndirir. Bu da öz növbəsində, dünya ölkələrində dayanıqlı infrastrukturun qurulmasını vacib şərtlərdən biri edir.

G.Quliyeva bildirdi ki, hazırki dövrdə Azərbaycanın da əsas hədəfləri iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyat quruculuğu, texnoloji müstəqilliyin və infrastruktur təhlükəsizliyinin təmin olunması ilə ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsidir. Rəqəmsal iqtisadiyyatın formalaşması prosesini izləmək üçün elektron ticarət dövriyyəsi, onlayn mağazaların və ticarət platformalarının, kompüter istifadə edən və İnternetə çıxışı olan istifadəçilərin sayı, əhalinin kompüter savadlılığı səviyyəsi və s. kimi göstəricilərdən istifadə olunur.

Rəqəmsal iqtisadiyyatın dünya ölkələrində inkişaf tendensiyaları, müvafiq sahədə beynəlxalq təcrübə və mövcud vəziyyət haqqında məlumat verən məruzəçi Azərbaycan iqtisadiyyatının formalaşmasında və inkişafında İKT-nin tətbiqi problemləri, perspektiv vəzifələri və istiqamətlərindən söz açdı. Qeyd etdi ki, İKT dövlət strukturlarını, qeyri-dövlət və özəl təşkilatları, iqtisadi-sosial, elm-təhsil, ictimai-siyasi, mədəniyyət və s. sahələri əhatə etməkdədir. Azərbaycanda formalaşmaqda olan yeni iqtisadiyyatın baza sahəsi kimi İKT sferasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi işlənilmişdir. Məqsəd ölkədə müvafiq dövlət sektorunun səmərəli fəaliyyət göstərməsi, əhalinin sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi, təhsilin, maliyyənin, ümumiyyətlə iqtisadiyyatın rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun sürətli inkişafı, ölkənin İKT sənayesinin potensialının daha da artırılmasıdır.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Məruzə ilə əlaqədar fikirlərini bölüşən Ə.Əliyev bildirdi ki, İKT-nin inkişafı informasiyanın, yeni əlaqə vasitələrinin əlyetərliliyini, istehsal proseslərinin təşkilini və bir çox iqtisadi fəaliyyət növlərinin səmərəliliyinin artmasını təmin edir. İnkişaf etmiş ölkələrin təcrübəsi əsasında təsdiq etmək olar ki, səmərəli İKT infrastrukturunun yaradılması milli iqtisadiyyatın inkişafını, əlverişli biznes mühitin yaradılmasını, xarici investisiyaların ölkəyə cəlb olunmasını, işsizliyin aradan qaldırılmasını stimullaşdırır.

İKT-nin iqtisadi faktor kimi rolunun artması iqtisadiyyatdakı struktur dəyişiklikləri ilə bağlıdır. Bu dəyişikliklər iqtisadiyyatın sənaye sektorunda məşğul olanların payının azalması, informasiyanın yaradılması, emalı və istehlakı ilə bağlı sektorlarda işləyənlərin payının artması ilə xarakterikdir. Azərbaycanın regionları arasında, əsasən kənd yerlərində rəqəmsal fərq hələ də güclüdür. Məhz buna görə də İKT üzrə dövlət proqramında regionlarda İKT-nin inkişafına xüsusi diqqət yetirilir. Regionlarda İKT-nin geniş tətbiqi və elektron hökumətin formalaşdırılması, inkişaf etdirilməsində əsas məqsəd effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünüidarəetmənin həyata keçirilməsidir.

“Aparılan araşdırmalar belə nəticəyə gəlməyə imkan verir ki, qabaqcıl ölkələrdə əsas inkişaf trendlərindən biri də rəqəmsal iqtisadiyyat sektorlarının inkişaf etdirilməsidir”, – deyə bildirən Ə.Əliyev baza hesab olunan İKT infrastrukturu və yüksək texnologiyalar sferalarının formalaşdırılması və müvafiq problemlərin həll edilməsinin zəruriliyini qeyd etdi. Rəqəmsal iqtisadiyyatın ölkədə inkişafı ilə əlaqədar problemlərin həllinə elmi dəstək göstərilməsinin son dərəcə vacib olduğunu nəzərə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.